Rusdilli bakılıların nəzərinə

Rusdilli bakılıların nəzərinə
16:56 1 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bakının rusdilli sakinlərini yanvar ayında maraqlı səhnə əsərləri gözləyir. ANS PRESS-in məlumatına görə, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 2015-ci il yanvar repertuarı zəngindir.

Yanvarın 1-dən 5-dək uşaqlar üçün V.Reznikovanın “Yeni il gecəsində sehrbazlıq” tamaşası göstəriləcək.

Teatrın kollektivi yanvarın 9-da Mark Kamolettinin “Ah, bu Anna”, 10-da Fyodor Dostoyevskinin “Karamazov qardaşları”, 11-də Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah” tamaşalarını təqdim edəcək.

Yanvarın 13-də Oleq Yernevin “Yeni il gecəsində məhəbbət intriqaları”, 15-də Aleksandr Ostrovskinin “Qurdlar və qoyunlar” komediyaları göstəriləcək. Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış eyniadlı tamaşa yanvarın 16-da, İlyas Əfəndiyevin “Büllur sarayda” dramı 17-də nümayiş olunacaq.

Rusdilli tamaşaçılar yanvarın 18-də Semyon Zlotnikovun pyesi əsasında hazırlanmış “Ər arvadını atıb getdi” melodramına, 22-də U.Şekspirin “Yay gecəsində yuxu”, 23-də Pedro Kalderon de le Barkanın “Məhəbbətlə zarafat etmirlər” komediyalarına baxa bilərlər.

Yanvarın 24-də Andrey İvanovun “Adaxlı çağırmısınız, qızlar?”, 25-də M.Y.Lermontovun “Maskarad”, 29-da Rey Kuninin “Həddindən artıq evli taksi sürücüsü” əsərləri oynanılacaq.

Ceyms Ostinin “Qürur və qərəz” tamaşası yanvarın 30-da, Mixail Zadornovun “Ər almaq istəyirəm” komediyası 31-də göstəriləcək.

Rus Dram Teatrının kollektivi həmişə olduğu kimi, yeni ildə də balaca tamaşaçılarını unutmayıb. Vladimir Neverovun “Nağılı tap!-1” və “Nağılı tap!-2” tamaşaları müvafiq olaraq yanvarın 10-da və 18-də nümayiş olunacaq.

Uşaqlar Aleksandr Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ın premyerasına yanvarın 11-də baxa bilərlər.

Yanvarın 17-də Yekaterina Çernyakın “Gözəl Vasilisa”, 24-də Valentina Reznikovanın “Durna balığının buyruğu ilə”, 25-də “Maşa və ayı” tamaşası göstəriləcək. Aleksandra Nikuşina və Nadir Əzimovun “Güləbətin tikən qız və süpürgəçi” tamaşası yanvarın 31-də oynanılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR