İmam: “Sünnilərlə şiələrin eyni məsciddə namaz qılması başqa ölkələrdə görünməz haldır”

İmam: “Sünnilərlə şiələrin eyni məsciddə namaz qılması başqa ölkələrdə görünməz haldır”
19:19 15 Yanvar 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

 “Mən bir sıra ölkələrdə olmuşam və bu ölkələrdəki gedişat mənim üçün maraqlı idi. Çünki Azərbaycanda gördüklərimi o ölkələrdə görə bilmirdim".

 

APA-nın məlumatına görə, bunu “Multikulturalizm ili” çərçivəsində Heydər Məscidində qılınan vəhdət namazı ilə bağlı əhli-sünnə üzrə aparılan namazlara müvəqqəti rəhbərlik edən imam Hafiz Abbasov bildirib.

 

İmam deyib ki, o və əhli-şiə məzhəbi üzrə aparılan namazlara müvəqqəti rəhbərlik edən axund Rüfət Qarayev bu gün burada hər iki məzhəbin nümayəndəsi olaraq qılınan cümə namazında iştirak ediblər: “Olduğum müsəlman ölkələrində əhli-sünnə üzrə qılınan namazların icra olunduğu məsciddə əhli-şiənin namaz qılması görünməz hal idi. Eyni zamanda, əhli-şiə məscidi olaraq bilinən məsciddə əhli-sünnənin namaz qılması görünməz hal idi. Azərbaycan məscidlərinin əksəriyyəti isə məzhəbindən asılı olmayaraq, hər kəsin üzünə açıqdır, hər kəs məscidlərimizdə heç bir təzyiqə məruz qalmadan, namazlarını rahat şəkildə qıla bilər. Biz Heydər Məscidində daha önəmli addım atmışıq, heç bir fərqi ortada görmədikdən sonra birlikdə namaz qılmışıq. Bu il “Multikulturalizm ili”dir. Biz də burada qıldığımız vəhdət namazları ilə “Multikulturalizm ili”nə öz töhfəmizi vermiş sayılırıq”.

 

Cümə namazı və Vəhdət Günü münasibətilə xalqı təbrik edən axund Rüfət Qarayev isə qeyd edib ki, cümə namazının vəhdət şəklində qılınması xalqın öz istəyidir: “Birgə namaz qılınması hər iki məzhəb nümayəndələrinin təklifidir. Allaha həmd olsun ki, biz buna nail olduq, bu gün Heydər Məscidində hər iki məzhəb nümayəndələri birgə namaz qılırlar. Bu vəhdət münasibətilə bir daha xalqımızı təbrik edirik. İnşallah, ümid edirik ki, bu vəhdət namazları öz töhfələrini verəcək”.

 

Heydər Məscidinin dini rəhbəri Hacı Sabir məscidin Qafqazda ən böyük məscid olduğunu nəzərə çatdırıb: “Digər məscidlərdən fərqli olaraq, Heydər Məscidində nəzir qutuları yoxdur. Belə razılığa gəldik ki, burada nəzir qutusu olmasın. İşçilərimizin maaşları Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ödənilir. Məscidin Bakı şəhər İcra Hakimiyyətinin balansında olması işlərimizin xeyli irəli getməsində bizə yardımçı olur”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR