“Əsgərə məktub”

“Əsgərə məktub”
15:44 15 Yanvar 2016
56 Sosial
Ölkə mətbuatı
A- A+

 

Bilirəm, cənab əsgər, əsgərlik öhdəsindən o qədər də asanlıqla gəlinə biləcək bir peşə, bir vəzifə deyil. Əsgər olmaq böyük və müqəddəs bir amaldır. Sən də bu amal uğrunda silaha sarılıb, vətənin keşiyində dayanıbsan...

 

Sənin evin bizimkindən fərqli olaraq tozlu, torpaqlı, düşmən snayperlərinin nişangahındakı səngərdir. Hər anı ölüm saçan səngər... O səngər ki, sən orada addımladıqca, biz, bütün Azərbaycan xalqı düşmən tapdağı altındakı torpaqlarımızın tez bir zamanda işğaldan azad olunacağına böyük ümidlər bəsləyirik. Evinə çevrilən o səngərdə ayazlı, şaxtalı qış günlərinə baxmayaraq, sərt soyuğun belə gücü sənin cadarlanmış barmaqlarının hərəkətinə mane ola bilmir. Sən hədəfi dəqiq nişan alırsan... Belə də olmalıdır, çünki sən Azərbaycan əsgərisən...

 

Hə, artıq müstəqillik illərindəki kimi deyil. Azərbaycan özünün milli silahlarını istehsal edir. Bu sənin üçün əlavə üstünlükdür, cənab əsgər! Sən düşməni Azərbaycan istehsalı olan milli silahlarla məhv edirsən və məhv edəcəksən!

 

Hə, bir də tez-tez görürəm ki, vətən uğrunda ölməyə hazır olduğunu deyirsən. Belə də olmalıdır, amma unutma ki, sən ilk növbədə ölməyə yox, öldürməyə hazır olmalısan, Azərbaycan əsgəri!

 

Bunu da deyim, yadımdan çıxmadan. Anan, atan səndən sarı elə də narahat deyil. Çünki sizin üçün yeməkləri mülki aşpazlar bişirir. Sizin üçün dövlət hər cür şəraiti yaradır. Üst geyimlərin də təmizdir, səliqəlidir. Sənə olan qayğı, səndən gözləntilər çoxdur.

 

Geyindiyin hərbi forma, hərbi formanın üzərindəki Azərbaycan bayrağı, “Azərbaycan” kəlməsi sənin məsuliyyətini birə-beş artırır. Hə, Sən çətin və şərəfli bir yolda addımlayırsan...

 

Artıq 20 ildən çoxdur ki, Azərbaycanın, Azərbaycanımızın 20 faizdən çox müqəddəs torpağı mənfur düşmənlərin, ermənilərin tapdağı alındadır. Fərq etməz, erməni, ya qeyri-erməni, düşmənlərdən vətənimizi, vətənimizin hər qarışını qorumalısan. Hərbi andı qəbul edən zaman necə hayqırırdın?! “Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm”. Bilirəm ki, Sən Hərbi Andına sadiqsən...

 

Şuşa qalasında, Cıdır düzündə üçrəngli şanlı Azərbaycanın bayrağını sancacağına ümid çoxdur. Bir sözlə, ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!

 

Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR