Laçından Amasiyaya: Müəddəs Seyidin SİRRİ

Laçından Amasiyaya: Müəddəs Seyidin SİRRİ
13:04 20 Fevral 2015
214 Sosial
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə İsmayıl Şirvaninin yanında yaşadı, oradan Məkkəyə, oradan da Qüdsə səfər etdi, amma yenə Azərbaycana qayıtdı

Uşaq vaxtlarımda valideynlərim yay tətillərini hər dəfə müxtəlif bölgələrdə keçirməyimizi planlaşdırardılar. Bu bölgələr sırasında ata-ana yurdum Qazax da olurdu. Və hər dəfə məhz Qazağa gedişimiz mənimçün toy-bayrama çevrilirdi.

Qazax təəssüratlarım bol idi: lil sulu ana Kür, Qarayazı meşəsi, Göy türbə, aşıq musiqisi, “ağrın alem” ilə başlayan şirin ləhcə, qurutlu xəngəl... Və bir də yaşlı qadınların, o cümlədən də Zeynəb nənəmin yanaşı oturaraq ağı deyirmiş kimi yanıqlı səslə “meyxana” oxumaları. Axırda da ucadan üç kərə “Allah, Allah, Allah” deyib əllərini göyə açmaları. Bu dini ritual zamanı söylənən misralar hafizəmə də yazılmışdı:

 

Eşqin kanı Qarabağdır məkanım,

Bülbülü-şeydayam, cənnət yerimdir.

Əzəl başdan qaraqaşdır bostanım,

İndi gülüstanım Qara pirimdir.

Ələmi yandıran gör nə çağımdır,

Sinəmə çəkilən qara dağımdır,

Qara bağrım qanlı Qarabağımdır...

 

İllər keçəndən sonra bildim ki, nənəmgilin ifa etdikləri dini ritual İslamın nəqşibəndilik təriqətinin zikr məclislərinə aiddir, şeirlərin müəllifi isə  sufi şairi Mir Həmzə Seyid Nigari Qarabağidir.

Və daha sonralar onu da öyrəndim ki, təkkə-təsəvvür ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxi olan Mir Həmzə Seyid Nigari Qarabaği İslam dünyasında böyük nüfuzlu və ali yeri olan şəxsiyyətlərdən imiş. Və hər dəfə Qazağa gedəndə mütləq baş çəkdiyimiz müqəddəs Göy türbədə uyuyan, anam tərəfdən bizə qohumluğu çatan Hacı Mahmud Əfəndi isə Seyid Nigarinin seçkin xəlifələrindən biriymiş...

 

                                  *      *     *

 

Mir Həmzə Seyid Nigari Qarabaği (1805 - 1885) indiki Laçın ərazisində, Cicimli kəndində dünyaya gəlmişdi, Türkiyədə – Amasiya bölgəsində torpağa tapşırılmışdı.

İlk təhsilini Qarabağda alan bu Qarapapaq türkü, davamlı elm almaq üçün sonradan Şəkinin Dəhnə kəndinə güzar etmiş, orada dövrün alimlərindən dərs götürmüşdü. Uşaq ikən öz biliyi, ağlı, sinədəftərliyi ilə hamını təəccübləndirmiş Mir Həmzə. Hətta 9 yaşında yuxuda gözəl qiyafəli bir qıza aşiq da olubmuş. Təəccüblüdür ki, həyatda da Nigar adlı həmin qız onun qarşısına çıxıbmış. Və Mir Həmzə Nigarın eşqinə şeirlər yazmış,  “Nigari” təxəllüsünü götürübmüş...

 

Şəkidə təhsil aldıqdan sonra o, özünə kamil mürşid axtarmaq üçün Bağdada – Mövlanə Xalid Bağdadinin yanına yollanır. Amma elə yoldaca Mövlanənin vəfat etdiyini eşidib geri dönür. Və yuxusunda ona əyan olur ki, gedib kürdəmirli İsmayıl Siracəddin Şirvaniyə mürid olsun. Həmin dönəmdə Azərbaycan çar Rusiyasının işğal altında idi. Çarizm tərəfindən dini təəssübkeşliyinə və böyük nüfuzuna görə Sibirə sürgün edilmiş İsmayıl Şirvani sürgündən qaçaraq Amasiyada yaşayırdı.

 

 

Seyid Nigari 20 il İsmayıl Şirvaninin yanında yaşadı, ondan təriqət tərbiyəsi, dini təhsil aldı. 20-ci ilin tamamında icazə alıb Konyaya – Cəlaləddin Ruminin türbəsinə, oradan Məkkəyə və Mədinəyə, oradan da Qüds və Şama səfər etdi, ziyarətindən sonra İsmayıl Şirvanidən xilafətnamə alıb Azərbaycana qayıtdı. Təkyə qurub, ətrafına mürid toplayıb onları təsəvvüf yoluna yönləndirdi. Türkiyədə, Azərbaycanda, Gürcüstanda, Dağıstanda və Qərbi Azərbaycanda onun çox sayda mürid və xəlifələri peyda oldu.

 

Seyid Nigari tanınmış din xadimi, alim, şair olmaqla yanaşı, həm də alovlu vətənpərvər idi. İslamı parçalamağa çalışan süni-şiə məsələsi gündəmə gələndə Seyid Nigari Qazax mahalına gəldi. Xeyli insanı irşad etdi, onları mənəvi saflığa, ilahi həqiqətlərə səslədi.

Uca boylu, mülayim, xoşsima insan sanki ətrafındakıları öz sirri-sehri ilə ovsunlayırdı. Hamı hərəkətsiz, sükut içində saatlarla onu dinləyirmiş. Çox rəvan, səlis nitqi var idi. Ona heyran olanlardan biri də sonralar ən yaxın məsləkdaşına çevriləcək Hacı Mahmud Əfəndi idi. Tale onların yollarını birləşdirmişdi ki, onlar birlikdə haqq yolunu tutsunlar, Allah ziyasına, Allah nuruna doğru yüzləri, minləri birlikdə səfərbər etsinlər...

 

Hadisələrin sonrakı axarı özünü çox gözlətmir: Krım müharibəsi zamanı Osmanlı ordusunda ruslara qarşı vuruşan Seyid Nigari çarizmin amansız təqibi ilə üzləşib yenidən Türkiyəyə qayıtmalı olur. Qars – Ərzurum – İstanbul həyatından sonra yenidən Amasiyada yurd qurur. Seyid Nigari Amasiyada o qədər nüfuz, tərəfdar toplayır ki, bu dəfə artıq Türkiyənin hakim dairələri ondan qorxurlar, onu Harputa sürgün edirlər. 1885-ci ilin iyulunda – dəhşətli dərəcədə isti bir gündə Seyid Nigari dünyasını dəyişir. Vəsiyyəti o olur ki, nəşini aparıb Amasiyada dəfn eləsinlər. Elə də olur, müridləri nəşini götürüb Amasiyaya yollanırlar. Övliyalıq əlaməti burada da özünü göstərir. Nəş istidə günlərlə yol qət etsə də xarab olmur, Amasiyada torpağa tapşırılır...

 

Ey Nigari, ömrün erişdi payə,

Salmadı başıma ol sərvi sayə.

Can qurban eylərəm peyki səbayə,

Xəbər versə, bir gün ol Qarabağdan.

 

Mir Həmzə Seyid Nigari Qarabaği dünyadan köçür, ancaq ondan Divanı, “Çaynamə” və “Nigarnamə” adlı məsnəvilər topluları, qəzəlləri yadigar qalır, yüz il sonra belə zikr məclislərində bunları ilahilər şəklində Seyid Nigarinin davamçıları oxuyur. Seyid Nigarinin şeirlərində sevgi-məhəbbət, insani keyfiyyətlər təbliğ olunur, amma bununla belə, onun əsas mövzusu Qarabağ olur. Odu-alovu bir an da səngiməyən, başı daim qeylü-qalda olan Qarabağ.

 

Seyid Nigaridən bir də nəqşibəndilik təriqətinin yüzlərlə müridləri yadigar qalır. Bu davamçıların biri də Hacı Mahmud Əfəndi idi...

 

                                       *      *     *

 

Hacı Mahmud Əfəndi 1835-ci ildə Qazağın Aslanbəyli kəndində anadan olmuşdu. Kiçik yaşlarında ikən atası Veysi itirmişdi. Onun soykökü Peyğəmbərin dostu Veys əl-Qarani həzrətlərinə gedib çıxırmış. Təhsilini bir müddət Azərbaycanda aldıqdan sonra Osmanlıda – Amasiya şəhərində, Seyid Nigarinin yanında tamamlamış, onun xəlifələrindən olmuşdu.

O, Nəqşibəndi silsiləsində – altun silsilədə 33-cü şeyxdir. Seyid Nigarinin Hacı Mahmud Əfəndi sayəsində müridlərinin sayı-hesabı Borçalı, Qarabağ və Qazax bölgələrindən xeyli artmışdı.

Hacı Mahmud Əfəndi çox sevilirmiş, insanlara maddi və mənəvi köməklik göstərirmiş. O da müəllimi kimi vətəninin, xalqının və dininin təəssübkeşi idi. Dağıstanda rus işğalına qarşı Şeyx Şamil başda olmaqla müridizm hərəkatı başlayanda Hacı Mahmud Əfəndi düşünmədən bu hərəkata köməklik edir. Axı onun mürşüdü olan Seyid Nigari kimi Şeyx Şamil də İsmayıl Şirvanidən dərs almışdı.

 

Çar Rusiyası 2 dəfə onu həbs edir. Amma həbs müddəti bitdikdən sonra da Hacı Mahmud Əfəndi öz missiyasını davam etdirir.

Amasiyadakı Seyid Nigarinin qəbrinin üstündə türbə və məscidi də Azərbaycandan toplanan mürid yardımlarıyla Hacı Əfəndi ucaltdırıb.

1896-cı ildə bu əməli-saleh insan dünyasını dəyişib. Onu doğulduğu Aslanbəyli kəndində, vəsiyyətinə uyğun olaraq yaxın dostu Seyid Yasin Xocanın yanında dəfn ediblər.

 

                                          *     *     *

 

Aslanbəyli kəndində indi iki müqəddəs ünvan var. Biri Hacı Mahmud Əfəndinin müridlərinin toplantı və zikr məclisləri keçirdikləri, bir hissəsi də məsciddən ibarət olan yaşayış evidir. Digəri isə onun dəfn edildiyi, el arasında “Göy türbə” deyilən qəbir evi.

Qeyd etmişdim, uşaqlıqdan “Göy türbə” öz sirri-sehri ilə məni daim çəkib. İçəri girdikdən sonra oradan arxa-arxaya çıxmaq adəti, içərinin insan ruhunu oyadan paklığını duymaq hissi, üstəlik, bu müqəddəs ocaq barədə eşitdiklərim (Bolşeviklər gələndə kənd camaatına türbəni uçurmağı tapşırırlar, heç kəs bu işə qol qoymayanda partiya komitəsinin yerli katibi bu missiyanı öz üzərinə götürür, dərhal da onu iflic vurur, ağzı əyilir) həmişə məndə bu ocağın təkrarsız, qeyri-adi bir məkan olması təəssüratını yaradıb.

 

Hacı Mahmud Əfəndi Məscidi Dini İcmasının sədri Asif Seyidov budəfəki gedişimdə məni Əfəndinin indi muzey kimi fəaliyyət göstərən evi ilə yaxından tanış edərkən olduqca maraqlandırdı.

Ətrafı boyu taxtalar düzülmüş mövlud dövründə zikr və söhbətlər keçirilən otaqdakı bir guşəni göstərdi. Burada müridlər dəstəmaz alırlarmış, su ortadakı nahiyədən axıb gedirmiş. Demək, hələ həmin dövrdə burada kanalizasiya sistemi var imiş. Başqa bir guşədə ortada samovar qoyulurmuş, müridlərə buradan çay paylanırmış və guşənin quruluşu samovarın daim isti qalmasını təmin edirmiş. Həyətdəki cilalanmamış nəhəng sal daşdan düzəlmiş və suyu buz kimi saxlayan su daşı da heyrətamizdir. Bu möcüzəli tikilinin firnisi – çörək bişirilən guşəsi də fərqli və özəl imiş. Eyniölçülü kündələrdən qıpqırmızı, dadlı çörəklər bişirilirmiş...

 

Asif Seyidov mənə Hacı Mahmud Əfəndinin cübbəsini, Kəbə örtüyünü, fəsini, məsini də göstərdi. Möcüzədir, deyilmi, yüz ildən çox vaxt keçsə də bu libaslar Hacı Mahmud Əfəndinin vurduğu ətrin qoxusunu saxlamaqda davam edir.

Asif Seyidov bildirdi ki, bu qiymətli əşyaları onlara Türkiyənin Hacettepe Universitetinin professoru, Hacı Mahmud Əfəndinin nəslinin nümayəndəsi Mehmet Baha Karan hədiyyə edib. İllərlə qoruyub saxladıqdan sonra bu əşyaları muzeyə təhvil verib ki, bu müqəddəs ocağa üz tutanlar da bunları görə bilsinlər...

Asif Seyidov Hacı Mahmud Əfəndi ilə bağlı bir əhvalat da danışdı. Çar rejimi onu Qazağın Şəkərin qalasında həbsə atarkən dustaqxana keşikçiləri ilk gündə bu mömin bəndəni dəstəmaz alıb namaz qılmağa buraxmırlar. Amma hər namaz vaxtı gələndə ağır dəmir qapılar öz-özünə açılır, Hacı Mahmud Əfəndi də gedib dəstəmazını alıb namazını qılır...

 

                                       *     *    *

 

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.

 

Dillər əzbəri olan bu misralar da Seyid Nigarinin qələmindən çıxıb.

İndi Amasiyadan üzübəri, ta ki İncə dərəsinədək iki ruh dolaşmaqdadır. Qarabağın darda olması səbəbindən, onlar yəqin ki, çox nigaran və narahatdırlar...

 

Varis


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR