“Aygün Kazımova istəsə, Namiq Qaraçuxurlunu əvəzləyərəm”

“Aygün Kazımova istəsə, Namiq Qaraçuxurlunu əvəzləyərəm”
12:12 1 Yanvar 2015
191 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az “Qəbələ” klubunun müdafiəçisi Ruslan Əmircanovun apasport.az saytına müsahibəsini təqdim edir. 
- 2014-cü il sizin üçün nə ilə yadda qaldı?

- Karyeramda elə də parlaq dövr olmadı. “İnter”lə mövsümə pis başlasaq da, 2014-cü ilin mayında ikinci pilləni tutduq. Hansı ki, çempionatın əvvəlində cəmi 3 xalımız var idi. Fikirləşirdik ki, hər şey əldən getdi. Amma sonda məqsədimizə çatdıq. Yayda isə komandamı dəyişdim, “Qəbələ”yə keçdim. Bu klubun şəraitini görən hər bir futbolçu burda oynamaq istəyir. Gizlətmirəm, “Qəbələ”nin şərəfini qoruduğuma görə, xoşbəxtəm. Rəhbərlik də futbolçuların qayğısına qalır. Ancaq arxada qalan ildə çox zədələndim. Martda belimdən zədə aldım, bir müddət kənarda qaldım. “Qəbələ”yə keçdikdən sonra da zədədən qaça bilmədim. Bilmirəm, bəlkə də pis gözlər imkan vermədi. “Şiroki Briyek”lə matçdan əvvəl zədələndim və oynaya bilmədim. Sonra 7 - 8 turda komandama kömək eləsəm də, sonra yenə analoji səbəbdən kənarda qaldım. Futbolçu karyeramda 2014-cü il xoşagəlməyən il oldu. Psixoloji zərbələr aldım. Daim oynayan futbolçu üçün kənarda qalmaq heç də yaxşı hal deyil.
 
- Bu sual ünvanlanan zaman əksəriyyət yalnız iş həyatı barədə danışır. Bəs şəxsi həyatınızda hansı yeniliklər oldu?
 
- Hələlik subaylığın daşını atmamışam. Düzdür, 29 yaşım var və evlənmək zamanıdı. Bu haqda düşünürəm. Ortada ciddi bir şey yoxdu.
 
- Ciddi nəticənin olmaması nə ilə bağlıdı: seçim edə bilmirsiniz, yoxsa axtardığınızı tapmamısınız?
 
- Axtardığım qızı tapmışam, sadəcə, yola gətirə bilmirəm. Hələ naz eləyir. Əslində, bu yaxşı əlamətdi. Onun naz eləməsi xoşuma gəlir. Əgər ciddi münasibətdən söhbət gedirsə, bu cür addımı dəstəkləyirəm. Pozitiv enerji alıram. Yoxsa yaxınlaşan kimi desin ki, hə ay Ruslan, mən də səni sevirəm. Belə münasibət mənə lazım deyil.
 
- Şaxta babadan nə istədiniz?
 
- Bütün dostlarıma, qohumlarıma, tanışlarıma can sağlığı istədim. Bəzən elə olur ki, milyonların olsa belə, tutulduğun xəstəlikdən qurtula bilmirsən. Pulun nə qədər çox olsa da, canın sağlam olmadı, heç nə. Canın sağ, ağlın başında olandan sonra bir tikə çörəyi hər yerdən qazanmaq mümkündü. Şaxta baba bir simvoldu. Təbii ki, biz arzularımızı Allahın çin etməsini istəyirik.
 
- Şaxta baba olmaq təklifi alsaydınız, kimin Qar qız olmasını istərdiniz?
 
- Aygün Kazımovanı seçərdim. Onu pərəstişkarıyam. Həm müğənni, həm də qadın kimi xoşuma gəlir. 20 il əvvəl necə görmüşəmsə, indi də həminki kimidi. Özünə yaxşı baxır.
 
- Onunla heç ünsiyyətdə olmusunuzmu?
- Xeyr.
 
- Son vaxtlarda şou və idman aləmi bir-birinə çox yaxınlaşıb. Bəlkə təklif göndərəsiniz ki, kliplərinin birində sizə rol versin?
 
- Bu, düzgün çıxmaz. Təklif etsə, razılaşaram. Həm də onun klipində oxuyası deyiləm, amma Namiq Qaraçuxurlunun əvəzinə meyxana deyə bilərəm.
 
- 2014-cü il at ili idi. At tarixən igidlik simvolu hesab edilib. Yeni il isə qoyun üzərində təhvil oldu. Qoyun sabitliyin, bərəkətin simvolu hesab edilsə də, cəmiyyətdə adətən “mağmın”, qabiliyyətsiz adamları da ona bənzədirlər...
 
- Ucqar kəndlərin birində bir ailə yaşayırdı. Ətrafda heç kim yox idi. Ailə maldarlıqla məşğul idi. Demək olar, insan üzü görmürdülər. Bir gün ailənin başçısı qoçla şahmat oynayır. Bu vaxt yoldaşı gəlib ərindən hesabı soruşur. Kişi də gülə-gülə, fəxrlə deyir ki, arvad nə deyim, bu qoyundu qoyun, 5:1 uduram. Sən demə, qoyun bunu bir dəfə udubmuş (gülür).
 
- Bəs qoyun ilindən nə gözləyirsiniz?
 
- At hörmətli heyvan sayılır. Qoyun isə “maymaq” adamlara deyirlər. Amma hər ilin öz xüsusiyyətləri var. İndidən deyirlər ki, qoyun ili bizə düşməyəcək. Bunu əvvəlcədən necə bilmək olar? Qoyun ilində bütün arzuların çin olmasını diləyirəm. İçində də özüm olmaqla.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR