Puşkinin sevdiyi, Napoleonun nifrət etdiyi qadın

Puşkinin sevdiyi, Napoleonun nifrət etdiyi qadın
21:42 19 Fevral 2015
199 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az kult.az-a istinadən Rəfiqə Əlisəfanın yazısını təqdim edir. 
Söhbət fransız yazıçı xanım Ann-Luiz Jermen Nekkerdən gedir.
 
Həm də “Jermen de Stal” kimi tanınan yazıçı Ann-Luiz Jermen 1766-1817-ci illərdə yaşayıb. Onun məşhur “Delfina” (1802), “İtaliya” və ya “Korinna” (1809) əsərləri çoxlarına məlumdur.
 
Xanım Jermen de Stal öz əsərləri ilə ədəbiyyat tarixində silinməz izlər qoyub. Məhəbbət, qadın və kişi münasibətləri, qadın xisləti və duyğularının tərənnümünə əsaslanan bu əsərlər hələ də sevilərək oxunur və aktuallığını itirmir.
 
Jermen de Stalın “qadınları”nın özünəməxsusluğu və təkrarolunmazlığı ondadır ki, bu qadınlar kişilərin onlara qarşı etdiyi kobud rəftarlara, qaba sözlərə fikir vermir, öz sevgilərinə ömürlərinin sonuna kimi sadiq qalırlar və qarşılıqsız belə olsa, öz kişilərini böyük bir məhəbbətlə sevirlər.
 
İsveçrəli bankir Nekkerin qızı olan Ann-Luiz Jermen 22 aprel 1766-cı ildə Parisdə dünyaya göz açıb. Luiz Jermenin atası XVI Ludoviqin yanında Maliyyə naziri vəzifəsində çalışırdı. Xanım Jermen bir çox dahi insanların – Didronun, Dalamberin, Qrimmin və digər parlaq simaların yanında böyüyüb.
 
15 yaşı olanda Ann-Luiz Jermen traktat qələmə alır. Sözügedən traktatı tarixçi abbat Reynal araşdırıb, daha da təkmilləşdirmişdi. Traktat avropalıların iqtisadi və siyasi münasibətlərindən bəhs edirdi.
 
20 yaşı olanda Ann-Luiz Jermen ailəsinin təkidi ilə ailə həyatı qurur. O, Fransadakı İsveç səfiri Maqnus de Stalla evlənir. Yazılanlara görə, səfir onunla təkcə cavan və ağıllı olduğuna görə deyil, həm də atasının ona verəcəyi külli miqdarda cehizə görə evlənib.
 
Çox keçmir ki, cütlük ayrılmaq qərarına gəlir. Amma Ann-Luiz öz həyat yoldaşının soyadını daşımağa davam edir. Çünki o, oğullarının da ata soyadı ilə tanınmasını istəyirdi. Maraqlısı budur ki, Ann-Luiz Jermenin oğulları, onsuz da, səfir Maqnus de Staldan deyildi. Xanım Jermenin övladlarının əsl atası inqilab zamanı Müharibə naziri kimi fəaliyyət göstərən qraf Nabronn idi. 
 
Xanım Jermenin qızının atası isə məşhur ədəbiyyatçı, “Adolf” (1816) romanının müəllifi Benjamen Konstan olur. Yeri gəlmişkən, qeyd edim ki, cənab Benjamin Konstan “Adolf” əsərində məşhur yazıçı Ann-Luiz Jermenlə olan qarışıq münasibətlərini də qələmə alıb. Məhz Konstan Ann-Luiz Jermenin qəlbinə sahib olmağa və onu incitməyə nail olur. Xanım Jermen Konstana görə çox əzab çəkir. Çünki Konstan Jermenlə eşq macərası yaşamasına və Jermenin onun qızını dünyaya gətirməsinə baxmayaraq, başqa bir xanımla ailə həyatı qurur.
 
Öz “Delfina” romanında Puşkinin qəhrəmanı Tatyana Larinanın sələfi hesab olunan əzab çəkən qadın, əslində, Jermenin özü idi. Ann-Luiz Jermen “Delfina” əsərində qadın azadlığını müdafiə etmiş, katolik nikahına qarşı çıxmışdı.
 
Sözügedən əsərdə eynilə Jermenin Konstanla arasında yaşanan münasibətlər öz əksini tapır.
 
“Leons de Mondovil” adlı əsər qəhrəmanı Delfinanı sevir, amma anasının təkidi ilə sevdiyi qızı tərk edir və yaxın qohumu ilə ailə həyatı qurmağa məcbur olur. Öz sevgisi, azadlığı və arzuları uğrunda mübarizə aparan Delfinanı cəmiyyət böhtan atəşinə tutur. Pis vəziyyətdə qalan Delfina artıq nə edəcəyini bilmir. Bu vaxt əsas qəhrəman Leons de Mondovil öz səhvini başa düşür. O, dərk edir ki, Delfinanı sevir və onsuz yaşaya bilməz. Səhvini düzəltməyə cəhd etsə də, alınmır. Artıq hər şey gec olur və aşiqlər əsərin sonunda dünyalarını dəyişirlər...
 
“Korinna” və ya digər adı ilə “İtaliya” kimi tanınan romanda isə lord Nervill şairə Korinnaya aşiq olur. Amma öz atasının sözündən çıxa bilmir və Korinnayla evlənmək fikrindən daşınır. Çünki Korinnanın anası italyan olur, bu isə lord Nervill üçün bağışlanmaz görünür. Sonradan Nervillin atası maraqlı bir qərar verir: O, oğlunu Korinnanın anası ingilis olan ögey bacısı ilə evləndirir. Korinna bu nikahdan xəbər tutanda ağlını itirir. Böyük iztirab çəkən gözəl Korinna sonda vərəm xəstəliyinə tutulur və elə bu xəstəlikdən də dünyasını dəyişir. Onun ölümündən sonra lord öz xanımına onu yox, Korinnanı sevdiyini etiraf edir. Amma təəssüf ki, bu, heç nəyi dəyişmir. Lord Nervill əsərdə deyir: “Mənim xarakterimdə hər kəsə məlum olan zəiflik var. Və mən mövcudluğuma, rahat həyat şəraitimə mane törədə biləcək hər şeydən qaçmağa öyrəşmişəm. Mən, əlbəttə ki, sizin bacınızı sevmirəm, Korinna. Amma onu üzməməyə və duyğularına hörmətlə yanaşmağa borcluyam. Lütfən, məni başa düşün, Korinna...”
 
Korinna lord Nervilli sevməklə qalmır, həm də o dövrün qadınlarına xas olmayan bir tərzdə lorda öz məhəbbətini etiraf edir. İndi bizə aydın oldu Tatyana Larina Yevgeniy Oneginə məhəbbət elan etmək cəsarətini hardan alıb. Korinnadan!
 
Korinna məşhur şairə, yazıçı, tərcüməçi, məşhur bir xanım olur. Amma ona nə gözəlliyi, nə ağlı, nə də şöhrəti kömək edə bilir. Korinnanı öz məhəbbəti daxildən yeyib məhv edir. 
 
Yazdığı əsərlərdə nümayiş etdirdiyi cəsarətə və qadın xislətini böyük bir məharətlə tərənnüm etdiyinə görə Napoleon xanım Jermeni bəyənmir. Müəllif 1802-ci ildə yazdığı “Delfina” əsərinə görə təzyiqlərə məruz qalır. Xanım Jermeni öz əsərində ateizmi təbliğ etməsi ilə ittiham edirlər. Bu haqda tezliklə Rusiyada da xəbərlər yayılmağa başlayır. “Avropanın carçısı” (1803) jurnalında xanım Jermeni müdafiə edən məqalə işıq üzü görür: “Xanım Jermen öz “Delfina” əsəri ilə qadın məhəbbətini tərənnüm edir, qadınların da azadlıqlara sahib olduğunu açıq-aşkar göstərir. Bu isə cənab Napoleonu narahat edir. Aristokrat bir atanın qızı kimi dünyaya gələn və elit mühitdə böyüyən istedadlı bir xanımın bunları tərənnüm etməsindən təbii nə ola bilər? Maraqlıdır ki, sən demə, Napoleonun mütaliə etməyə də vaxtı var imiş...”
 
Bir neçə ildən sonra yazılan “Korinna” əsərindən sonra Napoleon hakimiyyət qəzeti hesab olunan “Monitor”da bir yazı yerləşdirir: “Dünyada iki güc mövcuddur – silah və ağıl. Nə olur-olsun, bu iki qüvvənin mübarizəsində sonda qalib gələn tərəf ağıl olur”.
 
Çox keçmir ki, Napoleon xanım Jermeni Parisdən sürgün edir. 1806-cı ildə o, Polis nazirinə müraciət edir: Xanım Jermeni nəinki Parisə, heç Paris yaxınlıqlarına da buraxmayın!
 
Napoleonun bu hərəkətindən sonra xanım Jermen “Almaniya haqqında” adlı əsərini birbaşa Napoleona göndərir. İmperator buna bir az da qəzəblənir və bu əsərin bütün nüsxələrinin məhv edilməsi əmrini verir.
 
De Stal Jermenin müasirləri Göte, Şiller, Fixte, Bayron, Stendal idi. Lakin yalnız bu xanım Avropada öz təkrarolunmaz cəsarəti ilə dillərə dastan olur. Böyük rus şair Puşkin isə yazdığı yazılarla xanım Jermeni sonuna qədər müdafiə edir və onun fikirləri ilə razılaşdığını vurğulayır. Puşkin kimi dekabristlər də xanım Jermeni sevir, onun ideyalarını müdafiə edirlər.
 
De Stal Jermenin yaradıcılığı dünya ədəbiyyatında əvəzolunmaz yer tutur. Məhz xanım Jermen hər xalqın ədəbiyyatının onun gündəlik həyatı, mənəviyyatı və məişəti ilə birbaşa əlaqəsini və hər xalqın ədəbiyyatının özünəməxsus xüsusiyyətlərə malik olmasını sübuta yetirdi.
 
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR