Merkellə Davudoğlunun çoxdan gözlənən görüşü

Merkellə Davudoğlunun çoxdan gözlənən görüşü
17:36 16 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkellə görüşəcək.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüş gələn həftənin cümə günü, yanvarın 22-də baş tutacaq.

Bu barədə məlumat verən Angela Merkelin sözçüsü Steffen Seibert görüşün Türkiyə-Almaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində reallaşacağını bildirib.

Merkelin sözçüsü Türkiyə və Almaniya rəsmilərinin görüşündə əsasən Sultanəhməd meydanında 10 almanın ölümü ilə nəticələnən terror aktı, ümumilikdə terrorla mübarizə mövzusunun müzakirə olunacağını qeyd edib.


Steffen Seibert - Angela Merkelin sözçüsü


Avropaya miqrant axını da Davudoğlu və Merkelin müzakirə edəcəyi mövzular arasında olacaq.

Türkiyə ilə siyasi-iqtisadi münasibətlərin inkişafına önəm verən Almaniya kansleri ötən ilin oktyabrında bu ölkəyə səfər etmişdi. Onu Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbuldakı Dolmabağça sarayında qəbul etmişdi.

Həmin görüşdə əsasən Suriya qaçqınlarının vəziyyətinin müzakirə olunduğu bildirilmişdi.

Həmin vaxt Angela Merkel Türkiyəyə gəlməmişdən əvvəl Ankaranın Suriya qaçqınlarının Avropaya axınının qarşısını alarsa, Türkiyə vətəndaşlarının “yaşlı qitəyə” vizasız keçə biləcəklərini demişdi. Bu isə Türkiyədə siyasi rüşvət və ya qeyri-etik təklif kimi qiymətləndirilmişdi.


Angela Merkellə Əhməd Davudoğlunun Türkiyədəki görüşü


Bu baxımdan hər iki ölkə rəsmisinin növbəti görüşündə də əsas mövzulardan birinin məhz miqrant problemi olacağı şübhəsizdir. Çünki miqrantların Yeni il gecəsi Almaniyanın Köln, eləcə də bir sıra digər şəhərlərində törətdiyi silsilə təcavüz və cinayət hadisələri son günlər ən çox danışılan məsələlərdən oldu. Son vaxtlar bu problemin həllində aciz qalan Merkelin yenidən bu məsələdə Türkiyədən yardım istəyəcəyi də istisna deyil.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR