2014-ci ilin iqtisadi mənzərəsi

2014-ci ilin iqtisadi mənzərəsi
14:27 31 Dekabr 2014
203 Sosial
Ölkə mətbuatı
A- A+

Əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun (ÜDM) həcmi bu ilin dekabr ayına olan məlumata görə, 53,7 milyard manata bərabər olub.
 
Ötən ilin analoji dövrünə nisbətdə ÜDM-nin artım tempi 2,2% təşkil edib. ÜDM istehsalı qeyri-neft sektorunda 6,5% artıb, neft sektorunda isə 3,4% azalıb. Hesabat dövründə sənaye məhsulunun ümumi həcmi 29,8 milyard manata çatıb. Bunun 6,5 milyard manatı qeyri-neft sənayesinin payına düşüb. Bundan başqa kənd təsərrüfatı məhsullarının ümumi həcmi ötən illə müqayisədə 2,9% azalaraq 4,9 milyard manata bərabər olub. Nəqliyyat sahəsində 202,6 milyon ton yük daşınıb. İnformasiya və rabitə xidmətlərinin həcmi isə 1,46 milyard manata qədər yüksəlib. Bu sahədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə 14,2% artım müşahidə olunub. Əhalinin gəlirlər 33,6 milyard manatı, adambaşına düşən gəlirlər isə 3 min 573 manatı ötüb. Nominal orta aylıq əmək haqqı 2013-cü ilin noyabr ayına nisbətən 5,5% artaraq 441,8 manat səviyyəsinə qalxıb.
 
Sənaye sahəsində məhsul istehsalı keçən illə müqayisədə 1,5% azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6,6% artdığı halda, neft sektorunda 3% azalıb. Bu ilin yanvar-noyabr aylarında 38,4 milyon ton neft, 17 milyard kub metr qaz hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 4,7% artıb, neft hasilatı isə 2,8% azalıb. Sənaye məhsullarının 70,4%-i və ya 21 milyard manatı mədənçıxarma bölməsində, 23,4%-i yaxud 7 milyard manatı emal bölməsində istehsal olunub. Ötən illə müqayisədə qida məhsulları istehsalı 0,9%, geyim istehsalı 65% çox olub. 11 ay ərzində 19,8 milyard kVt.s elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,2% çoxdur.
 
Bu il qarğıdalı da daxil olmaqla 2 milyon 379,4 min ton taxıl, 819,5 min ton kartof, 1 milyon 181,6 min ton tərəvəz, 40,6 min ton pambıq, 844,6 min ton meyvə və giləmeyvə, 440,9 min ton bostan məhsulları, 147,6 min ton üzüm, 166,4 min ton şəkər çuğunduru, 459,2 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 421,1 min ton ət, 1 milyon 705,2 min ton süd, 1 milyard 425,6 milyon ədəd yumurta və 16,6 min ton yun istehsal olunub. Bostan məhsulları və yumurta istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə azalıb. Hesabat dövründə bitkiçilik məhsulları istehsalı 8,1%, heyvandarlıq məhsulları istehsalı 3% və kənd təsərrüfatının ümumi məhsulu isə 2,9% azalıb. Gələn ilin məhsulu üçün 969,2 min hektar sahədə şum qaldırılıb, 806,6 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq taxıl, o cümlədən 502,8 min hektar sahədə buğda, 303,8 min hektar sahədə arpa səpilib.
 
Cari ilin yanvar-noyabr ayları ərzində xarici ölkələrə 20,7 milyard dollar dəyərində məhsul satılıb. Ölkəyə gətirilən məhsulların dəyəri isə 8,1 milyard dollara bərabər olub. Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlar göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 11 ayı ərzində ixracın həcmi 5,8%, idxalın həcmi isə 16,6% aşağı düşüb. Nəticədə son bir il ərzində xarici ticarət dövriyyəsində 9,1% azalma qeydə alınıb. Cari ilin ilk 11 ayı ərzində xarici ölkələrə 19,1 milyard dollar dəyərində xam neft, neft məhsulları və təbii qaz satılıb ki, bu da ümumi ixracın 92,2%-ni təşkil edib. Bir il əvvəllə müqayisədə dəyər ifadəsində xam neft və təbii qazın ümumi ixracdakı payı azaldığı halda neft məhsullarının ümumi ixracdakı payı artıb. Son bir ildə xam neftin ixracı 5,5%, təbii qazın ixracı isə daha çox - 2,5 dəfə azalıb.
 
Mərkəzi Bankın (MB) sərəncamında olan valyuta ehtiyatları 14 milyard 996,3 milyon dollara bərabər olub. 2013-cu ilin dekabr ayında bu göstərici 13 milyard 742,5 milyon dollara bərabər olub. Dövlət Neft Fondunun sərancamında olan valyuta ehtiyatlarının həcmi isə 37 milyard 305,3 milyon dollar təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə Neft Fondunun valyuta ehtiyatları 3,9% artıb. 
 
İstehlak mallarının qiymətləri və xidmət tarifləri on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1,5% bahalanıb. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1,1%, qeyri-ərzaq mallarının qiymətləri 3,5% və xidmət tarifləri 0,4% bahalanıb.
 
Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 15,8 milyard manat daxil olub, büdcədən 13,9 milyard manat vəsait xərclənib. Büdcə xərclərinin 42%-i və ya 5,8 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3%-i (1,6 milyard manatı) səhiyyə və təhsilə, 11,7%-i (1,6 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldilib.
 
Büdcənin gəlirləri ilə xərcləri arasında 1,9 milyard manatlıq profisit yaranıb ki, bu da ÜDM-nin 3,9%-nə bərabər olub.
 
Əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 11,1% artaraq 7 milyard manat olub, onların 4,4 milyard manatı milli valyuta ilə, 2,6 milyard manatı isə xarici valyuta ilə qoyulub. Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 17,8 milyard manat məbləğində kredit verib, kreditlərin 79,2%-i uzunmüddətli olub, 5,3%-nin ödəmə vaxtı keçib.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR