BANM “Baker Hughes” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladı

BANM “Baker Hughes” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladı
12:54 20 Fevral 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

 

Bakı Ali Neft Məktəbi (BANM) və “Baker Hughes” (Baker Hughes Services İnternational INC.) şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi keçirilib.

 

Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını vurğulayan BANM-in rektoru Elmar Qasımov bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-ın fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu bildirib. Rektor həmçinin ali məktəbin yaranma tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlıq haqqında  ətraflı məlumat verib. Rektor BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğulayıb. Bundan başqa, hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını deyib.

 

“Baker Hughes” şirkətinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri Roy Vaudvayk təmsil etdiyi beynəlxalq şirkət haqqında ətraflı məlumat verib. O, Şimali Amerika, Latın Amerikası, Avropa, Asiya, Afrika, Yaxın Şərq, Rusiya, Xəzər, və Sakit okean hövzəsi regionlarında 80-dən artıq ölkədə fəaliyyət göstərən “Baker Hughes” şirkətinin 61 000-dən artıq işçisi olduğunu qeyd edib. Şirkətin beynəlxalq neft və təbii qaz istehsalı sektorunda müxtəlif xidmətlər, məhsullar, texnologiyalar və sistemlər təklif etdiyini dedi. Həmçinin “Baker Hughes” şirkətinin qazma, quyuların texniki parametrlərinin qiymətləndirilməsi, quyuların tamamlanması, sualtı qurğuların, neft və qazın emalı texnologiyaları, kənd təsərrüfatında istifadə olunan kimyəvi məhsulların istehsalı üzrə ixtisaslaşdığını qeyd edən R.Vaudvayk təmsil etdiyi şirkətlə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə bu istiqamətlər üzrə BANM-dəki neft-qaz və kimya mühəndislərinin hazırlığında öz müsbət təsirini tapacağını bildirib. O, nüfuzlu ali məktəblə əməkdaşlığın təmsil etdiyi şirkət üçün qürurverici olduğunu deyib. R.Vaudvayk bu gün imzalanan müqavilənin gələcəkdə BANM məzunları üçün çox böyük imkanlar yaradacağını vurğulayıb.

 

Sonra BANM ilə “Baker Hughes” şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Qeyd edək ki, müqavilədə BANM-də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, BANM-in tədris prosesində istifadə üçün proqram təminatı ilə təchiz edilməsi, fərqlə­nən­ tələbələrə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşmış tədris laboratoriyasının yaradıl­ması, şirkətin mütəxəssislərinin BANM-də fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması,  2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin, kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər klubunun və dərnəklər”in işinə maddi yardım göstərilməsi və digər müddəalar öz əksini tapıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR