Bakıda Rumıniya milli mədəniyyət günü qeyd edilib

Bakıda Rumıniya milli mədəniyyət günü qeyd edilib
16:43 15 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, Türkan Abdullayeva, AZƏRTAC
Yanvarın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Rumıniya milli mədəniyyət günü çərçivəsində “Rumın poeziya günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Rumıniyanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunub.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək yanvarın 15-nin Rumıniya mədəniyyət günü kimi qeyd olduğunu vurğulayıb. Bildirib ki, Rumıniyanın müxtəlif ölkələrdəki səfirlikləri bu münasibətlə tədbirlər təşkil edirlər. Bugünkü tədbir də məhz o silsilədəndir. Direktor Azərbaycan və rumın ədəbiyyat nümunələrinin qarşılıqlı tərcümə olunduğunu söyləyib.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Aslan Cəfərov iki ölkə arasındakı əlaqələrin müstəqilliyimizin bərpasından sonra daha da inkişaf etdiyini söyləyib. O, rumın xalqının qədim mədəniyyətin daşıyıcılarından biri olduğunu vurğulayıb. Nazirliyin xalqların mədəniyyətinin möhkəmlənməsinə yol açan belə tədbirləri həmişə dəstəklədiyini bildirib.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Rumıniya mədəniyyət gününün rumın ədəbiyyatının ən görkəmli nümayəndəsi Mixay Emineskunun adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bu əlamətdar günün Bakıda qeyd edilməsindən qürur duyduğunu söyləyən səfir tədbirin təşkilinə dəstək göstərənlərə minnətdarlıq edib.
Diplomat Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu vurğulayaraq, ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrdən söhbət açıb. O, Azərbaycanda Rumıniya mədəniyyəti ilə bağlı keçirilən tədbirlər barədə məlumat verib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid, Bakı Dövlət Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Nüşabə Sadıxlı mədəniyyətin, ədəbiyyatın xalqları birləşdirmək istiqamətindəki rolunu vurğulayaraq, Azərbaycan-Rumıniya ədəbi əlaqələrindən söz açıblar. Dilimizə tərcümə olunmuş rumın ədəbiyyatı nümunələri haqqında məlumat verilərək qeyd edilib ki, həm sovet, həm də müstəqillik dövründə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin də əsərləri rumın dilinə çevrilərək nəşr olunub.
Bildirilib ki, Mixay Eminesku az ömür sürməsinə baxmayaraq, rumın xalqına və eyni zamanda dünya ədəbiyyatına gözəl əsərlər bəxş edib.
Sonra Milli Kitabxananın bölmə müdiri, AYB-nin üzvü Fəridə Hacıyeva rumın şairi Mixay Emineskunun yaradıcılığından tərcümə etdiyi şeir nümunələrini səsləndirib.
Tədbir iştirakçıları rumın mədəniyyəti, ədəbiyyatı və tarixindən bəhs edən kitab sərgisi ilə tanış olub, həmçinin rumın mətbəx nümunələrindən dadıblar.
Qeyd edək ki, tədbirdən sonra Rumıniya səfirliyinin əməkdaşlarının, eləcə də Rumıniyanın Azərbaycandakı diasporunun nümayəndələrinin Mixay Emineskunun Bakıdakı abidəsini ziyarət etməsi nəzərdə tutulub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Ruminiya_milli_medeniyyet_gunu_qeyd_edilib-918818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR