Muxtar respublikada immunlaşdırma aylığı davam edir

20:23 19 Fevral 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 19 fevral, AzərTAc
Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan və risk qrupuna daxil olan ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələri işçilərinin, eləcə də obliqat qruplarının hepatit B infeksiyasına qarşı immunlaşdırma aylığı davam edir.
AzərTAc xəbər verir ki, fevralın 6-dan başlayan bu tədbir artıq Naxçıvan Muxtar Respublika Xəstəxanası, doğum, diaqnostika-müalicə, stomatoloji, onkoloji mərkəzlərin, ağciyər, psixi xəstəliklər dispanserlərinin həkim və orta tibb işçilərini əhatə edib.
Bu səhiyyə müəssisələrində 502 nəfər vaksinasiyaya cəlb olunub. Profilaktik tədbir Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının 4 nəfərdən ibarət vaksinator briqadası tərəfindən həyata keçirilib.
Tədbirin təşkili üçün məsul şəxslər tərəfindən vaksinasiyaya cəlb ediləcək tibb işçilərinin siyahıları tərtib olunub və vaksin vurulmazdan bir həftə əvvəl onlardan qan götürülərək müayinə üçün Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin laboratoriyasına göndərilib. Qan nümunələrinin seroloji diaqnostikası, müayinənin nəticələri təsdiq edildikdən sonra alınan məlumat əsasında vaksinasiya aparılıb.
Rayon mərkəzi xəstəxanalarında da tibb işçilərindən götürülən qan nümunələri Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin laboratoriyasında müayinə olunur. Alınan nəticələrə əsasən vaksinasiyanın ilk mərhələsi fevralın sonunadək başa çatdırılacaq. Şahbuz Rayon Mərkəzi Xəstəxanasında isə vaksinasiyanın ilk mərhələsi artıq yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi bu tədbirin lazımi səviyyədə həyata keçirilməsi məqsədilə hepatit B vaksininin bölgüsünə və təlimat əsasında ərazilərə çatdırılmasına ciddi nəzarət edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikada_immunlasdirma_ayligi_davam_edir-833503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR