Taekvondoçu Radiq İsayev “Rio-2016” Olimpiya Oyunlarında medal qazanmağa iddialıdır

Taekvondoçu Radiq İsayev “Rio-2016” Olimpiya Oyunlarında medal qazanmağa iddialıdır
19:23 16 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AZƏRTAC 
Azərbaycan idmançıları bu ilin yayında Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına artıq 30 lisenziya qazanıblar. Olimpiya Oyunlarının taekvondo yarışlarında iştirakı təsdiqlənən və “Rio-2016”ya vəsiqə əldə etmiş hələlik yeganə taekvondoçu dünya və Avropa çempionu Radiq İsayevdir. O, “Rio-2016” Olimpiadasının medalçıları sırasında yer alacağına iddialıdır.
AZƏRTAC xəbər verir ki, ötən il Azərbaycan taekvondoçuları üçün böyük uğurlarla əlamətdar olub. Birinci Avropa Oyunlarında taekvondo üzrə milli komandamızın qazandığı medallar, habelə Radik İsayevin 14 il sonra dünya çempionatının qızıl medalını Azərbaycana gətirməsi, kişilərdən ibarət yığma komandamızın dünya kubokuna sahib olması ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılıb.
Bütün bu uğurlar Azərbaycanda idmana, o cümlədən taekvondonun inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. 2016-cı ildə taekvondoçularımızı daha ciddi sınaq gözlədiyini deyə bilərik.
Milli komandamızın lideri Radik İsayev həm özünün, həm də komanda yoldaşlarının yeni mövsümlə bağlı fikirlərini bölüşərək deyib: “Ötən il ölkəmiz üçün çox uğurlu oldu. Yalnız taekvondo deyil, idmanın digər növləri üzrə də çoxlu qızıl medal qazandıq. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və bu mötəbər yarışda idmançılarımızın yüksək nəticələr qazanması hər kəsi sevindirdi. Taekvondo yarışlarında ölkəmizi yüksək səviyyədə təmsil etdik. Ancaq təbii ki, bunlarla kifayətlənmək olmaz. Bu il bizi daha çətin sınaqlar gözləyir. “Rio-2016” Yay Olimpiya Oyunlarına ciddi hazırlaşırıq. Yeganə məqsədimiz yüksək nəticələr qazanaraq xalqımızı sevindirməkdir. Bunun üçün çox çalışmaq və məqsədə doğru inamla addımlamaq lazımdır”.
Mütəxəssislərin rəyinə görə, Radik İsayevlə yanaşı, komandamızın daha üç üzvü Olimpiya Oyunlarına lisenziya qazana bilər. Son dünya kubokunun ən yaxşı kişi taekvondoçusu seçilən Milad Beigi Hərçəqanı, eləcə də birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə və Fəridə Əzizova kimi təcrübəli taekvondoçular respublikamızı Braziliyada təmsil etməyə qadirdirlər. İnanırıq ki, onlar təsnifat yarışlarını uğurla keçə biləcək və məqsədlərinə nail olacaqlar. Ötən il taekvondoçularımızın qazandığı böyük uğurlar Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanmağa inancı daha da artırır.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taekvondochu_Radiq_Isayev_Rio_2016_Olimpiya_Oyunlarinda_medal_qazanmaga_iddialidir-919154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR