Yaşadığı mənzildə odlu silah aşkarlanan vəzifəli şəxs həbs edilib

18:48 15 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 14-də hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şakir Hacıyevin paytaxtın Binəqədi rayonu ərazisində yaşadığı mənzildə axtarış aparılarkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilərək saxlanılan odlu silah hesab olunan “Makarov” tipli tapança və həmin silaha aid içərisində 5 ədəd 9 millimetr kalibrli patron olan sandıqça aşkar edilərək götürülüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.
Həmin cinayətin Şakir Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib və barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR