Gizli söhbət

Gizli söhbət
23:27 19 Fevral 2015
67 Sosial
Ölkə mətbuatı
A- A+

“Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri xəbər verəcəkdir. Allah layiqincə biləndir!” (əl-Mücadələ, 58/7)

Uca Allah bizi insan olaraq yaratmış, ağıl, iradə, azadlıq və məsuliyyət vermiş, peyğəmbərlər vasitəsilə mesajlar göndərmişdir. Bizə göndərilən bu mesajları həm başa düşmək, həm də başa sala bilmək, xüsusilə də Onun razılığına uyğun olaraq həyatımızı istiqamətləndirə bilmək üçün də başda danışmaq olmaqla bizə bəzi qabiliyyətlər verib və dünya həyatında bizi imtahan edəcəyini bildirmişdir. Danışmaq qabiliyyəti insanlara verilən nemətlərdən, sadəcə, biridir. Hər bir nemətin bir şükrü olduğu kimi, gözəl və mənalı danışmağın da bəzi qaydaları vardır ki, onlara riayət etmək lazımdır.

Haqqında danışdığımız bu və növbəti ayələrdə Peyğəmbərimizin dövründəki bəzi hadisələrin işığında dinimizin əsas etiqad və əxlaq prinsiplərindən bir hissəsi haqqında danışılır və bu prinsiplərə uyğun olaraq, müsəlmanların davranış qaydaları yaratmaları üçün nümunələr verilir. Quranın birinci əmri “oxu!” sözü ilə başlayan ayədən, bu ayənin enməsinə qədər keçən müddətdə baş vermiş hadisələri tədqiq etdiyimiz zaman Peyğəmbərimizin təbliğ fəaliyyətinin nə qədər uğurlu olduğunu daha yaxşı başa düşmək olur. Belə ki, Uca Allah “Görmədin mi?” sözü ilə diqqətimizi çəkir, bizi tövhidə dəvət edən cəmiyyətin dincliyinin təmin olunması və cəmiyyətin fərdləri arasında sevgi və hörmət hisslərinin inkişaf etdirilməsi üçün davranış qaydalarına riayət etməyin əhəmiyyətini vurğulayır. Burada haqqında danışılan mövzulardan birincisi bir neçə insanın bir yerə toplaşıb, öz aralarında gizli danışıq aparmaları və başqa insanların olduğu yerdə pıçıltı ilə danışmalarıdır. Pıçıltı ilə danışmaq mənasındakı “Nəcva” kəlməsi Quranın 13 ayəsində keçir. Həmin ayələrin tamamını nəzərdən keçirdikdə məlum olur ki, nəcva (gizli danışmaq) tamamilə qadağan olunmuş bir rəftar deyil. Nəcvanın hökmü nə haqqında və nə üçün danışıldığı ilə əlaqəlidir. Hər nə qədər bəzi müfəssirlər gizli danışmağın qadağan olmasını Həzrəti Peyğəmbərin məclisinə məxsus olduğunu bildirsələr də, bu vəziyyət ümumilikdə müsəlmanlar üçün də qüvvədədir. Ayələrin konteksində mövzunu araşdırarkən görmək mümkündür ki, insana şah damarından daha yaxın olan Uca Allah kainatdakı canlı və cansız bütün varlıqların çıxardıqları səsləri, danışıqlarını və gizli pıçıltılarını da eyni zamanda eşidir və bilir.

Üstəlik, həmin ayədə İslamın etiqad əsaslarından “Allahın elminin sərhədinin olmadığına iman etmə” prinsipi də vurğulanır. Ayənin davamından isə Allahın elminin sərhədləri mövzusunda şübhəsi olanlara xitab edilərək: “Sonra əməllərini onlara Qiyamət günü xəbər verəcəkdir. Allah layiqincə bilir”,- deyə buyurulur.

Bu mövzu ilə əlaqəli başqa bir məsələ də ondan ibarətdir ki, Uca Allah hər şeyi ən yaxşı eşidən, görən və biləndir, nə gizli, nə də aşkarda baş verən heç bir şey Allahdan gizli qalmayacaqdır.

Allah Özündə mövcud olan danışma vəsfinin bir təcəllisi kimi kainatdakı bütün varlıqlara danışmaq, Allahı xatırlamaq qabiliyyəti vermişdir. Biz başa düşməsək də, kainatdakı bütün varlıqların Allahı zikr etməsi (əl-lsra, 17/44) hər birinin öz dilindədir.

İnsan kimi bizə bəxş olunan eşitmə, görmə, danışma, bilmə və s. qabiliyyətlərimiz məhduddur. Məsuliyyətimiz də gücümüz, imkanımız və qabiliyyətimiz nisbətindədir. Məsələn, insanlara verilən eşitmə qabiliyyətinin müəyyən bir aşağı və yuxarı səviyyəsi vardır. Bu səviyyələrin fövqündə danışa və eşidə bilmərik. Bu sərhədləri zorla keçməyə çalışsaq, daşıya bilməyəcəyimiz bir yükün altında qalıb əzilə bilərik.

Buna görə də insan kimi Allahın bizə verdiyi görmə, eşitmə, bilmə və danışma nemətlərimizin sərhədlərinə layiqli şəkildə riayət etməliyik. Bu nemətləri necə qiymətləndirdiyimizlə əlaqəli mühakimə olunacağımızı da unutmayaq. Qəsdən və yaxud bilmədən etdiyimiz səhv və günahlardan tövbə edib, özümüzə nəzər salaraq Allaha üz tutaq.

Uca Mövla hamımızı Ona layiqli şəkildə bəndəlik edənlərdən etsin.

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR