Bilik Fondu şuşalılarla görüş keçirdi (FOTO)

Bilik Fondu şuşalılarla görüş keçirdi (FOTO)
10:43 20 Fevral 2015
57 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Şuşa Rayon İcra Hakimiyyətində Dağlıq Qarabağın Azərbaycanlı İcması və şuşalılarla görüşüblər.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva, Bilik Fondunun nümayəndəsi, rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, millət vəkili Elman Məmmədov iştirak ediblər.

Əvvəlcə Şuşa Şəhər Yaradıcılıq Mərkəzi yetirmələrinin rəsmlərindən ibarət sərgi nümayiş olunub.

İcra Hakimiyyətinin başçısı B.Səfərov bildirib ki, ölkə Prezidentinin fərmanı ilə Bilik Fondunun yaradılması Azərbaycanın təkcə təhsil sahəsində deyil, bütün sahələrdə uğurlu inkişafına təkan olacaq: “Bilik Fondu öz üzərinə çox şərəfli missiya götürüb. İşğalda olan torpaqlarımızı mütləq azad edəcəyik. Buna ordumuzun gücü çatar. Ancaq sülhpərvər olduğumuz üçün biliyin gücünə daha çox arxalanırıq. Ona görə də əsgərlərimizin, zabitlərimizin intellektual səviyyəsini artırmalıyıq. Şuşa ictimaiyyəti bu işdə Bilik Fonduna hər cür dəstək verməyə hazırdır”.

İcraçı direktor O.Səmədov Bilik Fondunun fəaliyyəti barədə geniş və ətraflı məlumat verib. Qısa zaman ərzində Fondun həyata keçirdiyi layihələrdən danışan O.Səmədov qarabağlıların genetik istedada malik olduqlarını və cəmiyyətin maarifləndirilməsində onların danılmaz rolunu xüsusi vurğulayıb: “Hər birinizi Bilik Fondu ilə yaxından əməkdaşlığa dəvət edirəm, cəmiyyətimizin inkişafında yeganə silah olan biliyin və maarifçiliyin təbliğatında əlinizdən gələni əsirgəməməyə çağırıram”.

Bilik Fondunun fəaliyyətini yaxından izlədiyini deyən millət vəkili E.Məmmədov hərbi sahədə maariflənmənin vacibliyini diqqətə çatdırıb: “Bu gün Azərbaycanın Ordusu, diplomatiyası, səhiyyəsi, iqtisadiyyatı məhz biliyə söykəndiyinə görə tərəqqi yolundadır. Artıq bizim öz sözünü deyən güclü hərbi sənayemiz var. Bilik Fondunun gördüyü işlərlə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi sabahın güclü əsgərinin zəfərinin təminatıdır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR