AÇG-yə 3,3 milyard xərclənib

AÇG-yə 3,3 milyard xərclənib
00:46 20 Fevral 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinə 2014-cü il ərzində təqribən 1 milyard dollar əməliyyat məsrəfləri və 2,3 milyard dollar əsaslı məsrəflər xərclənib.

"bp-Azərbaycan" şirkətindən ANS PRESS-ə bildirilib ki, ötən ildə AÇG-nin fəaliyyətində mühüm bir nailiyyət qeyd olundu – Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olundu. Qərbi Çıraq platforması yanvarın 28-də öncə qazılmış quyuların birindən hasilata başladı. O vaxtdan bəri Qərbi Çıraq platformasından hasilat artaraq altı quyudan indiki həddinə – gündə təqribən 90 000 bareldən artıq səviyyəyə çatıb.

AÇG-də 2014-cü ildə sabit hasilat davam edib. İl ərzində AÇG-dən ümumi hasilat – Çıraq (61 900), Mərkəzi Azəri (156 500), Qərbi Azəri (149 300), Şərqi Azəri (74 200), Dərinsulu Günəşli (145 900) və Qərbi Çıraq (50 200) platformalarından birlikdə – gündə orta hesabla 638 000 barel (b/g) və ya ümumilikdə 233 milyon barel, yəni təqribən 31,5 milyon ton təşkil edib.

İlin sonunda bizim ümumilikdə AÇG-də 84 neft hasilat quyumuz və 39 qaz və su injektor quyumuz istismarda idi.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq, 31 oktyabr – 27 noyabr tarixində Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər həyata keçirilib. Bu cür işlər platformalardakı qurğu və avadanlıqların indiyədək AÇG-də əldə edilmiş ümumi yüksək səmərəliliyini təmin etməyin mühüm hissəsidir.

Verilən məlumata görə, 2014-cü ildə AÇG-də 14 neft hasilat quyusu, 4 suvurma və 1 şlamların yenidən laylara vurulması quyusu qazılıb. AÇG Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28 düymlük sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam edib.

Azəridəki üç platformadan – Mərkəzi, Qərbi və Şərqi Azəridən, səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına göndərilmiş və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql olunub.

Qərbi Çıraqdan hasil edilən səmt qazının böyük hissəsi də Səngəçal terminalına göndərilib. "Çıraq" platformasından hasil edilmiş səmt qazının əksər hissəsi mövcud 16 düymlük sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilib. 2014-cü ildə BP buxarlanan qaz kompressorları və boru kəmərləri üçün planlaşdırılmış işləri başa çatdırıb. Bu isə Çıraq platformasında məşəldə yandırılan qaz həcminin xeyli azalmasına imkan verib.

AÇG-dən ARDNŞ-a gündə orta hesabla 7,55 milyon kubmetr, ümumilkdə isə il üçün 2,76 milyard kubmetr səmt qazı verilib.

Bundan əlavə, AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur.

Ötən ildə terminal 298,5 milyon bareldən artıq neft, o cümlədən 260 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, təqribən 31,4 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 5,3 milyon barel dəmir yolu vasitəsilə və 1,84 milyon barel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

Xatırladaq ki, Azəri-Çıraq-Günəşli (AÇG) layihəsində iştirak payları belədir: BP (operator – 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=326988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR