Bakıda “Sağlam ailə, sağlam cəmiyyət - güclü dövlət” adlı konfrans keçirilib

12:32 20 Fevral 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 12:26 ]


Bakı. Fərid Mirzəyev - APA. Bu gün Bakıda “Sağlam ailə, sağlam cəmiyyət – güclü dövlət” adlı konfrans keçirilib.

 

APA-nın məlumatına görə, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclisin Sosial siyasət komitəsi, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidməti, “Sağlam Ailə” Tibb Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə baş tutub.


Konfransı giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ötən il Ailə Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində nikahdan əvvəl tibbi arayışın qanuniləşməsinin cəmiyyətə öz töhfəsini verəcəyini bildirib: “Hər il Azərbaycanda boşanmaların 60, hətta deyərdim 70 faizi ailələrdə uşağın olmamağına görə baş verir. Hər il Azərbaycanda 300-ə yaxın talassemiyalı uşaq doğulur. Hesab edirəm ki, Ailə Məcəlləsinə edilmiş dəyişikliyin bu problemlərin aradan qalxmasında çox böyük rolu olacaq. Gəlin, beynəlxalq təcrübəyə baxaq. Səhv etmirəmsə, ötən əsrin 50-ci illərində Yunanıstanda nikahdan əvvəl tibbi arayışın qanuniləşməsi ilə talassemiya xəstəliyinin qarşısı alınıb”.


Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bu dəyişikliyi cəmiyyətin tələb etdiyini qeyd edib: “Bu qanun 15 il müzakirə olundu. 2001-ci ildə bu qanun müzakirəyə çıxarılan zaman bəziləri dedi ki, bu insan hüquqlarına ziddir. Bəziləri dedi ki, bu milli-mənəvi dəyərlərimizə ziddir. Amma zaman keçdikcə, müəyyən maarifləndirmə işləri aparıldıqdan sonra nəinki deputatlar, hətta cəmiyyət özü bunu istədi. Azərbaycanda ildən-ilə xəstə doğulan uşaqların sayı artır. Bu gün Azərbaycanda 2000-dən çox hemofiliyalı, 2500-dən çox isə talassemiyalı uşaq var. Bu gün ölkədə 5000-dən çox insan ruhi dispanserdə müşahidəyə götürülür. Bütün bunların hamısı xəstə insanların evlənməsi nəticəsində baş verir. Bu halların qarşısını almaq üçün belə bir qanuna ehtiyac var idi. Bu qanun hələ 1930-cu ildə Türkiyədə qəbul olunub. Aynur xanım da Yunanıstanı qeyd etdi. Bu qanunla Yunanıstanda talassemiyanı sıfıra endiriblər. Nikaha daxil olmaq istəyən şəxslər qeydiyyatdan bir ay öncə dövlət səhiyyə müəssisəsində müəyyən olunmuş xəstəliklər üzrə müayinədən keçəcəklər. Səhiyyə müəssisəsinin rəhbəri onları qəbul edəcək və onlara arayış veriləcək. Xəstədirsə xəstə, sağlamdırsa sağlam, hər hansı bir xəstəlik daşıyıcısıdırsa bu qeyd olunacaq və Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatına arayış veriləcək. Belə bir arayış olmayacaqsa, onların nikahı dövlət qeydiyyatına alınmayacaq. Bununla vətəndaş nikahının artacağını deyənlər var. Amma bu qadağa olmasa, qanunun işləməsi çətin olacaqdı”.

Daha sonra konfransda sözügedən mövzu ətrafında millət vəkilləri Kamilə Əliyeva, Sahibə Qafarova, o cümlədən təşkilatçı qurumların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri çıxış ediblər.


Qeyd edək ki, konfrans Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 17 oktyabr 2014-cü il tarixli 1080-İVQD nömrəli Azərbaycan Respublikası Qanununun təbliği məqsədi ilə həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR