Azərbaycanlı səfir: "Əslində şərab vermək istəyirdik"

Azərbaycanlı səfir: "Əslində şərab vermək istəyirdik"
15:26 15 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov ailəsi ilə bağlı yayılan qalmaqallı xəbərə aydınlıq gətirib. Səfir mətbuatda yayılan məlumatların heç bir əsası olmadığını deyərək , bu məlumatları yayanları kəskin şəkildə qınayıb.

E.Zeynalovun ANS PRESS-ə verdiyi məlumata görə, həyat yoldaşı Nəzirə Zeynalova Latviyada sürücülük vəsiqəsi almaq üçün heç də Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD) müfəttişlərinə 500 avro təklif etməyib. Sadəcə imtahanı uğurla keçdiyi üçün Yeni il ərəfəsində müfəttişə minnətdarlıq və hədiyyə olaraq 50 avro pul vermək istəyib. Amma müfəttişlər tərəfindən bu birmənalı qarşılanmayıb.


Latviya,Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD)

"Bilirsiniz, əslində etiraf etməliyəm ki, biz təşəkkür əlaməti olaraq həmin müfəttişə Azərbaycan şərabı hədiyyə etmək istəyirdik. Lakin sonra düşündük ki, söhbət polis və sürücüdən gedirsə şərab hədiyyəsi düzgün seçim deyil. Ona görə də Nəzirə xanım 50 avro pul təklif etdi. 500 yox... Sadəcə o məmur görüb ki, bu səfir xanımıdır, qorxuya düşüb ya nədirsə öz idarələrinə bunu rüşvət kimi təqdim edərək məlumat verib. Onlar da buranın Xarici İşlər Nazirliyinə məlumat veriblər. Nazirlikdən isə mənə təəssüflə "heyif ki, o məmur bunu belə anlayıb” dedilər və buna görə narahat olmamağımı bildiridlər. Çünki onlar mənim fəaliyyətimi çox yaxşı bilirlər. Burada hər şey açıq-aşkar bəllidir".


Elman Zeynalov - Azərbaycanın Latviyadakı səfiri


Elman Zeynalov Vyana konvensiyasına müvafiq olaraq bu cür məsələlərdə cinayət işi açılmadığını bildirərək, xanımına qarşı iddia qaldırılmasını təkzib edib. Onun sözlərinə görə, ümumiyyətlə Latviyada sürücülük məktəbi DİN-ə tabe deyil və ona görə də mətbuatda adı hallandırılan müfəttişlər, onların yaydığı informasiyalar həqiqəti əks etdirmir.

Səfir adıçəkilən şəxsləri də araşdırıb və Latviya Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasında bu adda şəxslərin işləmədiyini ortaya çıxarıb.



Yalan məlumatları yayanları məsuliyyətsizlik, tərbiyəsizlikdə ittiham edən səfir Bakıya dönəndən sonra bu məsələyə bir səfir kimi yox, sadə vətəndaş kimi yanaşacağını bildirib.

"Artıq mənim bu ölkədəki səfir səlahiyyətim başa çatıb və mən ölkəmizə geri çağırılmağımı gözləyirəm. Düzdür bu mənim ailəmə, xüsusilə xanımıma qarşı hörmətsizlik, böhtandır. Ona görə də ölkəyə geri qayıtdıqdan, yəni vəzifəmi təhvil verdikdən sonra bu iş nəzarətimdə olacaq və nə edəcəyimi özüm bilirəm".


Azərbaycan səfiri xeyriyyə yarmarkasında - sağdan 4-cü

Ötən gün səfir Elman Zeynalovun xanımı Nəzirə Zeynalovanın Latviyada 5 mərhələli sürücülük imtahanından uğurla keçsə də, sonuncu, ən çətin imtahanı keçə bilmədiyi və sürücülük vəsiqəsini ala bilməməsi barədə məlumat yayılıb. Ona qarşı Latviyada cinayət işi açıldığı və bu işə Antikorrupsiya bürosunun baxdığı deyilirdi. Səfirin həyat yoldaşına cinayət işi açılmasına səbəb kimi onun Latviyada sürücülük vəsiqəsini “azərbaycansayağı almaq” cəhdi olub. Belə ki, xanım Zeynalova xüsusi kurs keçmədən və digər formal prosedurlara əməl etmədən sürücülük vəsiqəsini pulla almağa cəhd göstərib. Bu məqsədlə o, Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD) müfəttişlərinə müraciət edərək sürücülük vəsiqəsini almaq üçün onlara 500 avro təklif edib.

Qeyd edək ki, Elman Zeynalov 1993-cü ildən diplomatik xidmətdədir. Ukraynadakı səfirlikdə və XİN-in mərkəzi aparatında işləyib. 2005-ci ildə Bolqarıstanda səfir olub, daha sonra Latviyaya səfir təyin edilib. Səfirlik müddəti bitdiyindən onun yaxın günlərdə geri çağırılacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR