Azərbaycan torpaqlarının işğalına laqeyd münasibət Ermənistanı arxayın salır

Azərbaycan torpaqlarının işğalına laqeyd münasibət Ermənistanı arxayın salır
13:48 15 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Vyana, 15 yanvar, AZƏRTAC
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT-ə yeni sədrin fəaliyyətə başlaması ilə əlaqədar bəyanat yayıb.
Əvvəlcə bəyanatda ötən günlərdə İstanbulda törədilmiş və Almaniya vətəndaşlarının da həlak olduqları dəhşətli terror aktına görə Türkiyə və Almaniyaya başsağlığı verilir.
Bəyanatda Almaniyanın ATƏT-də sədrliyi təşkilatın dərin böhran dövründə öz üzərinə götürdüyü qeyd edilir. Bildirilir ki, ATƏT-ə üzv ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq hüquqla tanınmış sərhədlərinin pozulması cəhdləri, ikili standartlar və Helsinki Yekun Aktının prinsiplərinin selektiv tətbiqi, ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasının üç əsas ölçüsünə xas olan balansın pozulması bu böhranın kökündə dayanan səbəblərdir.
Qeyd edilir ki, mövcud böhranların aradan qaldırılması üçün daha çox dialoq, qarşılıqlı anlaşma və konstruktiv yanaşmaya ehtiyac var. Bu baxımdan ATƏT öz geniş təhlükəsizlik konsepsiyası və iştirakına görə unikal platformadır. Azərbaycan Almaniyanın ATƏT-ə sədrliyi dövründə ATƏT məkanında dialoqun yenilənməsi, etimadın yenidən qurulması və təhlükəsizliyin bərpası istiqamətindəki niyyətlərini alqışlayır və əməkdaşlığa hazır olduğunu bəyan edir.
Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur. Qeyd edilir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması danışıqlarda həlledici irəliləyişin əldə edilməsi üçün əsas maneədir. Buna əsas səbəb isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz qoşunlarını işğal edilmiş ərazilərdən tam və qeyd-şərtsiz çıxarmalı olan Ermənistana heç bir təzyiqin göstərilməməsidir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qeyri-qanuni mövcudluğu ilə bağlı nümayiş etdirilən barışıq mövqeyi Minsk qrupu həmsədrlərinin sülh prosesini monopoliyaya alması cəhdləri ilə müşayiət olunur və münaqişənin siyasi yolla həllinə yönələn xarici yardımların qarşısını alır. Nəticədə ATƏT-in və onun Minsk qrupunun münaqişənin həllində rolu həmsədrlərin formal dəstəklənməsi ilə məhdudlaşır, onun iştirakını heçə endirir. Azərbaycan ərazilərinin işğalına laqeyd münasibət Ermənistanı arxayın salır, lakin bu, birgə dəyərlərimiz və qəbul olunmuş prinsiplərimiz üçün zərərlidir.
Bəyanatda ATƏT-in suverenliyi və ərazi bütövlüyü pozulmuş üzv dövlətlərlə həmrəylik nümayiş etdirəcəyinə inam ifadə olunur: “Biz hələ də böyük ümid bəsləyirik ki, ATƏT bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün təməl haqlarının pozulmasının davam etməsindən narahatlıq nümayiş etdirəcək. Biz münaqişə zonasında vəziyyətin pisləşməsini müntəzəm olaraq diqqətə çatdırmalı və sülh prosesində tərəqqiyə maneələri üzə çıxarmalıyıq”.
Bununla bağlı Azərbaycan Almaniya sədrliyini Vyanada ATƏT-in Minsk qrupunun rolunu yenidən canlandırmağa və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələni ATƏT gündəliyində ən yüksək pilləyə qaldırmağa çağırır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_torpaqlarinin_isgalina_laqeyd_munasibet_Ermenistani_arxayin_salir-918723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR