“Avropada etimadın bərpa olunması” (FOTO)

“Avropada etimadın bərpa olunması” (FOTO)
19:51 19 Fevral 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Belçika Krallığının paytaxtı Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Avropada etimadın bərpa olunması” mövzusunda toplantı öz işinə başlayıb.

Komitədən ANS PRESS-ə verilən məlumata görə, bu ilin aprelində Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumuna hazırlıq xarakteri daşıyan görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, keçmiş nazirlər, tanınmış siyasi xadimlər iştirak edirlər.

Toplantıda dini radikalizm məsələsində əsas prinsiplər, bu istiqamətdə Avropa İttifaqının rolu, qitədə etimadın bərpası və sülhün təşviq edilməsi istiqamətində qlobal liderlərin addımları, bu sahədə qadınlara və gənclərə səlahiyyətlərin verilməsi, sosial media rolu kimi və digər məsələlər müzakirə olunur.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa toplantını giriş sözü ilə açaraq Avropada etimadın bərpa olunması, sülh və sabitliyin qorunması barədə danışıb. O bildirib ki, bu məsələdə bir sıra ölkələr beynəlxalq razılaşmalara hörmətlə yanaşmalıdır, hər bir ölkənin üstünlüyü onun hüquq və normalara göstərdiyi hörmətdir. Daha sonra V.Vike-Frayberqa Avropa ilə Asiyanın əməkdaşlığı və bu əməkdaşlığın inkişaf etdirilməsi, müştərək cəmiyyətlərin formalaşması məsələlərindən danışıb.

Serbiyanın eks-prezidenti Boris Tadiç də Avropada sülh və sabitlik məsələlərinə toxunaraq qitədə yeni təhlükəsizlik arxitekturasına, yeni şərq tərəfdaşlığı strategiyasına və Avropa İttifaqının genişlənmə siyasətinin tamamlanmasına ehtiyac olduğunu bildirib.

Toplantıda İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini, Ukraynanın sabiq dövlət başçısı Viktor Yuşşenko və digərləri Avropa məkanında əməkdaşlığın inkişafı yolları, dünya iqtisadiyyatındakı vəziyyətlə bağlı çıxış edib.

İki gün davam edəcək toplantıda Avropada etimadın bərpa edilməsi üçün beynəlxalq ictimaiyyətin rəy və təklifləri müzakirə ediləcək, bu ilin aprel ayında Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumunun məqsəd və vəzifələri barədə fikir mübadiləsi aparılacaq, müəyyən tövsiyələr irəli sürüləcək. Toplantıda vurğulanıb ki, Bakı forumu yeni dünya düzənində etimadın bərpası üçün dünya liderlərinə geniş əməkdaşlıq imkanları yaradır.

Qeyd edək ki, təbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Nazim İbrahimov, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərov da iştirak edirlər.


















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR