Azərbaycan Prezidentinin rəhbərliyi ilə xalqımız daha böyük qələbələr qazanacaq

Azərbaycan Prezidentinin rəhbərliyi ilə xalqımız daha böyük qələbələr qazanacaq
00:13 6 Aprel 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

A+
A

Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordular ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
Bu fikirlər aprelin 5-də Pirallahı rayonunda “Şəhidlər ölməz, Vətən bölünməz! Hər şey Vətən üçün!” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirərək, ordu quruculuğu sahəsində səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub. O, Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının etdiyi çıxışdan sitatlar gətirib.
Milli Məclisin deputatı Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "N" hərbi hissəsinin komandiri Elçin Kərəmov, Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü Səməd Əhmədov, şəhid Sarvan Mehralıyevin sinif yoldaşı Murad Xəlilov, YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov çıxış edərək Azərbaycan ordusunun qüdrətindən danışıblar. Bildirilib ki, qəhrəman əsgərimizin döyüş ruhunu artıq heç bir mənfur düşmən qıra bilməz. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra da yeni-yeni qələbələrə nail olacaq.
Məktəblilərin ifa etdiyi vətənpərvərlik şeirləri, hazırladıqları bədii kompozisiyalar tədbirin qələbəyə köklənmiş ruhuna xüsusi rövnəq qatıb. Hərbi orkestrin ifasında "Azərbaycan əsgəri" marşının sədaları altında əsgərlərimizin nizami keçidini bütün iştirakçılar ayaq üstə alqışlarla qarşılayıblar.
Sonda tədbir iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.
AZERTAG.AZ :Azərbaycan Prezidentinin rəhbərliyi ilə xalqımız daha böyük qələbələr qazanacaq


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Prezidentinin_rehberliyi_ile_xalqimiz_daha_boyuk_qelebeler_qazanacaq-940522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR