2014-cü ilin 10 əsas silahlı münaqişəsi (FOTO)

2014-cü ilin 10 əsas silahlı münaqişəsi (FOTO)
12:36 1 Yanvar 2015
360 Ölkə
Ölkə mətbuatı
A- A+

2014-ü sülh ili adlandırmaq çətindir. İl ərzində Ukraynanın şərqi və Liviya da daxil olmaqla azı iki hərbi münaqişə başlayıb və həmçinin başqa çoxsaylı münaqişələr davam edib.
Məsələn, İsrail-Fələstin münaqişəsi kimi ötən illərdə başlamış bir çox münaqişələr bu il daha güclü şəkildə alovlanıb.

Bunlardan əlavə, erməni helikopterinin vurulması insidentinin xatırlatdığı kimi çox sayda Dağlıq-Qarabağ münaqişəsinə bənzər potensial baxımdan təhlükəli “donmuş münaqişələr” də qalmaqda davam edib.

ANS PRESS BBC Azərbaycana istinadən 2014-cü ilin 10 əsas silahlı münaqişəsini təqdim edir:

Dağlıq Qarabağ

1991-1994-cü il müharibəsinin sonundan bu yana közərən vəziyyətdə qalan münaqişə 2014-cü ildə az qala yenidən alovlana bilərdi.
Bütün bu illər ərzində qarşıdurma xətti boyunca, ümumilikdə 20 min əsgər, artilleriya və zirehli texnika olmaqla qoşunlar qalmaqda davam edib.
Hər iki tərəfdən atışmalar nəticəsində insanların həlak olması davam edir.
2014-cü ilin yayında münaqişə zonasında gərginliyin artması nəticəsində, DQR-in verdiyi məlumata görə, 25 Azərbaycan və 5 erməni hərbçisi həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumatda Azərbaycan tərəfinin itkiləri 12 hərbçi olaraq göstərilib.

Noyabrın əvvəllərində Dağlıq Qarabağda erməni tərəfinin Mi-24 döyüş helikopteri vurulub.

Helikopter bilavasitə Azərbaycan və erməni qüvvələrini ayıran təmas xəttinin yaxınlığında vurulub və Azərbaycan ordusunun mövqeləri üzərində uçub.
İrəvanda bəyan edirdilər ki, erməni helikopterləri təlim uçuşları keçirirmişlər və heç bir təhlükə təşkil etməyiblər. Erməni silahlı birləşmələrinin üzvləri pilotların cəsədlərini götürmək üçün helikopterin düşdüyü yerə döyüşərək çatmalı olublar. Lakin müşahidəçilərin dediyinə görə, hər iki tərəfdəki əhali hadisələrin bu cür inkişafından ehtiyat etsə də, vəziyyətin gərginləşməsi yeni müharibəyə gətirib çıxarmayıb.
Vəziyyətin gərginləşməsi sülh danışıqları prosesinin fonunda baş verir. Avqust ayında Soçidə Rusiya, Ermənistan və Azərbaycan prezidentləri münaqişəyə həsr olunmuş görüş keçiriblər və orada qərara alınıb ki, münaqişə yalnız dinc yolla həll edilə bilər.

“İslam Dövləti”

“İslam Dövləti” adlanan radikal qruplaşma ötən onilliyin ortalarında zühur edib, lakin onun fəallığı 2014-cü ilin yayında Suriya və İraqda keçirdiyi geniş miqyaslı müzəffər hücumların ardınca daha da artıb.
Bir neçə həftə ərzində yaraqlılar Suriyanın şərqində, habelə İraqın şimal və qərbində bir neçə iri şəhəri ələ keçiriblər.
Qruplaşma əsirlər, habelə ələ keçirdikləri jurnalistlər və dini-etnik azlıqların nümayəndələri ilə qəddar rəftarı ilə ad çıxarıb. Suriya insan haqları fəallarının verdiyi məlumata görə, son yarım il ərzində yaraqlılar az qala iki min nəfəri güllələmək, başlarını kəsmək və daşqalaq etməklə qətlə yetiriblər.
İD-ə qarşı ABŞ-ın rəhbərliyi altında koalisiya çıxış edib. Bir sıra ərəb ölkələrinin də daxil olduğu koalisiya əsasən hava zərbələrini həyata keçirir. Avqustun 8-dən bəri İraqdakı yaraqlıların mövqelərinə 800-dək hava zərbəsi endirilib.
ABŞ Bəhreyn, İordaniya, Qətər, Səuduiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Suriyanın işğal altında olan ərazilərindəkidə İD-ə 550 zərbə endirib.
Rusiyanın Ali Məhkəməsi dekabrın 29-da “İslam Dövləti” və “Cəbhət ən-Nüsra” cihadçı qruplaşmalarını terrorçu təşkilatlar elan edib.
ABŞ-ın dövlət katibi John Kerry dekabrın əvvəllərində aviasiya zərbələrinin cihadçılara böyük ziyan vurduğunı desə də, İD-ə qarşı kampaniyanın illərlə davam edə biləcəyini etiraf edib.

Donbas

Ukraynanın Şərqində ölkə ordusu ilə tanınmamış DXR və LXR-in qeyri-nizami hərbi birləşmələri arasında müharibə ötən yazda başlanıb.
İlin əvvəlində başlamış gərgin siyasi şərait bir neçə həftənin ərzində tammiqyaslı açıq müharibəyə çevrilib.
Ölkə Krım kimi bütöv bir regionundan məhrum olub. Bu ərazi, Rusiyanın və digər iki vilayətin nəzarəçarpacaq hissəsi isə tərkibinə çox sayda Rusiya vətəndaşının daxil olduğu birləşmələrin nəzarətinə keçib.
Krımın faktiki olaraq qan tökülmədən Rusiyaya birləşdirilməsi əməliyyatından sonra leksikona “çarpaz müharibə” termini daxil olub. Buna əlavə olaraq, varlıqları Moskva tərəfindən inkar edilən və geyimlərində heç bir nişanları olmayan Rusiya hərbçilərini danışanın münasibətindən asılı olaraq “yaşıl adamcıqlar” və ya “nəzakətli insanlar” adlandırmağa başlayıblar.
Kiyevdə və Qərb paytaxtlarında Rusiyanı bu münaqişənin bir tərəfi hesab edirlər, beləki qarşıdurma zonasında yalnız Rusiyada istehsal olunan zirehli texnika və silahlar aşkar edilib.
Bundan əlavə Ukraynanın əlinə üstlərində Rusiya hərbçilərinin sənədləri olan silahlı adamlar keçib.
Moskva Rusiya ilə həmsərhəd Ukrayna bölgələrindəki hərbi əməliyyatlarda iştirakını qəti şəkildə inkar edir və münaqişəni Ukraynadaxili qarşıdurma adlandıraraq, oradakı Rusiya hərbçilərinin müstəsna olaraq könüllü rolunda çıxış etdiklərini vurğulayır.
May ayından oktyabradək Ukraynanın iki vilayətinin ərazisində şiddətli döyüşlər gedib, lakin ilin axırlarına doğru hər iki tərəf az-çox böyük əməliyyatların keçirlməsi üçün qüvvə ehtiyatını tükəndirib.
Müharibə sürəkli və səngər xarakterli münaqişəyə çevrilib.

Qəzzadakı “Sarsılmaz qaya”

İsrail və Fələstin muxtariyyəti arasında onsuz da sadə olmayan münasibətlər 2014-cü ilin ortalarından korlanıb.
İyun ayında İsrail yeniyetmələrin oğurlanması və qətlə yetirilməsi ilə əlaqədar Həməs Fələstin qruplaşmasının bir neçə üzvünü həbs edib. Fələstinli yeniyetmənin yəhudi dini ekstremistlər tərəfindən öldürülməsindən sonra İsrail şəhərlərinin Qəzza zolağından atışə tutulmasına başlanıb.
Bu atəşlərə cavab olaraq İsrail “Sarsılmaz qala” kod adlı böyük hərbi əməliyyata başlayıb.
İsraillilərin hərbi əməliyyatına Qəzza zolağındakı hədəflərə aviasiya zərbələrinin endirilməsi və quru qoşunlarının hərəkəti daxil idi.
İsrail hərbçiləri bildirirdilər ki, Həməsin silah əldə etdiyi tunellər şəbəkəsinin dağıdılması üçün müdaxilə edilməsi zəruri olub.
Avqust ayında Misirin vasitəçiliyi ilə tərəflər atəşin kəsilməsi barədə razılaşma əldə ediblər.
Bu münaqişə nəticəsində 60 israilli və 2000-dək fələstinli həlak olub.

Liviyada vətəndaş müharibəsi

Mayın 16-da Liviya Milli Ordusunun generalı Xəlifə Həftar elan edib ki, onun qüvvələri Benqazidəki islamçıların üzərinə hücuma başlayır. O baş nazir Əhməd Maytığı yaraqlıları dəstəkləməkdə ittiham edirdi. Mayın 18-də Tripolidə döyüşlər başlandı. Qoşunlar Ümummilli konqresin binasına və digər hökumət binaları üzərinə hücuma keçdilər.
Onlara qarşı hökumətə loyal silahlı dəstələr çıxış edirdi.
Ölkədəki hərbi böhran siyasi böhranla müşaiyət olunur. İyun ayında baş nazir öz postundan kənarlaşdırılıb.
İyul ayında ABŞ da daxil olmaqla xarici diplomatik missiyalar ölkəni tərk edib. Avqustda Liviya parlamenti təhlükəsilik mülahizələri ilə Tobruka köçürülüb.
Avqustuin 23-də “Mərkəzi qalxan” (islamçı qüvvələrin koalisiyası) dəstələri Tripoli aeroportunu tutub.
Payız aylarında Benqazi, Tripoli və başqa şəhərlərdə qarşıdurma davam edib.

Mərkəzi Afrika Respublikası

Mərkəzi Afrika Respublikasında hökumət və müsəlman qiyamçılar arasında münaqişə 2012-ci ildə başlanıb.
Artıq bu vaxt müsəlman və xristian silahlı qruplaşmaları arasında qarşıdurmaya çevrilmiş münaqişənin ən faəl mərhələsi 2013-cü ilə təsadüf edib. 2014-cü ildə tərəflər münaqişənin davam etdiyi bir şəraitdə sülh razılaşması əldə etməyə çalışıb.

Yanvar ayında, müsəlman qiyamçıların 2013-cü ildə ölkədəki hakimiyyəti ələ almış lideri Mişel Cotodiya asayişi bərpa edə bilməməkdə ittikham edildikdən sonra istefaya gedib.
Bütün il ərzində MAR-da “Seleka” adlanan müsəlman qruplaşması ilə “Anti-Balaka” xristian, daha doğrusu anti-müsəlman dəstəsi arasıda toqquşmalar baş verib.
Hər iki tərəf xüsusi qəddarlıqla hərəkət edib. Kannibalizm halları qerydə alınıvb.
Ölkədə BMT-nin sülhyaradıcı kontingenti (MİNUSKA-nın mandatına hərbi və polis hissələrinin yerləşdirilməsi daxildir), habelə Avropa İttifaqının (EUFOR RCA) qüvvələri fəaliyyət göstərir.
Avropa kontingentinin tərkibində əvvəlcə fransızlar və estonlar var idi, sonradan əməliyyata İspaniya, Finlandiya, Gürcüstan, Latviya, Lüksemburq, Hollandiya, Polşa və Rumıniyanın da qüvvələri qoşulublar.

Cənubi Sudan

Cənubi Sudan hökuməti ilə keçmiş vitse-prezident Riek Maşarın qiyamçı qüvvələri arasında silahlı mübarizə 2013-cü ilin dekabrında başlanıb.
Cənubi Sudanın prezidenti Salva Kiir Maşarı qəsddə və dövlət çevrilişi cəhdində ittham edib.
Bundan sonra üsyançılar bir neçə həftə ərzində bir sıra şəhərləri zəbt ediblər.
Avqust ayında Kiir və Maşar Əddis-Əbəbədə danışıqlar masası arxasına gəliblər. Bu danışıqlar zamanı hakimiyyətin bölüşdürülməsinə dair razılaşma əldə olunub, lakin bu, münaqişəyə son nöqtəni qoymayıb.
Ötən ilin dekabr ayında münaqişə başlanandan bəri azı 10 min insan həlak olub, 1, 8 milyon adam evlərini tərk etmək məcburiyyəti qarşısında qalıb.
BMT-nin məlumatına görə 5 milyon insanın humanitar yardıma ehtiyacı var.

Əfqanıstan

Əfqanıstanda müharibənin nə vaxt başladığına dair bir neçə baxış mövcuddur.
Bu baxışlardan birinə görə ölkədə vətəndaş müharibəsi nadir və qısa fasilələrlə 1978-ci ildən bəri davam edir.
Buna baxmayaraq, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın əfqan hökuməti ilə birlikdə “Taliban” islamçı qruplaşmasına qarşı əməliyyatı olan hazırkı müharibə 2001-ci ildə başlanıb.
2014-cü il, dekabrın 28-də NATO-nun Əfqanıstandakı əməliyyatı rəsmən başa çatıb.
İndi alyansın fəaliyyəti yeni mərhələyə qədəm qoyur. Şimali Atlantika bloku yalnız əfqan hərbçilərin təlim və məşvərəti ilə məşğul olacaq.
ABŞ və Əfqanıstan hakimiyyəti arasında əldə olunmuş razılaşmaya əsasən, amerikalılar zəruri hallarda ölkə ərazisindəki islamçı radikallara qarşı müstəqüil qaydada hərəkət edə bilərlər.
Başqa Qərb ölkələri yerli hərbçilərin yalnız təlimində iştirak edə bilər.
2014-cü ildə ölkədə mühüm siyasi hadisələr baş verib. Bunlardan biri də iki siyasi liderin – Abdulla Abdullanın və Əşrəf Qaninin siyasi qarşıdurması ilə başa çatmış və özlüyündə heç də sadə olmayan sınağa çevrilmiş prezident seçkisidir.
Lakin seçki və seçkiqabağı kampaniyanın fonunda taliblərin fəallaşması da baş verib. Hücum dalğası fevralda qeydə alınıb və yay ərzində, seçkinin ikinci dövrəsi zamanı davam edib.
Sentyabr ayında siyasətçilər hakimiyyətin bölüşdürülmıəsi barədə razılığıa gəliblər.

Somali

2014-cü ildə Somalidə “Əş-Şəbab” islamçı hərəkatına qarşı müharibə davam edib. 1991-ci ildə Siad Barre rejimi devriləndən bəri bu ölkədə mərkəzi hökumət əslində fəaliyyət göstərmir.
“Əl-Qaidə”yə sıx bağlı olan “Əş-Şəbab” islamçı qruplaşmaları ilə mübarizədə Somali hərbçilərinə Somalidəki sayı 22 min əsgər olan Afrika İttifaqının qoşunları kömək edir.
2011-ci ildə Keniya Somaliyə qoşun göndərdikdən sonra “Əş-Şəbab” xüsusən də bu rayonda, qonşu ölkənin ərazisinə bir neçə dəfə basqın edib.
Noyabrda yaraqlılar Keniyanın şimalında bir avtobusa hücum edərək 28 nəfəri öldürüblər. Dekabrın əvvəllərində Mandera daş karxanasına hücum zamanı azı 36 fəhlə öldürülüb.

Nigeriya

Ölkədə uzun illərdir ki, müsəlman və xristianlar arasında dini münaqişə fasiləsiz olaraq davam edir.Gərginləşmə son bir neçə ildə, ölkədəki “Boko Haram” islamçı təşkilatının fəallaşması ilə artıb.
Aprel ayında yaraqlı qruplaşmalar bir məktəbdən 200-dən çox qız uşağını oğurlayıb.
Qızların axtarışına ABŞ və Böyük Britaniya təyyarələri də qoşuluib, lakin axtarış nəticə verməyib. Sonradan yaraqlılar qızları ərə verdiklərini bildiriblər.
May ayında ölkəni silsilə partlayışlar silkələyib. Bu partlayışların da arxasında “Boko Haram” dayanırdı. Avqust ayında qruplaşma nəzarətində olan ərazidə dini dövlət – xilafət elan edib.
Noyabrda “Boko Haram” Kano şəhərinin məsçidində bir neçə partlayış törədib. 120-dən artıq insan həlak olub.
Londondakı Kings kollecinin və BBC Dünya xidmətinin məlumatlarına görə təkcə noyabrda Nigeriyada əksəriyyəti mülki şəxslər olan 786 nəfər cihadçıların qurbanı olub.
Hökumət qruplaşma ilə mübarizə aparmağa çalışır. Bu işdə ona qonşu ölkələr kömək etsə də, mübarizəni vasitələrin çatışmazlığı çətinləşdirir.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR