Azərbaycanlılar necə həmrəy ola bilərlər?

Azərbaycanlılar necə həmrəy ola bilərlər?
22:12 30 Dekabr 2014
106 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunacaq. Əslində, çox gözəl bir haldır. Azərbaycanlılar, planetin hansı guşəsində yaşamalarından asılı olmayaraq, vahid orqanizm olduqlarını, bir nöqtəyə vurmağın vacibliyini, bir ideya ətrafında birləşməli olduqlarını yenidən xatırlayacaqlar.

Amma bu həmrəylik ilin yalnız bir günündə olmamalıdır. İnkişaf etmək, çiçəklənmək, gələcəyə daha inamla addımlamaq üçün azərbaycanlılar daim həmrəy olmalıdırlar. Əcəba, çoxmilyonluq xalq, o taylı da, bu taylı da, hansı ideya ətrafında birləşə bilər? Bu nə ola bilər? Hansı milli-mənəvi irsimiz, hansı ümumi təmas nöqtəmiz? Düşünməyinə dəyər. Və ilk olaraq da ağlımıza gələn Qarabağ dərdi, torpaq itkisidir.

Bu günün reallığı üçün azərvaycanlıları ətrafında daha sıx birləşdiməyə qadir olan ikinci bir amil yoxdur. Bu ümumi dərdimizə alternativ tapa bilmərik. Dilimiz ola bilərmi? Xeyr. Düzdür, Azərbaycan dili dövlət dilimizdir. Ancaq Azərbaycan ərazisində çox sayda xalqlar və etnik qruplar yaşayır ki, hərəsinin öz dili var. Bəs, din amili necə? Yəqin ki, burada da 100 faiz həmrəy olmadığımızı etiraf etmək məcburiyyətində qalacağıq. Azərbaycanda müsəlmanlarla yanaşı yəhudilər də, xristianlar da, bəhailər də, ateistlər də, deistlər də və s. yaşayırlar. Hətta islamın ardıcılları, hətta islamın bir məzhəbinin ardıcılları belə həmrəy ola bilmirlər, həmrəy deyillər. Hətta, deyərdik ki, bu sahədə fundamental fikir ayrılıqları var. Bəlkə, hansısa ailə və etik dəyərlər bizi vahid orqanizmə çevirə bilər? Bu da şübhəlidir. Çünki əvvəllər də bu sahədə fikir ayrılığı var idi. İndi isə, Qərbdən əsən küləklərin təsiri altında, qütbləşmə daha da qlobal xarakter alıb.

Bu sıralamanı davam etdirmək də olardı. Amma mənasız görünər. Artıq qeyd etdiyimiz kimi, Qarabağ, itirilmiş ərazilərimiz, bir qədər də ümumiləşdirsək – dövlət kimi varlığımız və ərazi bütövlüyümüz kimi bizi heç nə birləşdirə bilməz. Biz Azərbaycan vətəndaş olaraq bu vətənin hər bir qarışına sahib çıxmaq əzmindəyik. Hamımız bu məsələdə həmrəyik. Odur ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə hər kəsi təbrik etməklə yanaşı həm də üzümüzə gələn 2015-ci ilin nəhayət Qarabağ düyününün açılmasında müstəsna rol oynayacağına ümid edirik. Həmrəyliyimiz mübarək, azərbaycanlılar!

Islam.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR