Vüqar Əliyev: Ermənilərin azərbaycanlı girovlara verdiyi işgəncələr faşist düşərgələrindəki işgəncələrə bənzəyir

Vüqar Əliyev: Ermənilərin azərbaycanlı girovlara verdiyi işgəncələr faşist düşərgələrindəki işgəncələrə bənzəyir
13:43 20 Fevral 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Elçin Mehdiyev/

“Ermənilərin azərbaycanlı girovlara verdiyi işgəncələr İkinci Dünya müharibəsində faşist düşərgələrində verilən işgəncələrə bənzəyir”. Trend-in məlumatına görə, bunu bu gün Lent.az informasiya agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilmiş “Cəhənnəmdə böyük çığırtı” adlı kitabın təqdimat mərasimində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib.

Onun sözlərinə görə, çox təəssüf ki, bu işgəncələri verən insanlar nəinki məsuliyyətə cəlb olunub, hətta Ermənistan rəhbərliyində təmsil olunurlar: “Biz Dağlıq Qarabağ münaqişəsi ilə analoq təşkil edən münaqişələrə necə münasibət bəsləndiyini görürük. Keçmiş Yuqoslaviya, o cümlədən hazırda Ukrayna hadisələri buna misaldır. Təəssüf ki, BMT-nin məlum 4 qətnaməsi, Avropa İttifaqının, Avropa Şurasının qərar və qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatının qərarlarına baxmayaraq, ikili standartlar hökm sürür. Dağlıq Qarabağ münaqişəsi kimi münaqişələr katalizator rolunu oynayır”.

V.Əliyev vurğulayıb ki, bu münaqişələr həll olunmadıqca kütləvi qətllər davam edəcək. Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan diplomatiyasının apardığı iş sayəsində müəyyən nailiyyətlər əldə olunub: “Bunlardan ən əsası odur ki, bu gün dünya ictimaiyyəti Ermənistanı təcavüzkar dövlət kimi tanıyır. Erməni lobbisi əvvəlki dövrlərdə olduğu kimi informasiya vakuumu yaradıb həqiqətləri gizlədə bilmir”.

PA rəsmisi əlavə edib ki, Ermənistan münaqişənin həlli istiqamətində əldə olunmuş razılıqları bloklamağa çalışır: “2014-cü ilin noyabrında Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əsir və girovların axtarışları ilə bağlı razılıq əldə olunub. Bu, Qırmızı Xaç Komitəsi və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq mexanizminin qurulması ilə bağlıdır. Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışsa da, Ermənistan üzərinə düşən vəzifəni yerinə yetirmir”.

Onun sözlərinə görə, bu da Ermənistanın niyyətini ifşa edən növbəti faktdır: “Cəhənnəmdə böyük çığırtı” kitabı Dağlıq Qarabağ münaqişəsi, münaqişə zamanı törədilən qəddarlığın dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir. Kitabın Xocalı soyqırımı ərəfəsində işıq üzü görməsi də əlamətdar haldır. Münaqişə zamanı əsir və girov azərbaycanlıların sayı 4 mindən artıqdır. Həmin şəxslərdən 550 nəfəri qətlə yetirildiyi, işgəncələrdən öldüyü barədə məlumat var. Ümumilikdə 1400 nəfər isə əsir və girovluqdan azad edilib. Bu insanların taleyi, əsir və girovların üzləşdikləri işgəncələr “Cəhənnəmdə böyük çığırtı” kitabında həmin şəxslərin öz dilindən təqdim olunur. Bu kitabı oxumaq, o insanların yaşadıqları faciə ilə yaxından tanış olmaq mənim üçün çox çətindir”.

V.Əliyev “Cəhənnəmdə böyük çığırtı” kitabını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm bir addım kimi qiymətləndirib: “Bu kitab xarici dillərə tərcümə olunmalı, yayılmalıdır. Ümid edirəm ki, “APA Holdinq” və Azərbaycanın digər aparıcı orqanları bu istiqamətdə işlərini davam etdirəcəklər”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2366432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR