20 Yanvar faciəsinin ildönümü Səbail rayonunda silsilə tədbirlərlə qeyd olunur

20 Yanvar faciəsinin ildönümü Səbail rayonunda silsilə tədbirlərlə qeyd olunur
21:38 15 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” Sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanıb və faciənin ildönümünün geniş şəkildə qeyd olunması nəzərdə tutulub.
İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, plana uyğun olaraq rayonun ali və orta təhsil müəssisələrində tədbirlər keçirilir, muzey və sərgi salonlarında fotosərgilər təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar fotostendlər düzəldilir. Anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilir, divar qəzetləri buraxılır. Orta və ali təhsil müəssisələrinin şagird və tələbələrin Şəhidlər xiyabanına ziyarəti təşkil olunur. Yanvar ayının 18-də rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr ediləcək.
Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hər il olduğu kimi, rayon rəhbərliyi, “20 Yanvar Cəmiyyəti”, Sosial Müdafiə Fondu və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə 20 Yanvar şəhidlərinin rayonda yaşayan ailələri və faciə zamanı əlil olmuş sakinlərlə görüş keçirilib. Görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olub. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olublar. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza hər zaman diqqət və qayğı göstərib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. İcra başçısı ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qayğının hər zaman diqqət mərkəzində olduğunu, onlara verilən təqaüd və müavinətlərin artırıldığını bildirib.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olmuş ən qanlı faciələrdəndir. Bu faciəyə ilk hüquqi qiyməti isə ulu öndər Heydər Əliyev verib. Bu gün Prezident İlham Əliyev həmin faciə zamanı həlak olanların ailələrinə və əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır.
Rayon icra hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rayon icra hakimiyyəti tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib və onlara ərzaq bağlamaları təqdim olunub.
Tədbirdə qeyd olunub ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçərişəhərdəki Cümə məscidində şəhidlərin xatirəsinə dualar oxunacaq, ehsanlar veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesinin_ildonumu_Sebail_rayonunda_silsile_tedbirlerle_qeyd_olunur-918978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR