BDU əməkdaşlarının maaşı yenidən artırıldı

BDU əməkdaşlarının maaşı yenidən artırıldı
12:13 15 Yanvar 2016
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan vətəndaşlarının sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetini təşkil edir. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında da Prezident İlham Əliyev bu sahədə islahatların aparılmasında israrlı olduğunu bir daha qeyd edib, mərkəzi icra orqanlarını, cavabdehlik daşıyan qurumları bu istiqamətdə fəallığa çağırıb. Ölkədə aparılan islahatlarda həmişə insan amilini ön sıraya çəkən Prezident tərəfindən əmək haqlarının və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması hökumət qarşısında əsas məsələ kimi qoyulub.

Son illər Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının əmək şəraitinin və maddi rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən Bakı Dövlət Universitetinin Elmi Şurası büdcə imkanlarını nəzərə alaraq, BDU-nun bütün əməkdaşlarının əmək haqqının tutduğu vəzifədən asılı olaraq artırılmasını qərara alıb. BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bu qərara əsasən, rektor tərəfindən 2016-cı ilin fevral ayının 1-dən etibarən üç mindən çox universitet əməkdaşının əmək haqqının ilkin mərhələdə 200 manatadək artırılması barədə müvafiq əmr imzalanıb.

Bununla yanaşı, differensasiya əsasında elmi-pedaqoji fəaliyyəti ilə fərqlənən 300 nəfərdən çox professor-müəllim heyətinin və elmi işçilərin əmək haqqının əlavə olaraq ayda 100 manat artırılması barədə də qərar qəbul edilib. Onu da xatırladaq ki, ötən ilin sonunda universitetin hər bir əməkdaşına birdəfəlik mükafat verilmişdi.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR