Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub
14:38 15 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 15 yanvar, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyinə həsr olunmuş birincilikdə 60-dan çox dəri əlcək sahibi qüvvəsini sınayıb.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası ilə Naxçıvan Şəhər Gənclər İdman İdarəsinin birgə təşkil etdiyi birinciliyin açılış mərasimində çıxış edən muxtar respublikanın Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Canməmməd Canməmmədov ilk olaraq nazirliyin 90 illik yubileyi münasibətilə idmançıları təbrik edib. Bildirilib ki, son illər muxtar respublikada boksun inkişafı istiqamətində mühüm addımlar atılıb. Məhz bunun nəticəsidir ki, bu gün Naxçıvan boksçuları ölkəmiqyaslı turnirlərdə və beynəlxalq arenalarda arzuolunmaz rəqib siması formalaşdırıblar.
Sonra federasiyanın sədr müavini Məmmədcəfər Əliyev yarışın qaydaları haqqında idmançılara məlumat verib. Birinciliyin reqlamentinə əsasən, gənclər (1998-1999-cu illər təvəllüdlü) və yeniyetmələr (2000-2001-ci illər təvəllüdlü) müvafiq olaraq 6 və 9 çəki dərəcəsində rinqə çıxıblar.
Birincilikdə yüksək fəallıq göstərən gənclərin mübarizəsində Hikram Bayramov (60 kiloqram), Yenisey İmanov (64 kiloqram), Əjdər Məmmədov (69 kiloqram), Məhəmməd Bayramov (75 kiloqram), Toğrul İsmayılov (81 kiloqram) və Nihad Orucov (91 kiloqram) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Yeniyetmələrin mübarizəsində Ülvi Süleymanov (40 kiloqram), Kənan Şəfiyev (44 kiloqram), Muxtar Fərzəliyev (48 kiloqram), Səttar Seyidov (52 kiloqram), Kamran Allahverdiyev (56 kiloqram), Aydəniz Məhərrəmov (60 kiloqram), Cəmil Cəmilli (63 kiloqram), Abbas Fərəcli (66 kiloqram) və İman Vəliyev (70 kiloqram) qalib adını qazanıblar.
Sonda qalib gələn idmançılar diplom və fəxri fərmanlarla təltif olunublar.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_uzre_Naxchivan_seher_achiq_birinciliyine_yekun_vurulub-918746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR