Hardasan, Vaqif Səmədoğlu?

Hardasan, Vaqif Səmədoğlu?
22:17 19 Fevral 2015
277 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az kult.az-a istinadən Rüstəm Kamalın yazısını təqdim edir. 
Allah sənə rəhmət eləsin, Vaqif Səmədoğlu!
 
 
Nədənsə, həmişə Vaqif Səmədoğlunu dünyanın ən tənha adamı kimi qəbul etmişəm. Hətta sosial şəbəkələrdə ünsiyyət fəallığına baxmayaraq, mənim üçün yenə də tənha idi. Bu tənhalıq havası onun poeziyasına da hopmuşdu.
 
Vaqif Səmədoğlunun şeirləri nədənsə mənə ağ-qara filmin musiqi partiturasını xatırladıb, yəni bu poeziya sənə eşitmək duyğusu ilə yanaşı, görmək qabiliyyəti də qazandırır: 
 
 
Bir kəs görməyəcək
 
telefon budkasında vurnuxan
 
küləyin gözlərini... 
 
 
O, hər şeyi - ən sadə predmetləri, nəsnələri, təbiət obyektlərini və hadisələrini (ağac, daş, yağış, külək), insan səsini, jestini, adını göylərlə bağlayır. Fotoşəkillərdəki qar kimi, bu nəsnələr səndə kədər doğurur. Vaqif Səmədoğlu üçün yağış təbiət hadisəsi deyil, yerlə göyü, insanla Tanrını birləşdirən vasitə idi. Onun bütün “yağışlı” şeirlərini oxuyursan, bu dünyanın qüssə-kədər havası sənin də içinə dolur. Yağış sükutun, hüzurun səsini sənə çatdırır. (Maraqlıdır: Xuan Rulfonun “Pedro Paramo”romanında da axirət dünyasında çoxlu yağışlar yağır). 
 
 
Şimşək durmadan çaxır,
 
Fəqət çay quru axır.
 
Allah haraya baxır,
 
Belə yağış olarmı?
 
 
 
O, iki dünyanın sınırında yaşayırdı: nə orda idi, nə də burda. Dərvişlər, ovsunçular, peyğəmbərlər kimi. Bəlkə də Anar haqlıdır: “Vaqifin misralarından təsəvvüf şairlərinin nəfəsi gəlir, vəhdəti -xücud fəlsəfəsinin işığı gəlir.”
 
 
 
Gözdən itsək,
 
Ölüb getsək,
 
nə tar çalın, nə saz çalın.
 
Qulaq səslərdən yorulub,
 
Zil bir yana,
 
ən asta pəsdən yorulub,
 
deyilənlər gerçək olub!
 
Şair olan bu dünyada
 
bir yer tapmayıb özünə
 
Nə sürüdə, nə yalquzaq...
 
Daha nədən,
 
Kimdən yazaq?
 
Uzaq,
 
Aman, Allah, uzaq...
 
Allah, məni yarı öldür,
 
Yarı saxla ağlamağa -
 
 
 
deməsi həmin marginallığın(aralıq durumunu) ifadəsi deyilmi? Hər şeirinin içində iki səsin olması da bu aralıq durumunun nəticəsi idi. Onun şüurunda sanki ikiləşmə baş verirdi. Bəlkələr, şübhələr Vaqif Səmədoğlu poeziyasının şah damarıdır.
 
 
 
Bu yağış yad yağışıdır
 
Belə doğma yağsa da,
 
Az qala adam kimi
 
Gözlərimə baxsa da...
 
 
 
M.Qorkinin “Klim Samginin həyatı” romanında, xatırlayırsınızsa, uşaq vaxtı Samginin gözü önündə dostu çayda boğulur. Bu hadisə onun həyatından və şüurundan tədricən silinir. Və həmişə bir sualla özünə təskinlik verir: “Bəlkə cocuq heç olmayıb da?”
 
Vaqif Səmədoğlu da buna oxşar suallar verməyi çox sevirdi.
 
 
 
Bəlkə ilan dovşanı
 
Yol üstündə boğanda ?
 
Uşaqlığım olmayıb
 
Mənim yağış yağanda...
 
 
 
“Uzaq” onun sevdiyi məkandır. “Uzaq yaşıl ada” ifadəsi əlçatmazlığın, ünyetməzliyin simvoludur. Məşhur mahnının sözlərini yada salın: “ Ayrılıq bir dənizmiş, /sən uzaq yaşıl ada...”
 
“Ada” insan ömrünün və tənhalığının metaforası olub, şairin özünün obrazı olması gərəkdir:
 
 
 
Ada kimi dörd yandan açıq
 
Dörd yandan kimsəsiz
 
Dörd yandan arxasızam.
 
 
 
“Uzaq” bu dünyanın ona yadlığını, özgəliyini bildirirdi. Bunu bu təşbeh də təsdiq edir:
 
 
 
“Uzaqdırlar, çox uzaq
 
Özgə dərdi kimi uzaq”
 
 
 
“Uzaq” xəyallarının üz tutduğu və yuxularının doğulduğu üfüqlər idi.
 
 
 
Bu tarım çəkilən simlər,
 
Bu son mizrab, bu son səs.
 
Nəğmə uzaqda oxundu,
 
Burda qaraldı nəfəs.
 
Dörd yandan arxasızam.
 
 
 
Taledən, nəsil - nəcabətdən gələn şöhrətə baxmayaraq, onun arzusu tanınmamaq, adsız qalmaq idi. Axı, adsızlıq o “dünya”nın, qürbətin, qəribliyin əlamətidir. Addan, şöhrətdən məhrum olmaq mənadan məhrum olmaqdır.
 
 
 
Adsız bir insan olmaq istəyirəm.
 
bu qədər adı olan bitkilərin,
 
şeylərin
 
adı olan ayların, günlərin arasında...
 
 
 
Bəlkə də ona görə “vətən” və “qürbət” anlayışlarını eyniləşdirirdi. Onun üçün vətənin sınırları mütləq qürbətin içindən keçirdi. İçində ayrılıq, ölüm havası çalınan bir şair üçün vətənlə qürbətin fərqi bilinməz:
 
 
 
... bu yolların heç biri qürbətə getmir,
 
və bir cığır keçmir vətəndən...
 
 
 
Vaqif Səmədoğlu üçün sanki “ilk”, “əvvəl” anlamları yox idi. Yalnız “son” var, “sabah” var. “Sabah” uşaqlığın və axirət gününün xatırlandığı zamandır. Sabah gümanların, şübhələrin, ehtimalların, “yöndəmsiz bir ümid” vaxtıdır.
 
 
 
Yağış yağmayacaqsa sabah,
 
Torpağa bu gün dən atmağın
 
nə mənası var?
 
Bəlkə quraqlığa öyrənmək dövrü başlanıb?
 
 
 
Sonuncu ağac, sonuncu adam, sonuncu mərtəbə... kimi məqamlar bu zaman dünyaduyumunun, axirət sevdasının işarələridir. Vaqif Səmədoğlu yolun, mərtəbənin sonuna çatmış adamın düçüncə axarını, təhtəlşüurunu yazıya alır:
 
 
 
Mavi marş çalınır
 
mən
 
sonuncu mərtəbəyə
 
qalxana kimi
 
 
 
Bu dünyanın istənilən nəsnəsi ilə təmas ona sonu, axırı görməyə imkan verir. Ömrün başlanğıcı -uşaqlığı qocalıqdan, “dünəni” “sabah”dan başlayır. Ən çox da yolun sonuna ümid bağlayır. Bu, artıq sufi düşüncəsidir.
 
 
 
Sabah
 
bu yolun qırağında olmasa da,
 
Axırında bir ağac tapacağam.
 
 
 
Vaqif Səmədoğlu zikr məqamında dünənlə sabahı bərabərləşdirirdi. Bu, daim axirət gününü xatırlayan insanın məqamıdır:
 
Böyük şair xatirələrinə və yuxularına elə vərdiş etmişdi ki, artıq onları tanıya bilirdi.Əslində şeir xatirələrin və yuxuların “dondurulması idi”. Bu “dondurulmuş” xatirələr əslində fotoqrafiyadır. Bəlkə də Vaqif Səmədoğlunun fotoaparatlara, fotoqrafiyaya marağı da bu üzdəndir?
 
Bəlkə ona görə kölgə obrazlarından çox istifadə edirdi. Kölgə fotoçapın, yaxud insanın fotokopiyasının eynisi kimidir. Kölgə heç zaman aid olduğu fiqurla üst-üstə düşmür. Ölüm o zaman gəlir ki, kölgə insanın özündən fərqlənmir, insanla birləşir. Bu fotoqrafiya məqamıdır. Yaddaş, kölgə, fotoçap - həmişə ölümdür.
 
 
 
Ağ qapıya kölgə düşüb
 
insan kölgəsi
 
Royal səsi gəlir
 
ağ qapının dalından...
 
 
 
Ona görə də onun şeirlərində zaman sükuta çevrilir. Sükutun səsini eşidən şair heş zaman xatirənin süjetini danışa bilməz. Sükut üçün epos qəbuledilməzdir. Şeirlərin sakit məcrası da burdandır. Pauza burda gözlə bağlı olub, sözün mənasına işləyir. Bu, şikarını gözləyən ovçunun pauzası-nəfəsçəkməsi kimidir.
 
Pauzalar şairin öz içindəki səsini eşitməsi üçündür. Şeirlərin strukturu, sətirlərarası “nəfəsdərmə”lər, pauzalar ona “yolun sonunda ağacı” unutmamağa çağırırdı.
 
 
 
Üzük var-taxmağa bir barmağın yox,
 
Yollar var-ayaqsız yol yormağın yox.
 
Yamaq vurmağa da öz bayrağın yox.
 
Nə yaman ağırmış bulud kölgəsi,
 
İçimdə bağıran köçəri səsi.
 
 
 
Qəribədir: sanki onun uşaqlığında Səməd Vurğunun epik xatirə obrazı yoxdur. Uşaqlıqda ancaq nənəsinin səsi, atasının saçlarının rəngi, buludların və ağacların kölgəsi var. Məhz elə bunlar da “yaddaşın təxəyyülünü” hərəkətə gətirir. O, uşaqlığa yalnız səsə görə qayıda bilirdi.
 
Yaddaşın təxəyyülü ona ölülərin, yuxuların və kölgələrin səsini eşitməyə imkan verirdi.
 
 
 
Bir ağac, ya bir insan kölgəsi
 
Ömrün ən işıqlı gününə düşməlidir...
 
Və o kölgəyə ayaq dəyən anda
 
Açılmalıdır uşaqlığın dili,
 
Bir kənd çağırmalıdır səni
 
Sükuta dönmüş fəryad səsiylə...
 
Ömrün dolaşıq düşmüş yollarından,
 
Qoy heç olmasa bircə cığır açılsın
 
O kəndin lal, səssiz harayına...
 
 
 
Şeirləri duyğuların deyil, yuxularında gördüyü, xatirələrində eşidə bildiyi səs təcrübəsinin ifadəsi idi.Diqqət yetirsəniz, görərsiniz ki, şeirinin sintaksisi bu təcrübənin gerçəkləşməsidir.
 
Bəlkə ona görə də bu tənha adamın və böyük şairin davamçısı və varisi olmaq mümkünsüzdür.
 
Bəlkə də bu axirət sevdası onda yuxu instinktini bu qədər gücləndirmişdi. Yuxu şeirlərinin sadəcə mövzusu və ya motivi deyildi. Yuxu onun inandığı hadisə, güvəndiyi yer idi. Ömrü, ölümü və dünyanı anlamaq imkanı idi.
 
 
 
Bir yuxu dayanıb qapım ağzında,
 
Tozlu astanaya düşüb kölgəsi.
 
Qapını açmağa çağırır məni
 
Yozulmaz yuxunun kimsəsiz səsi
 
 
 
Müxtəlif dillərdə “yuxu” sözünün semantikasını açmağa çalışan alimlər bu sözdə Tanrı ilə ünsiyyət qurmaq aktı ilə bağlı təsəvvürlərin kodlaşdığını deyirlər. Vaqif Səmədoğlu “yuxu”lar vasitəsilə ruhlarla əlaqə qurur, “başqa” dünyalardan gələn səsləri duyurdu.
 
 
 
... yuxuya gedərdim mən
 
nənəmin,
 
rəhmətlik nənəmin səsini
 
yorğan kimi üstümə çəkib...
 
 
 
Bu şeirlər mediativ-maqik poeziyanın, ovsun-dua ənənəsinin mükəmməl örnəkləridir. Zikr məqamının sözə, şeirə çevrilib, bəyaz varaqlara köçürülməsidir.
 
Son müsahibələrində “ölümün nə olduğunu bilmirəm”, “mən ondan qorxmuram, çünki onu tanımıram” deyirdi-bu, müdrik yaddaşın etirafı idi.
 
Görəsən, indi yuxular və kölgələr səltənətində ölümü tanıya bildi mi?
 
Hardasan, Vaqif Səmədoğlu?
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR