Penitensiar Xidmət: Məhkumların hüquqları və qanuni mənafeyi tam qorunur

Penitensiar Xidmət: Məhkumların hüquqları və qanuni mənafeyi tam qorunur
18:58 16 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC 
Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeli qurumlarında məhkumların sosial-məişət şəraitinin gərgin olması, o cümlədən ayrı-ayrı müəssisələrdə etirazların baş verməsi kimi həqiqətdən tamamilə uzaq məlumatlar yer alıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında maddi-məişət şəraiti, o cümlədən qida rasionu qanunvericiliyin tələblərinə uyğundur və lazım olan səviyyədədir. Müəssisələrin qış mövsümünə hazırlığı ilə bağlı bütün zəruri tədbirlər vaxtında görülüb. Xüsusi kontingentin saxlanılması, qidalanması, istiliyin təmin edilməsi, su, qaz, işıq ilə təminata dair heç bir çətinlik yaşanmır. Xüsusi kontingentin yaşayış təminatı ilə bağlı bütün ərzaq, geyim və digər sosial xidmətlər dövlət xərcləri hesabına həyata keçirilir.
Məhbusların saxlanması, qidalanması, asudə vaxtlarının səmərəli təşkili və cəza-icra qanunvericiliyində nəzərdə tutulan digər hüquqlardan tam istifadə etmələri Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı dəfələrlə yaxşılaşıb.
Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən mənfur qüvvələr ayrı-ayrı regionlarda bir qrup həmfikirlərinin iştirakı ilə təşkil etdikləri qanunsuz aksiyalar fonunda, mənafelərinə xidmət edən bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin aksiyaların miqyasını və təsirini genişləndirməyə səy göstərirlər.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qohumlarının və ictimaiyyətin nəzərinə çatdırılır ki, təqsirləndirilən şəxslərin və məhkumların hüquqları və qanuni mənafeyi dövlətimizin cəza-icra siyasətinə uyğun olaraq bütün sahələrdə tam qorunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Penitensiar_Xidmet_Mehkumlarin_huquqlari_ve_qanuni_menafeyi_tam_qorunur-919137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR