"Qarabağ" "Barselona"ya çatdı

"Qarabağ" "Barselona"ya çatdı
11:17 20 Fevral 2015
65 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın müxtəlif çempionatlarında ardıcıl qələbə qazanan klubların siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan təmsilçisi də var. Topaz Premyer Liqasının son 6 qarşılaşmasında rəqiblərinə xal verməyən “Qarabağ” 9-cu pillənin şəriklərindəndir.
  
Belə ki, Azərbaycan çempionu İsrailin “Bney Yehuda” və İspaniya nəhəngi “Barselona” ilə eyni göstəriciyə malikdir. Həmin klublar da son 6 çempionat matçında xal itirməyiblər.
  
“Qarabağ” “Barselona”ya XXIII turun “Neftçi” ilə görüşündəki qələbə sayəsində çatıb. Ardıcıl 3-cü dəfə Reynaldonun qolu ilə 1:0 hesabına sevinən Ağdam təmsilçisi AZAL və “Simurq”un ardından “ağ-qaralar”ı da xalsız qoyub.
  
Bu qələbələrədək isə Qurban Qurbanovun yetirmələri “Xəzər Lənkəran”ı 3:2, “Sumqayıt”ı 2:0, “Bakı”nı 4:1 hesabı ilə məğlub etmişdilər. Ağdamlılar sonuncu dəfə ötən il dekabrın 14-də “Qəbələ” ilə matçda xal itiriblər – 1:2.
  
Qələbə seriyası müddətində “Qarabağ” 12 top vurub, üçünü buraxıb. Müqayisə üçün barselonalılar 6 qələbə üçün 26 qol vursalar da, 5 dəfə məyus olub. Kataloniyalılar yanvarın 4-də “Real Sosyedad”a 0:1 hesabı ilə uduzandan sonra seriyaya start veriblər.
  
Bundan sonra “Atletiko”nu 3:1, “Deportivo”nu 4:0, “Elçe”ni 6:0, “Vilyarreal”ı 3:2, “Atletik”i 5:2 hesabı ilə məğlub edən Luis Enrikenin yetirmələrinin son qurbanı “Levante” olub – 5:0.
 
Hazırda rekord “Paxtakor”a məxsusdur. Daşkənd təmsilçisi Özbəkistan çempionatının son 16 oyununda qələbə qazanıb. 2-ci olan PSV Hollandiyada 10 matçdır, xal itirmir. “Qarabağ”ı qabaqlayan digər 5 komandanın seriyası isə 7 qələbədən ibarətdir. Bunlar Türkmənistanın “Axal”, Rusiyanın “Kamaz”, Şotlandiyanın “Seltik”, İspaniyanın “Kadis” və Yaponiyanın “Kaşiva” klublarıdır.
 
Qeyd edək ki, “Qarabağ”ın seriyası həm də Premyer Liqada mövsümün rekordudur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR