“Bakı-2015” ilk Avropa Oyunlarının kommunikasiya şöbəsinə direktor müavini təyin edilib

20:08 19 Fevral 2015
48 İdman
Ölkə mətbuatı
A- A+


 
Bakı, 19 fevral, AzərTAc
Kolin Gibson fevralın 19-da “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsi üzrə direktor müavini təyin edilib.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, K.Gibsonun təyinatı ilk Avropa Oyunlarının yaxınlaşması ilə Əməliyyat Komitəsinin kommunikasiya fəaliyyətini intensivləşdirməsindən irəli gəlir. “Bakı-2015”in mətbuatı məlumatlandırma işləri, sponsor və televiziya yayım tərəfdaşlarının elan edilməsi və beynəlxalq idman elçiləri proqramı kimi ictimai iştirak təşəbbüsləri KİV-lərin geniş marağına səbəb olub. Oyunların başlamasına 100 gün qalması, biletlərin satışının başlaması və açılış mərasimindən əvvəl Oyunların məşəl estafeti də daxil olmaqla qarşıdan gələn bir neçə təşəbbüsün daha böyük maraq doğuracağı gözlənilir.
Bu yaxınlarda İngiltərə və Uels Kriket Təşkilatının (EVB) media və kommunikasiya şöbəsinin direktoru vəzifəsindən ayrılan K.Gibson peşəkar karyerası ərzində, həmçinin Dubaydakı Beynəlxalq Kriket Şurasında (ICC), o cümlədən İngiltərə Futbol Assosiasiyasında (FA) kommunikasiya şöbəsinin direktoru kimi çalışıb.
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: “K.Gibsonun “Bakı-2015” komandasına qoşulmağa razılıq verməsi məni çox sevindirdi. Onun kimi qabiliyyətli və təcrübəli insanın birinci Avropa Oyunlarının keçirilməsinə çox az vaxt qaldığı bir zamanda kommunikasiya komandamıza yardım etməsi vacibdir”.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari bildirib: “Avropa Oyunlarına marağın davamlı artdığının şahidi oluruq və “Bakı-2015”in media kanallarını cəlb etməsi qarşıdakı aylarda daha da artacaq. K.Gibsonun töhfələri bu dövrdə, xüsusilə də Oyunlar zamanı böyük əhəmiyyət kəsb edəcək. Onun beynəlxalq idman mətbuatı sahəsindəki bilik və təcrübələri olduqca dəyərlidir və K.Gubson irimiqyaslı idman yarışlarında kommunikasiyaların idarə edilməsi sahəsində yüksək nailiyyətlər qazanıb”.
EVB, ICC və FA kimi təşkilatlarda çalışmazdan əvvəl K.Gibson jurnalist olaraq fəaliyyət göstərib. O, Londonun “The Daily Telegraph”, “Sunday Telegraph” və “The Daily Mail”, o cümlədən Sidneyin “The Australian” qəzetləri üçün məqalələr yazıb.
K.Gibson deyib: “Mənə Bakı kimi dinamik bir şəhərdə birinci Avropa Oyunları üçün işləmək imkanı verildiyi üçün çox sevinirəm. Bu Oyunların başlaması Avropanın idman tarixində yeni bir səhifə açacaq. Belə maraqlı macəranın başlanğıcında iştirak etmək mənim üçün olduqca həyəcanvericidir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015_ilk_Avropa_Oyunlarinin_kommunikasiya_sobesine_direktor_muavini_teyin_edilib-833490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR