Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də “Mühasirə” adlı tarixi-xroniki sənədli filmin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, film Azərbaycanın ən yeni tarixində baş vermiş döyüşlər zamanı Milli Ordumuzun göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs edir.
Tamaşaçıların ixtiyarına verilən bu ekran əsəri Azərbaycan Milli Ordusunun çağdaş tarixinin bir sıra mühüm məqamlarına işıq salmaq baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğu, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvasından didərgin düşdüyü bir vaxtda Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət nümayiş etdirən hərbi hissələrin şəxsi heyətinin rəşadətli döyüş yolundan bəhs edən bu film gənclərimizdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsində mühüm rol oynayacaq.