Azərbaycanın prioritetləri

Azərbaycanın prioritetləri
11:03 31 Dekabr 2014
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycan həm daxili, həm də xarici siyasətdə bir çox uğurlara imza atdı.

Ölkəmizin dinamik inkişafının təmin edilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi baxımından 2014-cü ildə baş verən hadisələrin əhəmiyyəti olduqca böyükdür.

Ən başlıcası, insanlar üçün ən əhəmiyyətli amil olan daxili sabitlik və təhlükəsizlik yüksək səviyyədə qorunub saxlandı. Azərbaycanda daxili sabitliyi pozmaq istəyən qüvvələr bəzi cəhdlər etsə də, dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində həmin cəhdlərin qarşısı dərhal alındı.

Beynəlxalq aləmdə münasibətlər sistemində baş verən dərin böhrana, dünyada təhlükəsizliyə yaranmış yeni təhdidlərə, iqtisadi gərginliklərə baxmayaraq, ölkə başçısının həyata keçirdiyi düşünülmüş və balanslı siyasət nəicəsində bunların Azərbaycana heç bir təsiri olmadı. Bu il də Azərbaycan özünün sabit və təhlükəsiz ölkə statusunu nəinki qoruya bildi, daha da inkişaf etdirdi.

Azərbaycan yenə də mühüm beynəlxalq tədbirlərin keçirilmə məkanı oldu. ATƏT-in Baş Assambleyasının, 4-cü Beynəlxalq Humanitar Forumun və digər bu kimi möhtəşəm tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin təhlükəsizlik statusunu artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu da xeyli artırdı.

Eyni zamanda, Azərbaycan BMT, NATO, Avropa Şurası və digər beynəlxalq qurumlarda uğurlu fəaliyyətini və bu qurumlarla əməkdaşlığını davam etdirdi. 2014-cü ildə də regionda liderliyini qoruyub saxlayan və bir az da möhkəmləndirən Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, qonşu ölkələrlə, o cümlədən digər dünya dövlətləri ilə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirdi.

Təbii ki, ölkədəki siyasi sabitlik və təhlükəsizlik fonunda sosial-iqtisadi sahədə də böyük uğurlara imza atıldı. Azərbaycan əvvəlki illərdə olduğu kimi iqtisadi inkişafını davam etdirdi, bir sıra sosial proqramlar uğurla icra edildi, ən mühümü isə “Şahdəniz-2” müqaviləsi bağlandı, “TANAP” və “TAP” layihələri imzalandı, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla davam etdirildi. Təbii ki, bu uğurlar barədə çox danışmaq olar.

2014-cü ilin Azərbaycan üçün buraxdığı yeganə əsas problem Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi oldu. Təbii ki, bu münaqişənin həlli məsələsi təkcə Azərbaycandan asılı deyil. Burada bir çox amillər, ilk növbədə, Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması, münaqişənin həllində vasitəçi olan ATƏT-ni Minsk qrupunun həmsədr ölkələrinin Ermənistana heç bir təzyiq göstərməməsi, ədalətli mövqe nümayiş etdirməməsi və s. mövcuddur.

Ancaq Azərbaycan münaqişənin həllində öz qətiyyətli mövqeyini qoruyub saxladı, digər tərəfdən isə lazım gələrsə münaqişənin hərbi yolla həlli istiqamətində tədbirləri daha da intensivləşdirdi. Belə ki, Azərbaycan 2014-cü ildə öz hərbi potensialını daha da artırdı, ordunun maddi-texniki bazası, mənəvi-psixoloji vəziyyəti və döyüş hazırlığını daha da gücləndirdi.

Yenicə qədəm qoyduğumuz 2015-ci il də Azərbaycan üçün həm uğurlu, həm də məsuliyyətli bir il olacaq. Çünki bu il Azərbaycanda dünya idman tarixində mühüm bir hadisə olan ilk Avropa Oyunları baş tutacaq. Bu yarış Azərbaycanın dünyaya daha geniş təbliğ olunması, ölkənin beynəlxalq nüfuzunun daha da artırılması üçün mühüm hadisə olacaq. Lakin bu uğurlarla yanaşı, Azərbaycanı istəməyən bəzi qüvvələrin Azərbaycana qarşı təxribat, qarayaxma kampaniyaları da baş tutuacaq ki, bütün bunlara adekvat cavab vermək lazım gələcək.

Sözsüz ki, 2015-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün öz hücum siyasətimizi davam etdirəcəyik.

Digər tərəfdən isə bu il Azərbaycanda növbəti parlament seçkiləri baş tutacaq. Bu baxımdan daxili siyasətdə də proseslərin aktivləşəcəyi gözləniləndir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR