Moskvada “Mən Azərbaycanı öyrənirəm” adlı elmi-yaradıcılıq müsabiqəsi keçirilib

Moskvada “Mən Azərbaycanı öyrənirəm” adlı elmi-yaradıcılıq müsabiqəsi keçirilib
19:27 31 Dekabr 2014
297 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 31 Dekabr 2014 19:21 ]

Moskva.Fərid Əkbərov - APA. “Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi” Moskva Dövlət Linqvistika Universitetində “Mən Azərbaycanı öyrənirəm” adlı elmi-yaradıcılıq müsabiqəsi keçirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, rusiyalılar arasında təşkil edilən müsabiqənin iştirakçıları ritm, esse və slayd-şou olmaqla 3 nominasiya üzrə Azərbaycan haqda bildiklərini nümayiş etdiriblər.

Bir neçə saat ərzində Rusiya vətəndaşları səhnədən Müslim Maqomayevin repertuarından mahnı ifa ediblər, Səməd Vurğunun şerlərinə müraciət ediblər. Slayd Şou nominasiyası üzrə Azərbaycan – Rusiya dövlətlərarası münasibətlərinin müəyyən mərhələləri haqda məlumatlar təqdim edilib.

Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik mərkəzinin rəhbəri Namiq Şahpələngov bu il müsabiqədə  iştirak üçün 120 ərizənin daxil olduğunu söyləyib. Onun sözlərinə görə, iştirakçıların böyük əksəriyyəti milliyyətcə ruslardır: " Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi bu müsabiqəni hər il keçirməyə qərarlıdır".

Moskva Dövlət Linqvistika Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) müəllimlərindən ibarət münsiflər heyəti adıçəkilən nominasiyalar üzrə 15 rusiyalı məktəbli və tələbəni mükafatlandırıblar. Müsabiqə iştirakçılarına Azərbaycanla bağlı suvenirlər hədiyyə edilib.

Onu da qeyd edək ki, “Mən Azərbaycanı öyrənirəm” müsabiqəsinin qaliblərinin Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi tərəfindən bu il Azərbaycana səfəri təşkil ediləcək. Səfər çərçivəsində yeniyetmə və gənclər Azərbaycanla əyani şəkildə tanış olacaqlar. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR