Kimi aclıqdan, kimi piylənmədən ölür

Kimi aclıqdan, kimi piylənmədən ölür
19:57 1 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada çoxdan bəri məşhur olan bir deyim var: bu ölkənin iki bəlası var - axmaqlar və yollar.
 
Bu deyim indi başqa cür səslənir: bəşəriyyətin iki problemi var - aclıq və köklük...
 
Bu gün dünyada aclıq çəkənlərlə piylənmədən əziyyət çəkənlərin problemi o qədər ciddi xarakter alıb ki, o, hətta Qidalanma üzrə II Beynəlxalq Konfransın da diqqət mərkəzində olub.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Romada keçirilən bu tədbirində açıqlanan rəqəmlərə görə, bu gün dünyada aclıq çəkənlərin sayı 20 il əvvələ nisbətən 200 milyon nəfər azalsa da indiki rəqəm də narahatlıq doğurur. Belə ki, bu gün dünyada nə az, nə çox - 805 milyon nəfər insan hələ də normal qidalanmır, daha dəqiq desək, aclıq çəkir. Bu isə o deməkdir ki, Yer kürəsinin hər 9 sakinindən biri ac yatıb ac durur.
 
Normal qidalanmamaq uşaq ölümlərinin 45 faizinin əsas səbəbidir. ÜST bildirir ki, dünyada 5 yaşına qədər olan 51 milyon uşaq aclıqdan əziyyət çəkir. Onların 1/3 hissəsi, yəni 17 milyonu ölüm ayağndadır. Dünyada 2 milyarddan çox insan tərkibində A vitamini, yod, dəmir, sink və tərkibində digər minerallar olan qidalardan məhrumdur.
 
Bununla yanaşı dünyada ərzaq israfçılığı və piylənmə kimi problemlər var. ÜST bildirir ki, hazırda 500 milyon nəfərdən çox yaşlı insan, o cümlədən
 
42 milyondan çox 5 yaşına qədər uşaq ifrat piylənmədən əziyyət çəkir.
 
Tam qidalanmamaq, yəni aclıq və ifrat israfçılıq və piylənmə bəşəriyyətə astronomik məbləğlərdə maddi ziyan vurur. Hesablamalara görə, bu iki problem və onlarla mübarizə bəşəriyyətə hər il 2,8-3,5 trilyon dollara başa gəlir. Bu isə planet üzrə addambaşına 400-500 dollar zərər, yaxud dünya üzrə ümumi daxili məhsulun 4-5 faizi deməkdir.
 
Məsələnin ciddiliyi hətta Roma papasını da narahat edib. I Fransisk aclığı “müasir dünyanın ən böyük təzadlarından biri” adlandırıb.
 
BMT də məsələ ilə bağlı həyəcan təbili çalır. Amma bu qurumun qəbul etdiyi proqram və direktiv sənədlərin indiki vəziyyəti tezliklə aradan qaldıracağı mübahisəli görünür. Çünki bəşəriyyəti aclıqdan xilas etmək getdikcə çətinləşir. Bu problem özünü əhalinin sürətlə artdığı regionlarda daha qabarıq göstərməkdə davam edir. Əhalinin sürətlə artdığı Afrikada artıq hər 4 adamdan biri aclıq çəkir. Asiya qitəsində isə yarım milyarddan çox adam ac yatıb ac durur.
 
Ən maraqlısı da odur ki, aclıq problemi ilə piylənmə problemi paralel şəkildə inkişaf edir. Britanilalı mütəxəssislərin hesablamalarına görə, piylənmə dünya iqtisadiyyatına hərbi münaqişələr, alkoqolizm, siqaret, narkomanlıq, iqlim dəyişikliyi və s. qlobal problemlər qədər ziyan vurur.
 
Ən pisi də odur ki, bu problem sürətlə böyüyür. Alimlərin hesblamalarına görə, 2030-cu ildə dünya əhalisinin 50 faizi piylənmədən əziyyət çəkəcək.
 
Britaniyanın MakKinsi İnstitutunun araşdırmalarının nəticələrinə görə, piylənmə səhiyyə sisteminə də ciddi problemlər yaradacaq. Söhbət ürək-damar, şəkərli diabet, ohkoloji xəstəliklərin artmasından gedir. Alimlər bundan qaçmaq üçün hazır yeməkləri, fəst-fud tipli yeməkləri azaltmağı məsləhət görürlər.
 
Problemin sosial-iqtisadi aspektlərinə gəlincə isə ekspertlər bununla bağlı mövcud durumdakı təzadlı vəziyyətə diqqət çəkirlər: dünyada bütün Yer kürəsi əhalisini yeirtməyə bəs edəcək qədər ərzaq istehsal olunduğu halda aclıq və piylənmə probemləri paralel şəkildə necə mövcud ola bilər?
 
FAO-nun yaydığı rəsmi məlumatlara görə, dünyada hər il 1,3 milyard ton ərzaq məhsulu ya istifadə olunmur, ya da boş yerə itirlir. Bu isə dünyada istehsal olunan ərzaq məhsulunun 1/3 hissəsi deməkdir. Bu itkinin yarısını xilas etmək mümkün olsaydı, aclıq çəkən insanların hamısını doyurmaq olardı.
 
Ekspert hesablamaları daha bir maraqlı faktı ortaya çıxarıb. Dünyanın ən zəngin ölkəsi olan ABŞ-da istehsal edilən ərzaq məhsullarının 40 faizi yeyilməyərək zibilliyə atılır. Avropada isə hər il 100 milyon ton ərzaq məhsulu xarab olub zibilliyə atılır. Söhbət boşqablarda qalan yemək artıqlarından yox, mağazalardan zibilxanalara daşınan ərzaq məhsullarından gedir. Böyük Britaniyada evdar qadınlar hər il 7 milyon ton ərzaq məhsulunu zibil qabına tullayır. Onların yarısı istifadəyə yararlı olur.
 
Ümumən dünyada hər adama sutkada 4 min kalori gücündə olan ərzaq istehsal olunur. Onunn yalnız yarısından istifadə edilir.
 
FAO hesab edir ki, bu rəqəmlər insanların ərzağa münasibətinin rasional olmadığını bir daha göstərir.
 
FAO-nun başçısı Joze Qratsiano da Silva bunları nəzərə alaraq sual edir: “XXI əsrin əsas vəzifəsi budur: necə etmək olar ki, bəşər oğlunun istehsal etdiyi ərzaq bəşəriyyətin hər bir fərdi arasında bərabər bölünsün? Yer kürəsinin yarısı aclıqdan, yarısı da piylənmədən əziyyət çəkməsin?”

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/53885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR