Kütlələr sadizmə niyə meyllidir?

Kütlələr sadizmə niyə meyllidir?
22:57 30 Dekabr 2014
157 Sosial
Ölkə mətbuatı
A- A+

“Boyunduruq altında doğulan insanlar, kölə mühitində böyüdülüb tərbiyə edilirlər. Buna görə həmin insanlar siyasi iqtidarı təhlükəyə salacaq hansısa bir hərəkətə cəhd etməzlər. Bu cür bir hərəkətin ehtiva etdiyi azad düşüncədən və azad iradədən yoxsuldurlar. Mövcud vəziyyəti sevib mənimsəyər, bundan başqa həyat formalarının olduğunun ya da ola biləcəyinin fərqinə belə varmazlar”.
 
Praktik mənada heç də qeyri-tanış olmayan bu sözlər Fransada siyasi fəlsəfənin pionerlərindən biri, Mişel Montenin ən yaxın dostu olmuş Etyen de La Boesi (1530-1563) tərəfindən hələ universitet vaxtlarında (bəzilərinə görə 22 yaşında, Montenə görə 18) qələmə alınmış “Könüllü köləlik üzərinə notlar və ya Anti-Diktator” adlı qısa, ancaq zaman-məkan anlayışını aşıb universal, bir o qədər də aktual olan kitabından çıxarışdır. Ağır xəstəlik nəticəsində 32 yaşında həyata gözlərini yuman La Boesinin diktatura rejimi əleyhinə insanlara təsir edə biləcək romantizm timsalı bu cümlələri sonradan anarxistlərlə yanaşı, müasir dövrün reaksionar olmayan yazar və düşüncə adamlarının fikirlərinin formalaşmasında da mühüm rol oynamışdı.
 
Əslində, Etyen de La Boesinin demək istədiyi çox sadədir: Tiranların güc sahibi olmasının səbəbkarı xalqdır. Əgər cəmiyyət yuxarılardan şikayətçidirsə, günah elə insanların özündədir. Ancaq burada uzunmüddətli işgəncəyə çevriləcək (!) “günah” könüllüdür – metafizik metafora kimi Adəmin alma yeməsini xatırlamaq olar. Avtoritarlığın bir nöqtədə toplanması ilə kütlələrin itaətkarlığı arasındakı düz mütənasibliyin yaratdığı mühit tarix boyu müxtəlif cür olsa da, hər birindən çıxarıla biləcək ortaq sual “kütlələr sadizmə (niyə) meyillidir?” kimi provokativdir...
 
***
 
Kinonun başlıca təsir qüvvəsi olduğunu göstərən “68 hərəkatı”nın sosio-siyasi nəticələrinin yenicə hiss edildiyi Avropada, bu incəsənət qolundan ən yaxşı təsvir vasitəsi olaraq istifadə, özünü 1970-ci ildə çəkilmiş siyasi dram olan “Konformist” filmi ilə bir daha sübuta yetirdi. İtalyan kinorejissor Bernardo Bertoluççinin, müəllifi Alberto Moravia olan eyniadlı romanın leytmotivini əsas götürərək ekranlaşdırdığı filmin baş rolunu Jan-Lui Trentinyan (Jean-Louis Trintignant) ifa edir. Ehtiva etdiyi siyasi-sosial mesajlarla izləyicini düşünməyə vadar edən film, karyerasında üç Oskarı olan Vittorio Storaronun mükəmməl kinematoqraf işi ilə həm də bənzərsiz bir vizual keyfiyyətə malikdir.
 
Hadisələrin cərəyan etdiyi vaxt Mussolini faşizminin İtaliyanı ələ keçirdiyi 30-40-cı illərdir. Burjuaziya nümayəndəsi Marçello Kleriçi dövrün repressiv iqtidarı olan faşizm hökumətinə qoşulur və Fransada yaşayan anti-faşist müəllimini öldürmək üçün tapşırıq alır. Film Marçello timsalında elitar təbəqə başda olmaqla kütlələrin mövcud rejimə maneəsiz adaptasiya prosesini göstərməklə bu cür sosial passivliyi konformizmə bağlayır. “Konformist” sözü fransızcada “conformiste” olub “uyğun, uyumlu” kimi tərcümə olunsa da (ing. “conform”, “uyğunlaşmaq”), siyasi müstəvidə “sorğu-sualsız itaət edən, boyun əyən” mənalarına gəlir. Bəzən yanlışlıqla “rahatına düşkün” mənası ilə (ing. “comfort”) qarışdırılan konformist sözü, insanın psixoloji ehtiyacı kimi sosial həyatdakı rahatlığına (məsələn, sözdə “apolitik davranış”), “normal olma” cəhdlərinə eyham vurur. Ümumilikdə film, faşist diktaturasında formalaşan fərd vasitəsilə cəmiyyətə güzgü tutur və izləyicidən görüləni reallıqdakı surətlə (!) müqayisəyə çağırır.
 
***
 
Filmin ilk səhnələrində Kleriçinin faşizm girdabına yuvarlanması əks olunur. Kor radio aparıcısı İtali Montelari ilə söhbət əsnasında faşizmə inancın çox nadir olduğu, vətəndaşların “ya qorxudan ya da pula görə” bu yolu seçdiyini eşidirik. Bu cür ideoloji personalizasiyada Kleriçinin əsas məqsədi sonra aşkar olur. Belə ki, 13 yaşında olarkən ailə sürücüsü Lino tərəfindən təcavüzə uğraması və əlinə keçirdiyi tapança ilə onu öldürməsi protaqonistin həyatı boyu çəkdiyi mənəvi əzabın bazisidir. Baş vermiş hadisə ilə özlüyündə homoseksuallıq meyllərini kəskin şəkildə hiss etməyə başlayan Marçellonun bu “xəstəliy”i kənarlaşdırmaq üçün orta sinif burjua ailəsindən Culia adlı qızla evlənmə (istəmədən olsa belə) planları şüuraltına şüurlu təzyiqi göstərir. Burada seksualizmə dair müxtəlifliyi (filmdə homoseksualizm) qəbul etməyən ideoloji aparata xidməti, şəxsin mənfəəti xatirinə (unutma istəyi və ya “müdafiə mexanizmi”) sui-istifadəsi kimi də anlamaq olar. Bu yolda inancsız qəhrəmanımız hətta kilsədə günah çıxartmağa belə razıdır. Rejissorun ssenari ilə Culianın dilindən formallığa vurduğu eyham (“...zatən heç kim inanmır, rahiblər belə...”), dinin cəmiyyətdəki degenerasiyasını göstərir. Kleriçiyə lazım olan yeganə şey normal həyatdır: “...kiçik burjua qızı ilə evlilik, bayağılıq, ucuz fikirlər, mətbəx və yataq. Normal həyatın tərifi vətənsevər və faşist olmasındadır...”. Bu cür təsbitin nəzəri tərəfi üçün Dölöz və Qattarinin fikirləri olduqca aktualdır.
 
Həmin filosoflara görə totalitarizm ilə faşizm arasında ciddi fərq var. İlki nizam-intizamı və sosial-siyasi təzyiqi yuxarıdan aşağıya doğru qəbul etdirir; buna istər qanunvericiliklə, istər polis dəstəyilə ya da hərbi rejimlə nail oluna bilər. Faşizmdə isə cəmiyyətin “molekulyar” səviyyəsi hesab olunan ailə ön plandadır, yəni istiqamət aşağıdan yuxarıyadır. D. və Q. totalitar dövlətə (həmçinin koorporasiyalara) qarşı protest çıxışın daha asan olduğunu vurğulayır, nəinki repressiv gücünü ailədaxili və qonşuluq münasibətlərimizə, dilimizə və vərdişlərimizə, tanış və qeyrilərilə olan ünsiyyətimizə yeridən faşizmin mikro-siyasətinə qarşı. Filmdə Kleriçi və onun “kiçik ailə sevdası – normal həyat arzuları” fonunda təsvir edilən kütlələrin faşizm meyllərinin digər bir səbəbi kimi Vilhelm Rayxın bəzi mülahizələri var ki, bu da birbaşa analizin arealını genişləndirir...
 
*** 
 
Vilhelm Rayxa görə nevrotik və faşist tendensiyaların səbəbkarı olan seksual repressiya istismarın əsas dayaqlarından biridir. Onun fikrincə bədəndə başdan ayağa doğru seksual enerji axımı var və orqazmın əsas funksiyası da bu enerjinin boşaldılmasıdır. Ancaq seksual repressiya qurbanı olan fərdlərdə bu enerji sirkulyasiyası düzgün formalaşmır. Nəticədə bədənin müxtəlif bölgələrində, eləcə də, əzələlərlə bağlı, fiziki və nevrotik səviyyədə “xarakter zirehləri” adlanan maneələr əmələ gəlir. Əsasən, orta sinif patriarxal ailələrdə müşahidə edilən bu cür təzyiq hakimiyyətə itaəti daimi olaraq yenidən istehsal edir. Yəni valideynlərindən təzyiqə məruz qalan uşaqlar artıq potensial üsyankar tərəflərini “unudur” və öz uşaqlarına da eyni mövqeyi nümayiş etdirir. Psixoloji təzyiq sosial repressiyadan qeyri-şüurlu işləməsilə (qəbul edilməsilə) fərqlənir. Valideynlərin öz əsəb (angst) və irrasional qorxularını övladlarına ötürməsilə seksual arzuların utanc və günah kimi görünməsi prosesi cəmiyyətə yayılır.
 
Filmdə deyildiyi kimi, “düşünmənin bitib, hərəkətin başladığı yerdə faşizm başlayır”. Kleriçinin bu qədər itaətkar olmasına digər bir səbəb kimi Rayxın yuxarıdakı fikirləri göstərilə bilər. Qəhrəmanımızın mövcud hakimiyyətə bu qədər can yandırmasını həm də Freydin “sublimasiya”sı ilə də bağlamaq olar. İllərdir qaçdığı o irrasional fikirlərin – reallığın ortaya çıxmaması üçün Marçello hər şeyə hazırdır...
 
“...Faşizmdə isə cəmiyyət məqsəd, fərd isə vasitədir və faşizmin bütün ömrü, fərdləri öz ictimai məqsədləri üçün vasitə olaraq istifadə etməklə keçir...”
 
Benito Mussolinin faşizm doktrinasından olan bu çıxarılış, Kleriçinin narkotik aludəçisi olan anası ilə dəlixanaya yerləşdirilmiş atasını ziyarət etdiyi kadrlarda mərkəzə qoyulmalıdır. Əvvəla həmin səhnə dekorasiya baxımından gözəgəlimlidir: tamam ağ divarlarla əhatəyə alınmış yer. Ağ rəngin freydizmə görə interpretasiyası “təmizlik və həqiqət”dir; yuxuda ağ rəngin görülməsi təhtəlşüurun sənə müəyyən vəziyyətin doğruluğu ilə bağlı mesajıdır. Yəni dəlixana bir növ “həqiqətlər bataqlığı” kimi düşünülə bilər. Və dəli (!) olunan atanın sözləri: “...dövlət özünə fərdi örnək almazsa, fərd dövləti özünə necə nümunə götürə bilər..?”. İdeologiyadan sıyrılmış atanın bu sözləri Kleriçini hiddətləndirir, ondan daha sərt, avtoritar olmağı tələb edir, ona lağ etməyə başlayır, uşaqlığında danışdığı işgəncə hadisələrini xatırlatmağa çalışır. Nəticəsiz cəhdlər...
 
***
 
Marçellonun Fransa konspirasiyası ilə bağlı müəyyən qeydlər aparmaq olar. Professor Kuadri ilə dialoqundakı Platonun mağara metaforuna göndərmə etməsi və sonundakı faşist salamı, La Boesinin “azadlığın kölgəsini görmədən kölə olmağ”ı əyani sübut edir. Professorun həyat yoldaşı Annaya qarşı olan hissləri Marçellonu təzadlara yuvarlayır. Səhnələrin birində bir qrup uşaq tərəfindən səslənən “İnternasional marşı” isə sanki mövcud vəziyyətə alternativ irəli sürür. Sona yaxın professor ilə arvadının sui-qəsdi səhnəsində Marçello tərəddüdlərinin pik nöqtəsini yaşayır. Özü əlini qana bulamır, ancaq hadisənin gedişatına da maneə ola bilmir. Bu qəhrəmanımızın ən gücsüz vəziyyətidir. Çünki o sistemin kuklasıdır, əmrə tabedir.
 
Mussolini hakimiyyəti çökür, hər kəs sevinclidir, lakin dünənə kimi bu idarəçiliyə dəstək verirdilər. Bizim “inancsız” Kleriçi isə uşağı ilə yatmazdan əvvəl dua edir. Çöküşü seyr etmək üçün çıxdığı küçələrdə 13 yaşında öldürdüyünü fikirləşdiyi köhnə şoferləri Linonu görür. Qışqıraraq onu professorun qatili adlandırır. Bir növ “1917-ci ildə mənə etdiklərin 1938-ci ildə professorun həyatına başa gəldi” deməkdir bu. Elə bu səhnə ilə də rejissorun freydizmə bağlı təhkiyəsi məqbul nəticə ilə sonlanır. Məsələnin ironik tərəfi isə yeni sistemdə Kleriçinin edəcəyi ilk şeyin homoseksual istəklərini doyuzdurmaq olmasıdır...
 
***
 
“Artıq xidmət etməməyə qərar verdiyiniz an azad olacaqsınız. Əllərinizlə tiranı devirmək deyil sizlərdən istədiyim, sadəcə, onu dəstəkləməməyiniz kifayətdir. Həmin vaxt onu seyr edən siz olacaqsınız, dabanı qopmuş, öz ağırlığından düşüb parçalara ayrılmış əzəmətli bir heykəl kimi!”
 
Etyen de La Boesinin bu sözləri konformizmi aradan qaldırmaq üçün kifayət deyil. Hərəkət mütləqdir, ancaq şüurlu və konseptual...
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR