Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi başa çatıb

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi başa çatıb
04:39 31 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan ərazisindəki hissəsinin tikintisi başa çatdırılıb. BTQ layihəsinin Gürcüstan hissəsində heç bir problem yoxdur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri APA-ya açıqlamasında BTQ layihəsinin Gürcüstan tərəfinin tikintisinə rəhbərlik edən "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Gürcüstan filialının direktoru Qurban Piriyev deyib. Qurban Piriyev qeyd edib ki, yolun bu hissəsində sınaq qatarı xəttə buraxılıb. Axalkalakidən yola çıxan qatar dekabrın 26-da axşam Türkiyə ilə sərhəddəki Karçaxi stansiyasına çatıb.

 

Hazırda yolun Türkiyə ərazisindəki hissəsində işlərin cədvəl üzrə getdiyini bildirən Q.Piriyev deyib ki, burada xəttin uzunluğu 74 kilometrdir. Artıq tunellər tikilib və əsas yolda torpaqlama işləri aparılır. İşlərin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

 

 

Onun sözlərinə görə, layihə istifadəyə verildikdən sonra bu xətt ilə ildə 5 milyon ton yük daşınacaq və gələcəkdə bu yol ilə 15 milyon ton yük daşınmağı nəzərdə tutulub: “Bununla əlaqədar gələcəkdə yük daşımalarına tələbat artarsa, qoşa dəmir yolu tikiləcək”.

 

Q.Piriyev bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun yardımçı hissələr də daxil olmaqla Gürcüstan ərazisindəki ümumi uzunluğu 245 kilometrdən çoxdur. Bunun yalnız 185 kilometri birbaşa istifadə üçündür və baş yol hesab olunur.

 

“Buradan Türkiyə sərhədinə - Karçaxi stansiyasına qədər olan hissə Avropa standartlarına uyğun inşa olunub. Bu yola uyğun olaraq Almaniyadan yeni lokomotiv də alınıb.

Biz mənfi 12 dərəcədə, çöl şəraitində 2000-2500 hündürlükdə dəmir yolu xəttində təkərlərin dəyişməsini həyata keçirəcəyik. Avropada belə relyef şəraitli yük daşınma üçün nəzərdə tutulan dəmir yolu yoxdur. Cavaxetiya bölgəsində havaların sərt keçməsinə baxmayaraq çətin işləri yerinə yetirmişik. Kartsaxidə Avropa infrastrukturlarına uyğun obyektlər tikilib. Gürcüstan ərazisində BTQ layihəsinin tikintisinə  775 milyon dollar güzəştli şərtlərlə kredit ayrılıb", deyə Piriyev qeyd edib.

 

Qurban Piriyev açıqlamasında gələcək layihələr barədə də məlumat verib. "2014-cü ildə sınaq qatarı üçün yol hazırlanıb, 2015-ci ildə isə layihədə nəzərdə tutulan ümumi işlərimiz sona çatdırılacaq: "BTQ  dəmir yolu layihəsi Qarsa çatan kimi, Qarsdan Naxçıvana da 224 kilometr uzunluğunda yeni dəmir yolu çəkilməsi layihəsi var. Onun başlanma müddəti isə Azərbaycan və Türkiyə dövlətləri arasında aparılacaq danışıqlardan sonra məlum olacaq".

 

Q. Piriyev Almaniyanın "Ştadler" firmasından sərnişin qatarları alacaqlarını və vaqon tikintisinin Gəncədə də həyata keçiriləcəyini bildirib: "Bu yol 3 dövləti və Avropa ilə Asiyanı birləşdirir. Bu yol ilə yalnız yük deyil, eyni zamanda dostluq, qardaşlıq, ənənələr, xeyirxah işlər  daşınacaq. BTQ xalqlarla əlaqələr yaradır və onları birləşdirir".

 

Qurban Piriyev dəmir yolunun keçdiyi ərazilərdə yaşayan insanların bu layihəyə olan münasibətindən də danışıb və BTQ-nin 185 kilometr sahəsindən sonra olan 100 kilometr hissəsində qeyri-gürcü əhalisi yaşadığını bildirib:  “Ən ciddi problem dəmir yolunun Gürcüstanın Cavaxetiya bölgəsində, ermənilərin yığcam yaşadıqları ərazilərdən keçən hissəsində yaranıb. Ermənilər müxtəlif üsullarla yolu bağlamağa, təxribatlar törətməyə cəhd göstəriblər. Azərbaycanın və Gürcüstanın dövlət başçılarının səyi nəticəsində bu problem həllini tapdı. Bu problemin həllində biz prezident İlham Əliyevin qətiyyətinin, dəstəyinin və əzmkarlığının bir daha şahidi olduq. Məhz dövlətimizin başçısının səyi və qətiyyəti nəticəsində problem öz həllini tapdı. Buna görə, gürcü xalqı da Azərbaycan prezidentinə minnətdardır. Biz Azərbaycan dövlətinin söz sahibi olduğunu hər saniyə burada hiss etmişik. Güclü dövlətin vətəndaşı olmaq şərəfdir", deyə Qurban Piriyev vurğulayıb.

 

Q. Piriyev bildirib ki, BTQ layihəsinin Gürcüstan hissəsində ilk qatarın rəsmi sınaq mərasimi yaxın günlərdə Azərbaycan və Gürcüstan dövlətlərinin rəsmilərinin iştirakı ilə baş tutacaq.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR