Sabiq nazir manatın vəziyyətindən danışdı - MÜSAHİBƏ

Sabiq nazir manatın vəziyyətindən danışdı - MÜSAHİBƏ
11:09 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sabiq maliyyə naziri, Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun “APA-Economics”ə müsahibəsi.

 

- Fevralın 16-da Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətini dəyişdiyini elan etdi. Cərəyan edən proseslər onu deməyə əsas verirdi ki, yaranmış vəziyyətdən iki çıxış yolu var idi: bəzi qonşu ölkələrin etdiyi kimi, kəskin devalvasiyanı elan etmək, və ya yumşaq devalvasiya. Mərkəzi Bank ikinci yolu seçdi. Sizcə bu, ən optimal addım idimi?

 

- Mən hesab edirəm ki, Mərkəzi Bank bu addımı hələ ötən ilin ortalarından, daha dəqiq desək, avqust-sentyabr aylarından başlayaraq atmalı idi. Digər tərəfdən, ola bilsin ki, sizinlə mənə bəlli olmayan başqa səbəblərdən Mərkəzi Bank bu addımı indi atıb. Bu addımın atılması çox zəruri idi və hesab edirəm ki, çox doğru addım idi. Fikir verin ətraf ölkələrdə nə baş verir. Bizim qonşu ölkələrin, başda Rusiya olmaqla, hansılarla ki, bizim sıx iqtisadi-ticari əlaqələrimiz var, milli valyutaları kəskin devalvasiyaya uğrayıb. Məsələn, Rusiya rublu 2 dəfədən çox dəyərini itirib. Belə olan halda, iqtisadi-ticari əlaqələrdə manatın rolunu nəzərə alan Mərkəzi Bank, məzənnə çevikliyinin tənzimlənməsi üçün çox zəruri addım atdı.

 

Bundan başqa, ümumiyyətlə son 10 ilin təcrübəsi göstərir ki, milli valyutanın məzənnəsinin bir möhkəm valyutaya bağlanması doğru deyil. Hər bir valyuta müəyyən proseslərin təsiri altına düşə bilər, baxmayaraq ki, biz ona möhkəm valyuta deyirik. İstər ABŞ dolları olsun, istər avro... İndiyə qədər ABŞ-ın milli valyutası zəifləyirdi, dəyərdən düşürdü. Bu isə ABŞ Federal Rezerv Sisteminin apardığı məqsədyönlü siyasətin nəticəsi idi. Məqsəd məzənnə siyasəti ilə iqtisadi prosesləri tənzimləmək idi. ABŞ öz məqsədinə çatandan sonra, bu prosesi dayandırdı və hazırda bu ölkədə iqtisadi artım təmin olunub. Əks proses indi Avropada baş verir. Avropa Mərkəzi Bankı müvafiq qərar qəbul edərək, avronun məzənnəsinin yumşaldılmasına çalışır. Burada da məqsəd ABŞ-ın keçdiyi yolu təkrar etməkdir. Bu gün Avropa ölkələrinin iqtisadiyyatı yerində addımlayır. İqtisadiyyatı dirçəltmək üçün, bu, doğru addımdı. Bir sözlə, əvvəl dollar zəifləyirdi, sonra bu proses avro ilə baş verir. Belə olan halda, təbii ki, milli valyutamızın bir möhkəm valyutaya bağlanması düzgün deyil. Bir sözlə, bivalyuta səbətinə keçid doğru addımdır və Mərkəzi Bank bunu da etdi. Rusiya Mərkəzi Bankı neçə ildir ki, bu yolla gedir. İlk öncə onlar bivalyuta səbətində avronun xüsusi çəkisini 10%, dolların xüsusi çəkisini isə 90% səviyyəsində müəyyən etmişdilər. Bu gün isə həmin səbətdə dolların payı 55%, avronun payı 45% təşkil edir.

 

- Mərkəzi Bankın sədri Elman Rüstəmov Qərb mətbuatına açıqlamasında bildirib ki, bivalyuta səbətində avronun xüsusi çəkisi 20-30% təşkil edəcək. Bir mütəxəssis kimi, sizcə bilvalyuta səbətində dollar-avro tandeminin pay bölgüsü necə olmalıdır?

 

- Bu məsələdə bir sıra amillər var ki, indidən hər hansı proqnoz verməyə imkan vermir.   Məsələn, kim zəmanət verə bilər ki, altı aydan sonra neftin qiyməti hansı səviyyədə olacaq? Azərbaycan iqtisadiyyatının neftdən asılılığı var. Bu nöqteyi-nəzərdən indidən hər hansı bir konkret rəqəm demək bir qədər çətin məsələdir.

 

Lakin bivalyuta sisteminə keçid bizə imkan verəcək ki, yarana biləcək istənilən vəziyyəti lazımınca tənzimləyə bilək.

 

- Siz qeyd etdiniz ki, Mərkəzi Bank məzənnə siyasətini ötən ilin avqust-sentyabr aylarında dəyişməli idi. Yəqin ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsini nəzərdə tuturdunuz...

 

- Bəli söhbət neftin ucuzlaşmasından gedir. Bundan başqa, söhbət eyni zamanda qonşu ölkələrdə milli valyutaların devalvasiyaya uğramasından gedir. Bu mənim şəxsi fikrimdi. Mən hesab edirəm ki, bu addım ötən ilin ortalarından atılsaydı, daha yaxşı olardı.

 

- ABŞ və Avrozona ölkələrinin iqtisadi siyasətinə toxundunuz. Sizcə Azərbaycana qonşu olan ölkələrin iqtisadiyyatında, o cümlədən Azərbaycan iqtisadiyyatında baş verən proseslərdə siyasi amil sezilirmi?

 

Biz istəsək də, istəməsək də, bəzi reallıqlar var ki, onları inkar etmək olmaz. Çünki onlar həddən artıq qabarıq şəkildə ortalıqdadır və onları danmaq mümkün deyil. Biz böyük güc deyilik. Böyük güc ABŞ-dır. Bu gün ABŞ Avropa və Rusiyanın istehsal etdiyi məhsuldan daha çox məhsul istehsal edir. Dünya üzrə istehsal olunan məhsulun ¼-i ABŞ-ın payına düşür. Digər tərəfdən ABŞ-ın dövlət büdcəsinin kəsiri Rusiya dövlət büdcəsindən çoxdur. Başqa hansı müqayisələr istəyirsinizsə edək... Ümumiyyətlə, israr edirəm ki, ötən ilin ortalarından müşahidə olunan neftin ucuzlaşması prosesi heç də iqtisadi proses deyil. Fakt ortadadır. Bunun sübutu üçün yalnız bir hadisə baş verməlidir – Ukrayna münaqişəsinə son qoyulmalıdır. İnandırım sizi, növbəti gün bütün problemlər həllini tapmağa başlayacaq. Belə bir jest əslində edildi. Yadınızdadırsa, “Normand formatında” baş tutan Minsk danışıqlarından bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinbəyanat verdi ki, Ukraynanın şərqində atəşkəs elan olunmalı, qan tökülməsi dayandırılmalıdı. Bu bəyanatın ertəsi günü, dünya bazarlarında neftin qiyməti birdən-birə 5 dollar qalxdı. Əslində bu “böyük gücün” Putinin bəyanatına cavabı idi. Neftin qiymətinin bir gün ərzində 5 dollar qalxması nadir hadisədir. Bunu heç kim izah etmir, demir, yazmır, ancaq bu həqiqətən də belədir. Böyük güc sanki dedi ki, siz (Rusiya - red.) kompromisə gedirsiniz, biz də sizin bu addımınıza necə cavab verə bilmək imkanlarımızı nümayiş etdiririk.

 

- Məzənnə siyasətinin dəyişilməsi iqtisadiyyatımıza hansı formada təsir edəcək?

 

- Biz bunu ilk növbədə Azərbaycanda kiçik və orta sahibkarlığın dirçəlişində görəcəyik. Elə böyük biznes də bundan kifayət qədər bəhrələnəcəkdir. Bu gün ölkə iqtisadiyyatının diversifikasiyasından tez-tez danışırıq. Mərkəzi Bankın bu addımı da ölkədə sahibkarlığın inkişafına xidmət etməlidir. Manatın müəyyən qədər yumşalması iş adamlarına imkan verəcək ki, öz bizneslərini böyüdüb, istehsalı artırsınlar və eyni zamanda istehsal olunan məhsulların maya dəyərini aşağı salıb onları daha rəqabətqabiliyyətli edə bilsinlər. Bu isə ixrac imkanlarının genişlənməsi demək olacaq. Nəticədə həm daxili və həm də xarici bazarlara daha çox məhsul çıxarılacaq. Bolluq isə həmişə qiymətlərin aşağı düşməsinə səbəb olur. Bolluq, və qiymətlərin aşağı düşməsi digər tərəfdən manatın yumşalmasının təzminatı hesab edilməlidir.

 

 

- Sizcə, sadə vətəndaş Elman Rüstəmovun “kəskin devalvasiya ağlımızdan belə keçmir” bəyanatına niyə inanmalıdır?

 

- Başlayaq ondan ki, kəskin devalvasiyanın aparılmasına heç bir iqtisadi əsas yoxdur. Mərkəzi Bank istəsəydi manatın kursunu saxlayardı, bunun üçün bütün imkanlar və rıçaqlar var. Amma burada əsas məqsəd iqtisadi artımı təmin etməkdən, iş adamlarına daha geniş imkanlar yaratmaqdan, eyni zamanda dünyada iqtisadi və maliyyə titrəyişlərinin baş verdiyi bir dövrdə məzənnə siyasətini daha çevik aparmaqdan ibarətdir. Buna görə, bir daha deyirəm ki, kəskin devalvasiyanın aparılmasına heç bir zərurət yoxdur.

 

 

- Valyutadəyişmə məntəqələrində dollara tələbatın artması bu valyutanın qıtlığına səbəb ola bilərmi?

 

- Qətiyyən. Fikirlərimi rəqəmlərlə izah edim. Sadə dillə desək, dünənə qədər dollar manat qarşısında zəifləyirdi. Gəlin son 10 ildəki vəziyyətə nəzər salaq. Bu dövr ərzində xarici valyutada banklarımızın verdiyi kreditlərin həcmi 5,6 dəfə artıb. Yaxşı, iş adamı bu valyutanı möhkəm saymırsa və ona inamı yoxdursa, niyə bu boyda artım baş verib? İndi isə xarici valyutada yerləşdirilən əmanətlərə nəzər salaq – burada artım 4 dəfədir. Həm kreditlərin və həm də əmanətlərin 80%-indən çoxu dollarladır. Sual olunur: bu valyuta zəiflədiyi bir dövrdə niyə görə kredit almaq istəyənlər və əmanətçilər ona üz tuturdu? Sizi inandırım ki, eyni proses manatın yumşalmağa başladığı zaman baş verəcək. Yumşalma o demək deyil ki, biz manatdan imtina etməliyik. Məndə olan məlumata görə Mərkəzi Bankın sədri banklara müvafiq göstəriş verib ki, əmanətlərini konvertasiya etmək istəyən şəxslərə heç bir maneə yaradılmasın. Mən yenicə Rusiyadan ezamiyyətdən qayıtmışam. Təsəvvür edin ki, rublun dəyərdən düşməsinə baxmayaraq, insanların əksəriyyəti əmanətini rublda saxlayırlar. Nəzərə alın ki, Rusiyanın milli valyutası 2 dəfədən çox dəyərdən düşüb. Bizdə isə hələ heç bir proses baş verməyə özünü çatdıra bilməyib ancaq mətbuat səhifələrində hay-küydən qulaq tutulur. Burada hələlik manatın məzənnəsinin müəyyənləşdirilməsinin metodologiyasının dəyişməsindən danışa bilərik. Çünkü səbətdə avronun bu günkü xüsusı çəkisi çox cüzüdür.

 

- Fikrət müəllim, manatın məzənnəsi ilə bağlı sizin proqnozunuzu eşitmək maraqlı olardı.

 

- Bu yaxınlara qədər 1 avro 1 manat səviyyəsində olub. Bu həddə qalması daha arzuolunandır. Çünki Avrozona ölkələri bizim əsas iqtisadi-ticari tərəfdaşlarımızdandır. Bilirsiniz ki, bununla bağlı ölkə başçısı da bu günlərdə öz məsləhətlərini vermişdi. Manatın il ərzində tədricən 5-7% yumşalması sahibkarlığın inkişafına ciddi təkan verəcək. Əvvəldə dediyimiz kimi nəticəsində ölkədə mal bolluğu yaranacaq və eyni zamanda həmin malların maya dəyərinin aşağı düşməsi  baş verəcək. Bu isə son nəticədə manatın yumşalmasından əhalinin “itirdiklərinin” daha çox ona qaytarılması demək olacaq. Bir sözlə bu addımdan hər tərəf - həm insanlar və həm də dövlət bəhrələnə biləcək.

 

- Əhalinin həssaslıqla yanaşdığı məsələlərdən biri də əmanətlərdir. Bildiyimiz kimi, məcmu əmanətlərin 60%-ə yaxını manatla, 40%-i isə xarici valyutada yerləşdirilib. Lakin məzənnə siyasətinin dəyişdirilməsindən sonra dollarla əmanət yatırmaq istəyənlərin sayı sanki artmaqdadır. Mövcud durumda əhali nə etməlidir?

 

- Şəxsən mən öz əmanətimi manatda saxlayıram. Səbəbini izah edim. Avronun durumu göz önündədir. Avropa Mərkəzi Bankı Avrozonanın rəsmi valyutasını yumşaltmaq istiqamətində müəyyən addımlar atmağa başlayıb və bu prosesin harada dayandırılacağı hələ heç kəsə bəlli deyil. Bank lazımi nəticələr əldə olunana qədər, tənzimləyici addımların davam edəcəyini bəyan edib. Belə olan halda kim avronun taleyinin necə olacağı ilə bağlı təminat verə bilər? Heç kim!

 

ABŞ iqtisadiyyatı nə qədər böyük olsa da, onun xarici dövlət borcu onun ÜDM-dən çoxdur. Bu, çox ciddi məsələdir. Təsəvvür edin ki, ABŞ-ın bir neçə trilyon dollarlıq qısamüddətli xəzinə öhdəlikləri Yaponiya və Çinə məxsusdur. Kimsə təminat verə bilərmi ki, sabah Çin bu məbləğin 1 trilyon dollarını bazara çıxarmayacaq? ABŞ tərəfindən Çin hökumətinə yuaninin kursunun tənzimlənməsinə müdaxilə etməmək barədə olunan tələblərə Çinin yüksək rütbəli rəsmilərindən biri ötən illərdə təxminən belə bir bəyanatla cavab vermişdi: “Bizim daxili işlərimizə müdaxilə etməyin. Unutmayın ki, əlimizdə sizin 1 trilyon dollara yaxın xəzinə ohdəlikləriniz var (hazırda bu rəqəm 1,3 trilyon dollara yaxındır) və lazım bilsək biz onların hamısını bazara çıxara bilərik.” Təsəvvür edirsinizmi ki, belə bir addım atılsa dolların məzənnəsi ilə nə baş verə bilər? Dünyada baş verən müəyyən siyasi kontekstlər fonunda dollara inam o qədər də böyük deyil. Nəzərə alın ki, bizim xarici dövlət borcumuz ÜDM-in 8%-ni təşkil edir.

Bütün bunları bilə bilə mən nəyə görə 5-7% civarında yumşalması ehtimal olunan manatı taleyi şübhələrlə dolu valyutalara dəyişməliyəm?

 

- Sizcə məzənnə siyasətinin dəyişməsi büdcə proqnozlarının icrasına təsir edə bilərmi?

 

- İnanmıram ki, bu cür problemlə üzləşək. Bu yalınız manatın Rusiya rublu kimi, 2 dəfədən çox dəyərdən düşdüyü zaman baş verə bilər. Bizdə isə manatın ucuzlaşması hiss olunmayacaq səviyyədə olacaq.

 

- Fikrət müəllim, siz bilavasitə dövlət büdcəsinin hazırlanması ilə məşğul olmusunuz. Siz neftin sürətlə ucuzlaşdığı bir vaxta dövlət büdcəsində neftin baza qiymətinin 90 dollardan götürülməsini doğru addım sayırsınızmı?

 

- Əvvəla onu deyim ki, büdcə üzərində işlənəndə bir neçə variantlar nəzərdən keçirilir. Büdcə layihəsi ən azı 3-4 variantda hazırlanır. Bütün variantlar nəzərdən keçirildikdən sonra, ən real variant təsdiq olunmaq üçün təqdim edilir. Sizinlə razıyam ki, büdcə təsdiqlənən zaman neftin qiyməti sürətlə aşağı düşürdü. Burada əsas kimi bir məqam götürülüb. Bu da ondan ibarətdir ki, neftin ucuzlaşmasının iqtisadi əsasları yoxdur, bu, daha çox siyasi məslədir. Nə üçün biz hər hansı siyasi intriqalara görə, illərdir əldə etdiyimiz iqtisadi artımımızı saxlamalıyıq? Yalnız neftin qiyməti 50 dollardan aşağı düşdüyü halda, bu məsələyə yenidən baxmaq olar. Hazırda isə belə bir hal yoxdur.

 

- Neftin qiymətindən söz düşmüşkən, bununla bağlı sizin proqnozunu bilmək olarmı?

 

- Hesab edirəm ki, bu ilin ikinci yarısından neftin qiyməti əvvəlki səviyyəyə qayıtmağa başlayacaq. Ancaq bu da daha çox Rusiya Ukrayna konfliktinin necə həll ediləcəyindən asılı olacaq.

 

- 1 barellə görə 100 dollar?

 

- Bəli. Mənim proqnozumdur, dəfələrlə bunu demişəm. Rusiya-Ukrayna münaqişəsi bu ilin ortalarına qədər öz həllini real olaraq taparsa ilin sonuna qədər neftin qiyməti 100-110 dollara çata bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR