Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Liman şəhərinin sakinləri ilə görüşüb

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Liman şəhərinin sakinləri ilə görüşüb
11:47 15 Yanvar 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Liman şəhərində səyyar qəbul-görüşü keçirib.
"Report" xəbər verir ki, görüşdə ŞİH Aparatının, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, Liman şəhərinin ağsaqqalları, ziyalıları, ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 500 nəfər iştirak edib.
Rayonun Liman şəhərinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəxtiyar Səfərov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu inkişaf kursunun bəhrələri Lənkəran və Liman şəhərlərinin də simasını tamamilə dəyişib. O qeyd edib ki, aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri şəhər sakinləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanır.
Liman bələdiyyəsinin sədri Çingiz Əsədullayev, Liman şəhər Ağsaqqallar Şurasının sədri Səyavuş Süleymanlı, Liman şəhər xəstəxanasının baş həkimi Naib Zeynalov, Qunbaşı kənd məktəbinin müəllimi Şakir Qasımov çıxış edib. Onlar ərazidə və bütövlükdə rayonda həyata keçirilən quruculuq işlərindən geniş danışıblar. Çıxış edənlər Azərbaycan Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti müdafiə etdiklərini bildirərək ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti ilə əldə olunan və cənab Prezident İlham Əliyevin ardıcıl səyləri ilə möhkəmlənmiş siyasi sabitliyin, əminamanlığın heç bir qüvvənin poza bilməyəcəni, Azərbaycan xalqının heç vaxt buna imkan verməyəcəyini qeyd ediblər və yanvarın 12-də  bir qrup şəxs tərəfindən ölkənin bəzi yerlərində, o cümlədən Liman şəhərində ictimai asayışın pozulmasına göstərilən cəhdi yolverilməz səhv hərəkət kimi qətiyyətlə pisləyiblər və belə halların bir daha təkrarlanmaması üçün bütün ictimaiyyəti ayıq-sayıq olmağa, heç bir düşmən təxribatına uymamağa çağırıblar. 
Çıxış edənlər eyni zamanda Liman xəstəxanası və şəhər 2 saylı məktəb üçün yeni binaların tikintisi, xəstəxanaya təcili tibbi yardım maşınının ayrılması, uşaq bağçalarının əsaslı təmiri, şəhər stadionu üçün yerin müəyyən edilməsi, avtobus dayanacaqlarının qoyulması, bazarın və avtovağzalın tikilməsi, içməli su xəttinin çəkilməsi, məhəllə yollarının təmiri, əhalinin məşğulluğu və sair məsələrlə bağlı təkliflərini irəli sürüblər.
Verilən təklifləri və fərdi müraciətləri dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verən icra hakimiyyətinin başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq Liman şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi davamlı diqqətinin parlaq nümunəsi olduğunu bildirib. O qeyd edib ki, son illərdə Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə Lənkəran rayonu sürətlə inkişaf edərək ölkənin ən yaraşıqlı şəhərlərindən birinə çevrilib: "Sevindirici haldır ki, Liman şəhəri də bu qayğıdan bəhrələnərək daha da abadlaşıbdır".
T.Qaraşov vurğulayıb ki, şəhərdə mərkəzi küçələr asfaltlanıb, yeni körpü tikilib, səkilər bərpa olunub, köhnə qaz xətti yenisi ilə əvəzlənib, yeni elektrik kabelləri, müasir transformatorlar, küçə işıqlandırıcıları qüraşdırılaraq əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı tam təmin edilib, çoxmərtəbəli binaların dam örtükləri dəyişdirilib. 
Bütün dünyanı bürüyən iqtisadi böhranın ən güclü dövlətləri belə çətin vəziyyətə saldığı bir vaxtda bu işlərin davamlı olaraq həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artması hesabına başa gəldiyini vurğulayan icra hakimiyyətinin başçısı bu inkişafın Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam edəcəyini, hər bir ölkə vətəndaşı kimi hər bir Liman sakinin də həyat şəratini, rifah-halını daha da yaxşılaşdıracağını, o cümlədən görüşdə qaldırılan məsələlərin vaxtında həllini tapacağını əminliklə bildirib.  



Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/lenkeran-seher-i-cra-hakimiyyetinin-bascisi-liman-seherinin-sakinleri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR