QKDK və ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır (FOTO)

QKDK və ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır (FOTO)
15:18 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend/

19 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.

Dövlət Komitəsindən Trend-ə bu gün verilən məlumata görə, imzalanma mərasimini giriş sözü ilə açan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirdi ki, Universitetin təhsil proqramlarında nəzəriyyə və praktikanın birlikdə tətbiq edilməsinə üstünlük verilir. Bu baxımdan, ADA Universitetinin Biznes Məktəbi ölkənin hökumət və özəl iqtisadi qurumları ilə əməkdaşlıq etməklə, onları tədris prosesinə cəlb edir və birgə elmi və təlim layihələri həyata keçirir. Hazırda dörd məktəb (fakültə) üzrə müxtəlif sahələrdə bakalavr və magistr ali dərəcələri verən ADA Universiteti regional elm və təhsil ocağına çevrilməyi qarşısına məqsəd qoymuşdur. Bunu tədris prosesində müasir bilik və texnologiyaların tətbiqi, yerli kadrlarla yanaşı xarici kadrların cəlb edilməsi və beynəlmiləl mühitin yaradılması nəticəsində əldə etmək olar. QKDK ilə əməkdaşlıqdan ADA Universitetinin tələbə və müəllim heyətinin faydalanacağına şübhə etməyən cənab Paşayev, bununla bağlı öz məmnunluğunu bildirdi.

Daha sonra QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, o cümlədən ictimaiyyətin qiymətli kağızlar bazarı barədə maarifləndirilməsi, bu bazarın inkişafına dair elmi tədqiqatların aparılması, ali təhsil müəssisələrində qiymətli kağızlar bazarına dair biliklərin tədrisi üçün ADA Universiteti ilə əməkdaşlığın qurulmasını yüksək qiymətləndirdi.
Komitə sədri ADA Universiteti ilə maliyyə və qiymətli kağızlar bazarında elm və təhsil sahəsində əməkdaşlığın Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının məqsədlərinə tədbir iştirakçılarının diqqətini yönəltdi. R.Aslanlı kapital bazarlarının tədrisi sahəsində QKDK-nın ADA Universiteti ilə əməkdaşlığının tələbələrin qiymətli kağızlar bazarı sahəsində yüksək bilik və hazırlığının formalaşdırılmasında mühüm əhəmiyyət daşıdığını, komitənin nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən yerli qiymətli kağızlar bazarının spesifik xüsusiyyətlərini vurğulamaqla, kapital bazarlarına dair seminarların təşkil edilməsinin zəruriliyini qeyd etdi.

Sonra QKDK ilə ADA Universiteti arasında müştərək layihələrin planlaşdırılması, elmi-praktik konfransların və seminarların təşkil edilməsini nəzərdə tutan birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2366497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR