Riqada barrikadaların müdafiəçilərinin xatirəsi anılıb

Riqada barrikadaların müdafiəçilərinin xatirəsi anılıb
21:13 15 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Riqa, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Riqada, Latviya Elmlər Akademiyasında “Barrikadalar: antidemokratik idarəçiliyə qarşı vətəndaş müqaviməti və ibrət dərsləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfrans 1991-ci ildə yanvarın 20-də Riqada baş vermiş faciəli hadisələrin 25-ci ildönümünə həsr edilib.
Konfransın işində Latviyanın görkəmli ictimai-siyasi xadimləri, ölkədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycanı ölkəmizin Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov təmsil edib.
Xatirə tədbirində Latviya Prezidenti Raymonds Veyonisin konfrans iştirakçılarına müraciəti oxunub. Latviyanın sabiq prezidenti Karlis Ulmanis, Latviya Elmlər Akademiyasının prezidenti Oyarsa Sparitis, Litvanın Latviyadakı səfiri Riçardas Dequtis, Estoniyanın Latviyadakı səfiri Tonis Nirka çıxış ediblər.
Qeyd olunub ki, düz 25 il əvvəl Latviya paytaxtında faciəli yanvar hadisələri baş verib. Hadisələrə Latviya Seyminin Latviya Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannaməni qəbul etməsi səbəb olub. Bir müddət ölkədə ikihakimiyyətlilik hökm sürüb: SSRİ-nın bütün strukturları fəaliyyət göstərib, parlament və hökumət isə Latviya Respublikasının paralel strukturlarını formalaşdırıblar. İstər Baltik ölkələrindəki, istərsə də Bakıda və Tbilisidəki faciəli hadisələr arasında paralel aparılıb.
Ötən əsrin 90-cı illərində SSRİ rəhbərliyi Bakıda, Tbilisidə, Vilnüsdə və Riqada terror aktları törətməklə, imperiyanı qoruyub saxlamaq, xalqların azadlıq arzusunu qan içində boğmaq üçün ən amansız vasitələrə əl atıb.
Konfransda bildirilib ki, 1991-ci ilin yanvar hadisələri Baltik ölkələrinin beynəlxalq sistemdə münaqişələri necə həll etmək barədə nəticə çıxarmalarına imkan verib.
Sonra 1991-ci il yanvarında çəkilən “Barrikadalar” sənədli filminin premyerası olub.
Barrikadalar Muzeyinin təqdim etdiyi fotoşəkillərdən ibarət sərgi də təşkil olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Riqada_barrikadalarin_mudafiechilerinin_xatiresi_anilib-918968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR