Toy üçün arayış tələb olunur

Toy üçün arayış tələb olunur
01:31 2 Yanvar 2015
210 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gündən – 1 yanvardan etibarən Azərbaycanda nikah bağlayanlar üçün yeni qayda tətbiq olunur. Modern.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində edilən dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyətinin müəyyən etdiyi xəstəliklər üzrə tibbi müayinədən keçməli olacaqlar. Bunun nəticəsində nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinədən keçdiklərinə dair arayış veriləcək.

Qanunla nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir, amma həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.

Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR