Sağlamlıq üçün məsləhət: Heç fitnes-klub da lazım deyil

Sağlamlıq üçün məsləhət: Heç fitnes-klub da lazım deyil
11:32 2 Yanvar 2015
449 Sosial
Ölkə mətbuatı
A- A+

Amma qaçmağın xeyri ilə yanaşı, zərərləri də var
Qaçaraq bir çox xəstəliklərdən sığortalanmaq olar. Bədən quruluşuna və sağlamlığının qeydinə qalanlar arasında qaçışa üstünlük verənlər də çoxdur.

Məşqçi Bayram Mirzəyevin sözlərinə görə, qaçışa hazırlaşanın geyimi və ayaqqabısı rahat olmalıdır. Qaçış üçün xüsusi idman ayaqqabıları almaq lazımdır. "İdman ayaqqabısı alarkən qənaət etməyin. Ayaqqabı keyfiyyətli, rahat, ayağı zədədən qoruyan olmalıdır".

Həmsöhbətimiz bildirir ki, məşqlər zamanı insan tez-tez susayır və buna görə də qaçarkən özünüzlə su götürməyi unutmayın: "Musiqi sevənlər, qulaqcıqlarla musiqiyə qulaq asaraq da qaça bilər. Bu, qaçışı daha zövqlü edəcək. Bununla belə, nəzərə almaq lazımdır ki, bu həm də təhlükəlidir. Belə ki, arxadan gələn maşının səsini eşitməyə bilərsiz. Musiqi sədaları altında qaçmaq üçün təhlükəsiz yer seçilməli və musiqinin səsi azaldılmalıdır".

B.Mirzəyev qeyd edib ki, qaçışla yenicə məşğul olmağa başlayanlar üçün həftədə üç dəfə olmaqla yarımsaatlıq məşq kifayət edər: "Qaçışın müddətini və sürətini yarım ildən tez çoxaltmaq olmaz. Bu müddət ərzində əzələlər, oynaqlar bərkiyəcək və fiziki yüklənməyə tab gətirəcək. Bəziləri yanlış olaraq düşünür ki, qaçış üçün məsafə uzun olduqca cana xeyri çox olur. Fiziki yüklənmə hər kəs üçün fərqlidir. Özünü məcbur edərək qaçmaq olmaz. Qaçmaq insanı rahatlaşdırmalı və ona xoş gəlməlidir".

Məşqçi məsləhət görür ki, idman zamanı zədələnmə və ağırlaşmaları aradan qaldırmaq üçün qaçışdan əvvəl və sonra nəbzi yoxlayın: "Qaçış bitdikdən sonra 5 dəqiqə dincəldikdə nəbz idmandan əvvəlki kimi olmalıdır. Qaçışdan əvvəl yüngül idman hərəkətləri edərək əzələləri qaçışa hazırlayın. Pəncə və dizləri hərəkət etdirən idman hərəkətləri edin".

Qaçış üçün yer seçərkən yumşaq yerlərə üstünlük verilməlidir. Asfalt yerdə qaçmaq məsləhət deyil.

Müsahibimiz bildirib ki, qaçarkən ayaqları çox yuxarı qaldırmaq olmaz: "Ayağı yerə qoyarkən isə ağırlığı barmaqlara deyil, bütün pəncəyə verin. Qaçış üçün addım böyük olmamalı, təbii olaraq balaca addımlarla qaçmaq lazımdır".

Onun dediyinə görə, qaçmağın sağlamlığa xeyri olsa da, zərərli tərəfləri də var: "Ürək xəstəliklərindən əziyyət çəkən, fiziki yüklənmələr zamanı sinəsində ağrıları olanlara qaçmaq məsləhət deyil. Yaxşı olar ki, ürəyində problemi olan əvvəlcə kardioloqa müraciət etsin. Əgər o, məsləhət görərsə, qaçışla məşğul olmaq olar. Yenicə insult, infarkt və ya əməliyyat keçirənlərə də qaçmaq olmaz. Onlar üçün həkim müalicəvi bədən tərbiyəsi təyin edir. İnfarkt keçirən insanlar yalnız 2-5 ildən sonra vəziyyətləri yaxşılaşıbsa, qaçışla məşğul ola bilərlər".

Dərmanlarla pis tənzimlənən hipertoniya xəstəliyindən əziyyət çəkənlərə də qaçmaq zərər verər. Şəkərli diabetin bəzi formaları, başqa endokrin xəstəliklər, epilepsiya, 15 kq və daha çox piylənməsi olan, oynaq və onurğa xəstəlikləri, infeksiyalı xəstəliklərin kəskinləşməsi zamanı (qrip, yuxarı və aşağı tənəffüs orqanlarının xəstəlikləri) və ondan sonra gücün bərpa olunması dövrdə, böyrək, sidik və cinsi orqanların xəstəliklərində qaçış məsləhət deyil. Sadlanan xəstəliklər zamanı əksəriyyətə sürətlə gəzmək də olmaz.

Mirzəyevə görə, bir müddət qaçdıqdan sonra ayaqlarda, beldə, sinədə ağrılar, narahatlıq müşahidə olunarsa, dərhal qaçışı dayandırmaq lazımdır. Bununla bağlı həkimlə məsləhətləşin. Əgər ayaqlarda yüngül ağrılar varsa, fiziki yüklənməni azaltmaq lazımdır.

Əgər sağlamlığınız qaçmağa imkan vermirsə, qaçışı gəzinti ilə əvəz etmək olar. Oturaq həyat tərzi keçirən insanlar üçün də qaçmaq çətindir. Qaçarkən bədən ağırlaşır, ayaqları belə yerdən qaldırmaq əziyyət hesabına başa gəlir. Amma ruhdan düşmək lazım deyil. Qaçışla məşğul olmazdan əvvəl oturaq həyat tərzi sürənlər yüngül idmandan başlaya bilərlər. Müntəzəm olaraq idman etmək, bədəni hərəkətə alışdırmaq lazımdır. Aerobika, üzgüçülüklə də məşul olmaq olar. Gəzinti ilə məşğul olaraq da bədəni, immun sistemini möhkəmlətmək olar. Amerikalı alimlər təcrübələr əsasında sübut ediblər ki, gəzmək ən xeyirli idman növüdür. Piyada gəzinti stressi aradan qaldırır və təzyiqi normallaşdırır. "Mayo Clinic Proceedings" tibb jurnalının redaktoru Ceyms Levin qeyd edib ki, gəzinti istisnasız olaraq hamı üçün xeyirlidir. Onun sözlərinə görə, fitnes-klublara getmək lazım deyil. Televizor və ya kompüter arxasında çox oturmaqdansa, bacardıqca gəzmək lazımdır. Oturaq həyat tərzi isə bel üçün ziyandır, həmçinin əlavə çəki yaradan xolesterinlərin miqdarını da artırır. Gəzinti oynaq və ayaqlara da xeyirdir, əhvali-ruhiyyəni də yüksəldir. Gün ərzində 5 dəqiqə açıq səma altında gəzmək insanın emosional vəziyyətinin normallaşması üçün kifayətdir. Yaponiyalı alimlər isə iddia edirlər ki, intensiv gəzinti arterial təzyiqi də normallaşdırır.

Həmsöhbətimiz əlavə edib ki, sağlamlıq üçün xeyri olsun deyə, yavaş deyil, tez-tez gəzmək lazımdır. Heç olmasa, yarım saat sürətlə gəzmək tələb olunur. Bu cür məşqin orqanizmə faydalı olması üçün məşqlər müntəzəm, həftədə 2-3 dəfə olmalıdır.

ekspress.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR