Jurnalistlərin cəbhə bölgəsinə səfəri təşkil olunub

19:48 19 Fevral 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdam, 19 fevral, Tahir Ağaməmmədov, AzərTAc
Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə kütləvi informasiya vasitələri nümayəndələrinin Ağdam, Ağcabədi və Tərtər rayonlarına səfərini təşkil edib.
AzərTAc xəbər verir ki, jurnalistlər fevralın 19-da əvvəlcə Ağcabədi rayonunda Milli Qəhrəman Etibar İsmayılovun adını daşıyan Hindarx qəsəbə məktəbində olublar. Məktəbin direktoru Qaryağdı Qarayev media nümayəndələrinə məlumat verib ki, 729 şagirdin təhsil aldığı məktəbdə 96 müəllim çalışır. 2013-2014-cü tədris ilində XI sinfi bitirmiş 56 şagirddən 14-ü ali məktəblərə daxil olub.
Sonra KİV nümayəndələri məktəbdəki şərait və tədris prosesi ilə tanış olub, çağırışaqədərki hazırlıq, tarix, ədəbiyyat fənləri üzrə dərsləri izləyiblər.
“Məktəbin şəhid məzunları” guşəsi ilə tanış olan jurnalistlərə məlumat verilib ki, Qarabağ müharibəsində Hindarx qəsəbəsindən 37 nəfər şəhid olub. Məktəbin adını daşıdığı Etibar İsmayılov Ağdam rayonunun Mərzili kəndində gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Məktəbin şagirdlərinin nümayiş etdirdiyi kompozisiya və döyüş təlimləri tur iştirakçılarının marağına səbəb olub.
KİV nümayəndələri sonra Ağdam rayonunun cəbhə xəttində yerləşən Çəmənli kənd tam orta məktəbinə gəliblər.
Məktəbin direktoru Eyvaz Məmmədov bildirib ki, cəbhə xəttində yerləşməsinə baxmayaraq, təhsil ocağında tədris prosesinin ahəngi pozulmur. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez-tez pozulması, hər gün eşidilən silah və partlayış səsləri şagirdlərin təhsilə olan marağına və dərsə davamiyyətinə xələl gətirmir. Ötən dərs ilində məktəbi 6 məzunu ali məktəblərə daxil olub. Onlardan biri – İlkin Məmmədli qəbul imtahanlarında 700 bal toplayaraq Tibb Universitetinin tələbəsi adını qazanıb.
KİV təmsilçiləri pedaqoji kollektiv və şagirdlərlə görüşüb, müxtəlif siniflərdə dərs prosesini izləyiblər.
Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə müsahibəsində səfərin ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaq məqsədi daşıdığını deyib.
İkigünlük səfər çərçivəsində KİV nümayəndələri cəbhə xəttində yerləşən Ağdam rayonunun Qaradağlı və Tərtər rayonunun Qapanlı kənd tam orta məktəblərində, həmçinin N saylı hərbi hissədə də olacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Jurnalistlerin_cebhe_bolgesine_seferi_teskil_olunub-833480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR