20 Yanvar – Qəhrəmanlıq salnaməsi

20 Yanvar – Qəhrəmanlıq salnaməsi
14:03 15 Yanvar 2016
61 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” mövzusunda sərgi-tədbir keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki mühüm rolundan söz açıb, bu qanlı terror aktına hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb.
Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 20-də sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi amansız cinayət nəticəsində çoxsaylı vətəndaşlarımız böyük sarsıntılara məruz qalıb. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edən və azadlıq, müstəqillik, suverenlik ideyalarını dəstəkləyən xalqı cəzalandırmaq məqsədilə Bakıya hücum edilib. Təcavüz nəticəsində 147 mülki şəxs öldürülüb, 744 nəfər yaralanıb, yüzlərlə insan itkin düşüb.
Bildirilib ki, həmin vaxt qətlə yetirilənlər arasında uşaqlar, qadınlar, gənclər və yaşlılarla yanaşı, Bakıda yaşayan müxtəlif millətlərin nümayəndələri də olub. Həmin gün xalqımız misli görünməmiş bir faciə yaşayıb. Bu faciə Azərbaycan tarixinə “Qara Yanvar” kimi həkk olunub.
Tədbirdə Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi üzvlərinin ifasında 20 Yanvar faciəsi ilə bağlı şeirlər səsləndirilib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 20 Yanvar faciəsini özündə əks etdirən müxtəlif kitablar və rəsmlər nümayiş etdirilib.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar___Qehremanliq_salnamesi-918729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR