Azərbaycanda turizm informasiya mərkəzi şəbəkəsi genişlənir

Azərbaycanda turizm informasiya mərkəzi şəbəkəsi genişlənir
19:58 30 Dekabr 2014
164 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə Azərbaycan hökuməti ilə BMT-nin birgə layihəsi əsasında yaradılan, sonradan Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan ilk Turizm İnformasiya Mərkəzi 2005-ci ildən Xaçmaz rayonunda fəaliyyət göstərir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq bu gün ölkə üzrə 9 Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, bunlar Naxçıvan Muxtar Respublikası və paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala rayonlarında, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşir.

Yaxın vaxtlarda isə daha üç mərkəzin açılması planlaşdırılır. Bunlar İsmayıllı, Bərdə və Qəbələ rayonlarında olacaq. Mərkəzlər tərəfindən yalnız yerləşdiyi rayonun və ya şəhərin təbliği ilə deyil, həmçinin fəaliyyət dairəsində olan region barədə də iş aparılır.

Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaqdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.

Nazirliyin dəstəyi ilə Turizm İnformasiya mərkəzlərinin saytları yenidən hazırlanır və müxtəlif dillərdə turistlərin xidmətinə verilir. Buna misal olaraq "guba.travel" portalını qeyd etmək yerinə düşərdi.

Həmçinin mərkəzlərin işində effektliyin artırılması məqsədilə fəaliyyət planı hazırlanıb. Bununla yanaşı, mərkəzlər Bakı şəhərində təşkil olunan beynəlxalq turizm sərgisi ilə yanaşı, xaricdə keçirilən sərgilərdə iştirak təcrübəsini də genişləndirir.

Bu gün Turizm İnformasiya mərkəzləri tərəfindən yerli və xarici turistlərin məlumatlandırılması məqsədilə müvafiq layihələr həyata keçirilir. Belə ki, turistlərə aidiyyəti xidmətlərin göstərilməsi ilə bağlı informasiya mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir, mərkəzlər tərəfindən müxtəlif dillərdə reklam-çap məhsulları hazırlanır, turistlərin informasiya verilməsi ilə əlaqədar internet, telefon və əməkdaşlar tərəfindən birbaşa ofisdə xidmət göstərilir, həmçinin əməkdaşların xarici dil biliklərinin daim artırılması üzrə tədbirlər görülür. Bunlarla yanaşı, turistlərin müvafiq mehmanxanalarda yerləşdirilməsini, nəqliyyat xidmətini və yerli bələdçilərlə təmin edir, həmçinin ekskursiyalar təşkil edir.

Turizm İnformasiya mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR