"Keyxanım" müəllimini əvəz edəcək

"Keyxanım" müəllimini əvəz edəcək
14:47 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Böyük tamaşaçı auditoriyasının “Keyxanım” kimi tanıdığı aktrisa Ülviyyə Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrına yenidən qayıdandan sonra ilk dəfə baş rolda çıxış edəcək.

ATVxəbər.az məlumat verir ki,  söhbət F.Sücəddinov və T.Vəliyevanın 22 fevral saat 19:00-da nümayiş olunacaq “Mən dəyərəm min cavana” tamaşasındakı Güldəstə obrazından gedir.
 
“Bildiyiniz kimi, uzun müddət teatrdan aralı düşmüşdüm. Hiss edəndə ki, səhnəsiz yaşaya bilmirəm, Musiqili Teatrın direktoru Əliqismət Lalayevə teatra qayıtmağımla bağlı müraciət etdim. Sağ olsun ki, Əliqismət müəllim xahişimi qəbul etdi. Mənə qədər “Mən dəyərəm min cavana” tamaşasında Güldəstə obrazını xalq artisti Afaq Bəşirqızı canlandırıb. Afaq xanım mənim müəllimim olub. Sənətin incəliklərini ondan öyrənmişəm. Həmişə bu obrazı onun ifasında heyranlıqla izləmişdim. Əliqismət müəllim bu rolu mənə təklif edəndə əvvəl çox tərəddüd etdim. Düşündüm ki, Afaq xanımdan sonra bu obrazın öhdəsindən gələ bilərəmmi? Onun oynadığı rolu oynamaq ikiqat məsuliyyətdir. Amma Afaq xanımın xeyir-duasından sonra özümə inamım yarandı. Hələ də həyəcanlıyam. Elə bilirəm ki, ayın 22-si ilk dəfə səhnəyə çıxacağam. Hər şeyə rəğmən çalışacağam ki, həm Afaq xanımın, həm də Əliqismət müəllimin etimadını doğruldam. Bu tamaşada tərəf-müqabilim daha bir xalq artisti İlham Namiq Kamaldır. Məni sevən hər kəsi tamaşaya baxmağa dəvət edirəm”, - deyə Ülviyyə Əliyeva bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/325728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR