Nənə-baba institutu

Nənə-baba institutu
10:44 20 Fevral 2015
74 Sosial
Ölkə mətbuatı
A- A+

Uşaq yaşdaydım. Şəhərdən bir qohumumuz gəlmişdi, 5 yaşlı oğlanları ilə. Uşaq da necə ərköyün? Oyuncağına dəydilər, səsi aləmi başına götürür, həmyaşıdları ilə münasibət qura bilmir, eləcə dava - şava, səs-küy. İndiki dillə desək,  eqosu tavandaydı . Qohum- əqrəba, “Bu uşaq niyə belədi?” sualına cavab axtarırdılar ki, babam siqaretinə bir qullab vurub, havaya buraxdığı tüstünün arxasıyca danışırmış kimi, sakitcə dedi :
 

- Uşaq iki yaşına çatdı, evdə ikinci uşağın üzünü görməlidi, bala. Görmədi, belə olacax da…
 

Uşaqlıq yaddaşımın bır qırağında ilişib qalmışdı bu sözlər. Çox sonralar aydın oldu mənə ki, bu iki kəlmənin elmi adı “ ailə planlaması”dı. İndi böyük böyük adamların , institutların işlədiyi, ailələrə məsləhət kimi təqdim etdikləri məsələləri , babalarımız hamıdan yaxşı bilirmiş…
 

Xeyir bir işin müzakirəsi idi evdə. Söhbət ailədaxili məsələdən yox, el üçün olacaq bir tədbirdən gedirdi. Cavan qohumlardan birinin hansısa bir “yenilik” təklifinə, nənəm çox bərk hirsləndi. Və mövqeyini konkret qoydu:
 

- Elə şey olar, a bala ? Elə kimin ağlına nə gəldi eləsin, bəs el adama nə deyər?
Bir də təkrar edirəm ha, məsələ ailədaxili və ya şəxsi məsələ deyildi, xeyir işin məsləhtləşməsiydi.

Nənəmin dediyi “ el adama nə deyər?” misalı, müasir siyasətdə, cəmiyyətdə , “ictimai rəylə razılaşmağın” özüdür ki var. Partiyaların, siyasi təşkilatların ayrıca üzərində işlədiyi, siyasi məktəblərin dərs kimi tədris elədiyi məsələni, mənim nənəm bir kəlməylə həll edirmiş, sən demə…
 

İndi üzərinə “ Ordubad quru meyvələri” yazıb , xalqı aldadan dükanları boş verin. Mən sizə xalis ordubadlı kimi deyirəm; Ordubadda quru meyvə adına bir tək qoz (cəviz) olub. Ordubadda quru meyvə olmur. Meyvə qurusu və qaxı olur. Bütün meyvələri günəş şüalarının altında qurudub qışda istifadə eləməyə, bizim nənələrimizdən yaxşısını, axtarmayın. Tapa bilmərsiz. Həm də ona görə tapa bilmərsiz ki, artıq heç biz özümüz də tapa bilmirik… Getdilər, amma getmədən öncə çox şeylər qoydular bizimçün.
 

“ Xoşab” eşitmisiz? Uşaqlığımızdan, lap qoca nənələrimizdən qalan tamdı damağımızda. O gün, nənəsinin əvvəllər xoşab hazırladığını deyən bir dostumdan soruşdum ki, nə qalıb yadında? Sağ olsun, unutmayıbmış, “ Nənəm , alça , gilas, gilənar, gavalı qurusu, ərik ,alma ,armud, heyva və güşdü (şaftalı) qaxının hərəsindən iki “nənə ovucu” suya tökürdü, azca da şəkər tozu əlavə edirdi. Yaxşıca qaynayandan sonra meyvəsini yeyib, suyunu içirdik. İndi ta eləyən yoxdu”.  Sözə baxın e, “nənə ovucu”.  Tərpətdimi sizi də? Onda davam edək. Kəndimizdən bir nəfər aviasiyada qulluq edən var idi. Yox əşşi, xəyal qurmayın, kosmonavt zad deyildi, aviasiayla bağlı hərbi hissədə, anbarda olurmuş. Gələndən sonra danışdı, heç kim inanmadı. Dedi ki, kosmonavtlara şaftalı xoşabı verirdilər, kəndin camaatı yazığı hoydu-hoyduya götürdü. Hələ deyəndə ki, bu “xoşab” xüsusi qablaşdırmada xaricdən gəlirdi, əməllicə məzəmmət elədilər kişini. Axırı yolunu tapdı. Azərbaycandan onunla birlikdə olan, tək əsgərlik yoldaşını min zülmlə tapıb, qonaq çağırdı. Bütün kəndi də yığdı qonaqlığa. Nənəsinə xahiş elədi ki, xoşab bişirsin - şaftalı xoşabı ! Əsgər yoldaşı xoşabı başına çəkib bilirsiz nə dedi?
 

- Bunun nətər əkişdirib gətiribsən, ə? Nə qədər gətiribsən ki, indiyə qədər qalıb??
 

O anı təsvir edə bilmirəm. Orda olmamışam, uşaq idim. Olsam belə , inanmıram təsvir etməyə istedadım çataydı. Görün özünüz bir şey edə bilirsinizmi?
Bax, beləcə…Bizim nənələrin “ xoşab”ı, kosmonavt içkisiymiş.
 

Son illərin söhbətidi, əsgərlər qara düşüb, yolu azmışdılar. Gecəni çöldə, üstəgəl dizə qədər qarda yol getmək, əməllicə dondurmuşdu ayaqlarını. Allahdan , çoban Faxının nəvəsinin sözünə qulaq asmış, şalvarlarının balağını əsgər çəkməsinin içindən çıxarıb, üstünə salmışdılar. Bu da ki, qarın çəkmənin içinə girməsinin qarşısını almışdı. Əks halda, ayaq barmaqlarını donvurmadan itirə bilərdilər. Bu sadə tədbir, heç bir hərbi kitabda yox idi, heç bir komandir bu haqda əsgərlərə məsləhət verməmişdi. Məsləhəti çoban Faxı vermişdi, öz nəvəsinə…
 

Hələ, xəstəliklərdən bizi qoruyan “ qoqulu- moqulu”nu, indi firmaların, qanı qiymətinə ordan-burdan gətirib, uşaqlara sümük bərkiməsi üçün verilən dərmanları əvəz edən, toyuq yumurtasının qabığı ilə hazırlanan məhlulu demirəm…
Keçmişə boylanmıram, “eşşək südü ilə sarımsağın” bütün dərdlərə əlac olduğundan da bəhs etmirəm sizə. Uşaqlarımızın böyük bir institutundan, “baba-nənə institutundan” kənar böyüdüyünü deyirəm. Bax soruşursunuz e, “ hər şey eləyirik də, bu uşağın nəyi çatmır axı, niyə belədi?” Məhz bu sualın cavabını düşünərək bu qənaətə gəlirəm. Baxın ətrafınıza, nənə-babasıyla böyüyən neçə uşaq var? Onları böyük - böyük institutlarda, ali təhsil ocaqlarında oxutmağı düşünürük. Amma təhsilin də, tərbiyənin də, müdrikliyin də ən alisini, “nənə-baba” institutunu, yox e, akademiyasını görməzdən gəlirik…


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR