Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycanda elektrik enerjisinin istehsalı üçün müvafiq infrastruktur inkişaf etdirilir, o cümlədən yeni elektrik stansiyaları yaradılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində deyilir. Bildirilir ki, ötən il açılışı olmuş “Göyçay” su elektrik stansiyası (SES) hazırda elektrik enerjisi istehsal edir, gücü 1,4 meqavat (MVt) olan “Balakən” kiçik SES-də isə test rejimində elektrik enerjisi istehsal olunur. 2011-ci ildə təməli qoyulmuş, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının 400 MVt gücündə yeni 2-ci həmdövrəli buxar-qaz enerji blokunun, Lerikdə gücü 16,5 MVt olan modul tipli elektrik stansiyasının, 2 dövrəli 35 kilovoltluq (kV) elektrik verilişi xətlərinin və 2 ədəd 35 kV-luq yarımstansiyanın, gücü 1,5 MVt olan “ İsmayıllı-2” kiçik SES-in , “Oğuz-1,2,3” və “Astara” kiçik SES-lərinin də tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. Kiçik SES-lərin mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur. Mingəçevir və Varvara SES-lərində yenidənqurma işləri başa çatmaq üzrədir. Gücü 920 MVt olan “Yaşma” istilik elektrik stansiyasının və “Yaşma” Buxar-Qaz elektrik stansiyasının tikintisinə hazırlıq işləri aparılır.