Zorlama hekayələri və gerçəkliyi

Zorlama hekayələri və gerçəkliyi
22:37 19 Fevral 2015
991 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az BBC-yə istinadən Rəşad Şirinin bloqundan yazını təqdim edir
Son bir ayda zorakılıq ilə bağlı artıq ikinci şokumu yaşadım. Birincisi uydurulmuş hekayə idi, ikincisi tükürpədən gərçək.
Birincisi, Incendies (Yanğınlar) filmidir. Kanadalı rejissorun canlandırdığı hekayə Yaxın Şərqdə baş verir. Partiya liderinə sui-qəsd edən qadını həbsə məhkum edib işgəncə verirlər. Bir gənc müstəntiq dəfələrlə zorlayır, sonunda qadın hamilə olur.
 
Filmin ən sarsıdıcı məqamı isə odur ki, qadını zorlayan gənc, elə həmin qadının illər öncə dünyaya gətirdiyi, rəsmi nigahdan kənar olduğu üçün ailəsinin qəbul etmədiyi və tərk etməyə məcbur qaldığı oğludur. Oğlanın ayağındakı işarədən anlayır qadın. İnsanın bədənini titrədən mesaj: "zorladığın qadın sənin anan ola bilər". Və ya daha da dərinə getsək, "zorladığın qadın əslində sənin anandır" mesajı oxuna bilər.
İkinci hadisə, Özgecandı. Mələk üzlü, 1995-ci il təvəllüdlü, məsum qızcığaz. Əsrlərdən bəri davam edən qadına qarşı münasibətin amansız və günahsız qurbanı. Caninin ifadəsini qoymuşdular internetdə, oxuya bilmədim sona qədər - o qədər acımasız, düşməncəsinə davranır ki…və bundan bəhs edə də bilir. Deyilənlərə görə, ifadə verərkən çox sakit və soyuqqanlı olub qatil.
 
Təbii ki, qətllər sadəcə qadınların başına gəlmir. Bəlkə də həmin adam bir kişini də elə rahatlıqla öldürə, doğraya, kəsə bilərdi. Amma qadınlar bu durumlarda daha müdafiəsiz və daha kövrəkdirlər.
 
Və şəxsən mən bu canilərə, cinayətləri sübut olarsa, ən ağır cəzanın verilməsinin tərəfdarıyam. Hətta həbsxanalarda yazılmamış qanunlara görə bu insanlar ən ağır rəftarla üzləşirdilər - indi bununla bağlı vəziyyətin nədən ibarət olduğunu bilmirəm.
Lakin yuxarıda da qeyd etdiyim kimi, heç bir cəza cinayətin qarşısını tam ala bilməz. Nə qədər də qəddar cəzalar təyin olunsa cinayətlər hər zaman baş verir.
 
Burada məni daha çox düşündürən qadına qarşı nifrətin qaynaqlarıdır, mənbəyidir. Xüsusilə də zorlama cinayətində. Burada bu olaya geniş və bəzən də soyuqqanlı baxaraq bunun dibinə enmək, məsələnin mahiyyətini anlamaq çox vacibdi. İctimai qınaq və hüquqi cəza məsələnin vacib, amma sadəcə bir tərəfidi. Bu hadisənin ən azından psixoloji, bioloji, mədəni və siyasi tərəfləri də var.
 
Başlayaq qadına qarşı nifrətdən. Bu kifayət qədər yayılmış bir global sosial və mədəni problemdi, yəni insanlar arası ünsiyyət və tərbiyə ilə bağlıdı. Kökləri tarixin dərinliklərinə gedir, yunanlar buna mizoqiniya deyirdilər.
 
Bu özünü müxtəlif şəkillərdə nümayiş etdirən bir ideoloji silahdır sanki: qadını aşağılayan zarafatlardan tutmuş pornoqrafiyaya qədər təzahür edir. Yeri gəlmişkən bir çox zorlama hadisələrdinə cinayətkarın pornoqrafik filmlərin təsiri altında olduğu aşkarlanmışdır. Qadın ikinci dərəcəli məxluq və kişinin davamı və ya qeyri-mükəmməl versiyası sayıldığı üçün ona bu aşağı yeri göstərən inanc sistemi formalaşır sanki. Qadın nə iqtidara, nə də qərar-vermə prosesinə cəlb edilmir, hətta öz həyatı haqqında qərarlar da kənarda verilir. 1960-70-ci illərdə İspaniyada qadın yanında kişi olmasa bir çox işləri görə bilməzdi, məsəl üçün bank hesabı aça bilməzdi. İranlı rejissor Jafar Panahinin Dairə filmində avtobus vağzalında qıza bilet satmırlar ki, yanında kişi xeylağı yoxdu.
 
Hətta qadının öz vücuduna qarşı nifrət hiss etməsi aşılanır. Bunun nəticəsində qadınlar bədənləri üzərində plastik əməliyyatlar edir, bəzən isə anoreksiyaya düçar olurlar.
Ən maraqlısı odur ki, mizoqiniya sadəcə kişilər tərəfindən təbliğ edilmir, qadınların da dəstəyi var burada. Qadınlar həm digər qadınlara qarşı həm də özlərinə qarşı aşağılayıcı mövqe sərgiləyə bilərlər.
 
Məsəl üçün slut-calling anlayışı var: qadına müəyyən davranışı və ya geyimindən dolayı aşağılayıcı sözlərin deyilməsi. Bunu sadəcə kişilər etmir, qadınlar da qadınlara qarşı edir.
 
Dünən xəbər saytlarının birində yenə zorlama xəbəri vardı. Bakıda gecə saat dörddə bir qadını maşının içində zorlayıblar. Xəbərin dərhal altında rusdilli bir qadının şərhi var idi ki, "o qiz gecə dörddə iki kişiylə eyni maşında nə edirdi ki?". Şərh yazan digər insanlar bu qadını inandırmaq istəyirdilər ki, günah xanımda deyil, amma alınmadı.
 
Zorlanan qızı günahkar görən qadın sözündən dönmədi. Buna isə deyirlər qurbanı günahkar çıxarmaq psixologiyası. Bu yanaşma geniş istifadə olunur və bir çox hallarda mövcud status-kvoya haqq qazandırmaq üçün istifadə olunan ideologiyadı. Məsəl üçün, irqçilik retorikasında bəzi irqlərin geridə qalmışlığını onların öz günahı olaraq görürlər.
 
Modern və post-modern dönəmlər qadın hüquqları baxımından ən uğurlu dönəmlər oldu. Qadına nifrət ciddi global problem olaraq qalmaqla yanaşı, bir çox şeylər inqlabi şəkildə dəyişdi. Qadınlar təhsilə, iş imkanlarına, siyasətə geniş çıxış əldə etdilər. Bərabər hüquqlu vətəndaşa çevrildilər.
Lakin bunun üstünlükləri olduğu kimi də ciddi fəsadları da ortaya çıxdı. Məsəl üçün belə bir fikir var ki, “zorlama kültürü” müasirlik və sənayeləşmə ilə bağlıdı. Bu yanaşma deyir ki, sənayeləşmədən öncəki cəmiyyətlərdə qadınların statusu aşağı olduğu üçün bu onlara cinsi zorakılığa qarşı bir immunitet verirdi. Evdə qadın daha təhlükəsiz idi. Sənayeləşmə qadını evdəki rolundan çıxarıb iş yerinə gətirir, o məkanlara ki ənənəvi olaraq kişilərə aid idi və kişilər özlərini bu yeni ortamda daha güvənsiz hiss edərək zorlamadan bir qarşıqoyma metodu kimi istifadə edirlər.
Qadına qarşı nifrət və aşağılama - mizoqiniya mədəniyyətlə bağlı olsa da sırf konkret ölkələrlə, millətlərlə, dinlərlə bağlı olduğunu söyləmək çətindi. Qərbdə və Şərqdə tarixən eyni dərəcədə rastlanan bir fenomenə bənzəyir. Məsəl üçün Aristoteldən tutmuş Hegelə qədər Qərbin nəhəng düşüncə insanları qadının ikinci dərəcəli, daha az intellektə sahib olan varlıq kimi görüblər.
 
Zorlama hadisəsiləri də analojidir. Zorlamanın ən çox baş verdiyi ölkələr arasında Pakistan və Hindistanla yanaşı ABŞ, İngiltərə, Kanada və Avstraliya göstərilir. ABŞ-da kişilər arasında həbsxana zorlanması da çox yayqındır. Bundan əlavə orada universitetdə zorlama kimi olaylar da artıq termin kimi istifadə olunur.
 
Bu fenomenə yaxın bir digər dəhşətli cinayət də namus cinayətidir və bəzən zorlanmış qadın “ailənin namusunu kirlətdiyi” üçün öldürülür. Bu cinayətlər daha çox Orta Şərq, Asiya və Avropanın Cənubunda, məsələn İtaliyada yayğındır.
 
Təbii ki, medianın bu halları nə qədər qabartmağı məsələsi də var. Bu baxımdan Azərbaycanda son zamanlar daha çox rastlanan zorlanma xəbərləri əslində mövcud olan problemi ortaya çıxarır. Bu artımın səbəbi nədir: hadisələrin mi artdığı yoxsa alternativ medianın bunu daha çox işıqlandırdığı mı? Bunu demək çətindir.
 
Amma sosial modernləşmənin bu cür davranışı artırması tendensiyası da ehtimal edilə bilər. Təbii ki, bunlar daha çox analiz edilməlidir. Məsəlçün, qadınlar daha çox hansı şəraitdə cinsi zorakılığa məruz qalır. Son günlər sendeanlat həştəqindən oxuduğumdan belə başa düşdüm ki, bu cür zorakılıq hadisələri və cəhdləri Azərbaycanda daha çox küçə, məktəb, universitet, qonşuluq və evdə baş verir. Təbii ki, internetdə yazanlar təhsilli qadınlardı və bəzi araşdırmalara görə təhsilsiz qadınlar daha çox məruz qalırlar zorakılığa. Bundan əlavə zorakılıq qurbanları yaşadıqları olaylarla bağlı çox vaxt danışmağa çətinlik çəkirlər qorxu və travmaya görə. Yəni nəticə etibarilə “həştəqdən kənarda” qalan bir kütlə olduğu ehtimalı da güclüdür.
 
Bizim önümüzdə duran məsələ, fikrimcə, ondan ibarət olmalıdır ki, yeni yaranmış vəziyyəti anlayaraq ona reaksiya verək. Burada fərdlərin rolu qədər də dövlətin rolu çox önəmlidir məncə. Dünyanın bir çox dövlətləri zorlamaya adətən yetərli diqqət yetimir. Hüquq-mühafizə sistemləri bu məsələyə ciddi yanaşmır və “günah öləndə olur” məntiqi ilə hərəkət edir.
 
Burada ictimai maarifləndirmə ilə yanaşı dövlətin bir çox qurumlarında islahatlar aparılmalıdır.
Bu, bir gecəyə baş verən hadisə olmayacaq amma bu deyişikliklərin başlaması bir çox müdafiəsiz qadını cinayətlərdən qoruyacaq.
 
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR